Heydər Əliyev Azərbaycan sahibkarlarının himayədarı idi

 

Azərbaycanın  dövlət müstəqilliyi təhlükə altında olanda, ölkə son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız ulu öndər Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə qayıdışını zəruri saydı.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur

Ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir".

Ulu öndərin müəyyən etdiyi sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin yüksəlişində xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görüldü, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də regionların tarazlı və davamlı inkişafının təmin edilməsi olmuşdur. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşuna münbit şərait yaratdı.

"Əsrin müqaviləsi" imzalandıqdan sonra ümummilli lider özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürmüş, onun həyata keçirilməsinə nail olmuşdur. Azərbaycanda bazar iqtisadiyyatının başlıca prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu  artmağa  başlamışdır.

1994-cü il dekabrın 10-da keçirilmiş "Aqrar islahat: problemlər və onların həlli yolları" mövzusunda beynəlxalq konfransda çıxış edən ümummilli lider demişdir: "...Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarətlə həyata keçirməliyik. Ən əsas prinsiplədən biri odur ki, gərək xalqımıza, xüsusən kasıb təbəqəyə, kəndlilərə, daim torpaqla bağlı adamlara zərər vurulmasın, əksinə, xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir".

Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzun müddətli vergi tətillərinin verilməsinə başlandı və bu proses hazırda da davam edir. Bu gün kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azaddırlar.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi aqrar bölmənin inkişafına təkan vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu.

Ümumiyyətlə, Heydər Əliyevin böyük müdriklik və iqtisadi hesablama əsasında müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə  iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

Müstəqilliyin ilk illərində ümummilli liderin rəhbərliyi altında bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi bank sistemində də libaral islahatlara başlandı. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl bank sisteminin institusional formalaşması təmin edildi. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində bank sistemi  genişlənməyə və özəl bankların sayı artmağa başladı.

Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən radikal islahatlar  nəticəsində bu sektorda dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, xarici bankların Azərbaycana marağı artmışdır.

Bunun bariz nümunəsi kimi Azərbaycanda ilk dəfə xarici kapitalın iştirakı ilə yaradılmış, 1995-ci ilin iyul ayında Heydər Əliyevin iştirakı ilə acılışı olmuş "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətini göstərmək olar ki, bu bank hər iki dövlətin iqtisadiyyatında  körpü rolunu oynayaraq, bu dövlətlərin iqtisadiyyatının inkişafında bu gün də yaxından iştirak edir.

Sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və digər xidmətlər göstərən strukturlar yaradılmışdır.

1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəlif ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır. Məhz görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə cevrilmişdir.

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafına dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. İlk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanı göstərmək olar.  Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət  mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi.

Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su iistifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalanmışdır.

Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişişikliklərin baş verməsinə səbəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir.

1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı əksini tapmışdır.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilmişdir. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Azərbaycanda iqtisadiyyatın lokomotivi sayılan sahibkarlara yüksək diqqət və qayğı, onlar üçün yaradılan şərait respublikanın milli inkişaf modelinin mahiyyətindən irəli gəlmişdir. Çünki yeni təsərrüfat münasibətlərinə keçidlə bağlı ilkin təcrübə göstərirdi ki, sahibkarlığın, özəl sektorun tərəqqisinə normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq mümkün deyildir. Bunları aydın görən ulu öndər Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas hədəflərindən biri də məhz sahibkarlığa hərtərəfli dəstək verilməsi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü ildəki 29 faizdən 2013-cü ilin sonuna 83 faizə yüksəlmişdir.

Daha bir mühüm addım ulu öndərin 30 aprel 2001-ci il tarixli fərmanı əsasında İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə sahibkarlığın inkişafına dövlət dəstəyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsi olmuşdur.

Sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 10 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.

Son illər kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, yerlərdə regional iqtisad məhkəmələrin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün yeni inkişaf dövrünü yaşayır, həyatımızın bütün sahələrində böyük nailiyyətlər qazanılır. Əhalinin yaşayış şəraiti, maddi rifah halı günbəgün yaxşılaşır. Heç şübhəsiz bütün bunların əsasında ümummilli lider Heydər Əliyevin yaxın və uzaq gələcəyə hesablanmış milli inkişaf strategiyası durur.

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. İctimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmış və bu uğurların qazanılmasında təbii ki, sahibkarların rolu danılmazdır.

Bu gün ulu öndərin ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı inamla gələcəyə doğru aparır. Belə ki, 2003-2013-cü illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 5 dəfədən çox, orta aylıq əməkhaqqı 6 dəfədən çox, əhalinin gəlirləri 7 dəfəyədək, minimum pensiyanın məbləği 8,5 dəfə, minimum əməkhaqqı 17 dəfə artmış, 1,2 milyondan çox yeni iş yeri açılmışdır.

Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasuibətlərinə və -özünü inkişaf qabiliyyətinə malik olan  sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.

Aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur. Dövlət başçısı bununla bağlı demişdir: "Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcəkdir".

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Ölkədə əlverişli biznes mühitinin formalaşmasına diqqət yetirən  Prezident İlham Əliyevin imzaladığı 03 mart 2014-cü il tarixli  "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" və 16 aprel 2014-cü il tarixli "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanları,  16 yanvar 2014-cü il tarixli "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı ölkədə qeyri-neft sahibkarlığının inkişafını təmin edəcək  əsas  sənədlər  kimi  qiymətləndirməlidir.

Azərbaycanın möhtəşəm uğurlarına, şübhəsiz ki, sahibkarlar ordusu da özünəməxsus töhfələr verməyə çalışır və bu dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir. Təsadüfi deyildir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması məsələsi diqqət mərkəzinə çatdırılır.

Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli liderin  xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Xarakter, mahiyyət və fəaliyyət etibarı ilə uca olan Heydər Əliyev ancaq vətən, xalq amalı ilə yaşayaraq təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın həyatında önəmli bir şəxsiyyət olmuşdur. Onun Azərbaycana rəhbərliyinin əsrin üçdə biri qədər dövrünü əhatə edən zaman kəsiyi əbədiyaşar Heydər Əliyev dühasının nümayişi hesab oluna bilər. Bu dövr Azərbaycan xalqının həyatında intibah dövrü olmuşdur. Ulu öndər həmin zaman kəsiyində Azərbaycan xalqının adını dünyada uca zirvələrə qaldırmış və özünün şəxsiyyət bütövlüyü ilə doğma vətəni Azərbaycanı hər yerdə layiqincə təmsil etmişdir.

Bu böyük şəxsiyyətin - Heydər Əliyevin zəngin irsinə nəzər salarkən  məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 20 ili ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurları məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının  həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Heydər Əliyevin  perspektivdə nəzərdə tutduğu iqtisadi ideyalar və arzular gercəkliyə çevrilmişdir. Bütün mənalı həyatını xalqına bəxş etmiş siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti  Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsil  dövlət idarəciliyi məktəbi yaratmışdır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu məktəbdən, Heydər Əliyevin  zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız və Sahibkarlar Konfederasiyası Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində səlahiyyətləri daxilində əlindən gələni edəcəkdir. 

 

Məmməd MUSAYEV,

Azərbaycan  Respublikası Sahibkarlar (işəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının prezidenti

Azərbaycan.-2014.- 7 may.-S.10.