Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

 

Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş inşa müsabiqəsinə yekun vurulmuşdur. Mayın 6-da "Gülüstan" sarayında müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Dövlət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin, məktəblilərin iştirak etdikləri tədbirdə təhsil naziri Mikayıl Cabbarov  müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərindən danışmışdır.

Nazir vurğulamışdır ki, dahi rəhbər Heydər Əliyevin şərəfli ömür yolu doğma Vətənə və xalqa xidmətin parlaq nümunəsidir. Misilsiz idarəetmə istedadına malik olan ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən ağır məqamlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir.  

Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini xatırladan M.Cabbarov dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.

Nazir ölkəmizdə təhsilin inkişafı üçün reallaşdırılan proqram və tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində indiyədək 2600-dən çox azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir.

M.Cabbarov bildirmişdir ki, ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun  ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətini vurğulayan nazir demişdir ki, strategiya təhsil sahəsində qarşıdakı illərdə aparılacaq islahatların əsas strateji istiqamətlərini və hədəflərini müəyyənləşdirir.

Eyni zamanda, məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisasorta ixtisas təhsili müəssisələrinin şagirdləri iştirak etmişlər.

Üç yüz min nəfərin qatıldığı inşa müsabiqəsi üç mərhələdə təşkil olunmuşdur. Müsabiqənin respublika mərhələsində 119 nəfər iştirak etmişdir. Məktəblilər bütün nəsillərə örnək olan böyük tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz fikir və düşüncələrini səmimi hisslərlə, həm də ulu öndərə dərin hörmət və sonsuz ehtiram duyğuları ilə ifadə etmişlər.

İnşa yazılarının qiymətləndirilməsi nəticəsində 8 nəfər birinci, 7 nəfər ikinci, 11 nəfər üçüncü yerləri tutmuşdur.  Həmçinin 65 nəfər həvəsləndirici mükafata layiq görülmüşdür. Müsabiqədə uğur qazanan 91 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabında dərc edilmişdir.

Mərasimdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov vurğulamışdır ki, xalqımız hər il ulu öndər, müasir Azərbaycan dövlətinin banisiqurucusu Heydər Əliyevin doğum gününü böyük məhəbbətlə qeyd etməklə dahi şəxsiyyətə öz dərin hörmət və sonsuz sevgisini ifadə edir. Əslində, bu, xalqımızın ulu öndər Heydər Əliyevin doğma Vətən və millət  qarşısındakı misilsiz xidmətlərinə verdiyi qiymətin ifadəsidir.

Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan Baş nazirin müavini müdrik rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmiş, ölkəmizin sürətlə inkişaf etdiyini söyləmişdir.

Müsabiqə barədə fikirlərini bildirən Ə.Əhmədov demişdir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan bilik yarışında, inşa müsabiqəsində Azərbaycan məktəblilərinin, gənclərinin sonsuz həvəslə iştirak etmələri çox böyük əhəmiyyət kəsb edir.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamını tədbir iştirakçılarına çatdırmışdır.

İ.Mustafayev Heydər Əliyev Fondunun ulu öndərin irsinin dərindən öyrənilməsi üçün reallaşdırdığı layihələrin və digər tədbirlərin əhəmiyyətindən bəhs etmişdir. Eyni zamanda, fondun təşəbbüsü ilə təhsillə bağlı mühüm  proqram və layihələrin həyata keçirildiyi diqqətə çatdırılmışdır.    

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, əbədiyaşar ideyalarının əhəmiyyətindən danışmışlar.

 Dahi rəhbər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan natiqlər ölkəmizdə iqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlərdən bəhs etmişlər.

Çıxış edənlər müsabiqənin qaliblərini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışlar.

Sonra müsabiqənin qaliblərinə diplomlar və digər mükafatlar təqdim olunmuşdur.

Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 7 may.-S.13.