Sevgili gözəl Şuşam, dərdim, kədərim Şuşam

 

Şuşanın işğalından 22 il ötür

 

 

Əzablı, əziyyətli uşaqlıq illərim gözəl Şuşada keçmişdir. Burada böyüyüb boya-başa çatmışam, ilk təhsilimi burada almışam. Şuşa mənim doğma yurdumdur.

Şuşanın gözəl təbiəti və havası, respublikanın hər yerindən minlərlə adamı buraya səsləyirdi. Hər ilin yayında istirahət etmək üçün Şuşaya 20-30 min adam gəlirdi. Şuşanı Cıdır düzü, İsa bulağı, Bağrıqan dağı olmadan təsəvvür etmək mümkün deyil.

Xüsusilə Aran Qarabağın adamları İsa bulağına axışar, burada sərinləyər və dincələrdilər. Bulağın suyu o qədər soyuqdu ki, diş göynədərdi.

Yay aylarında respublikanın tanınmış məşhur adamları da İsa bulağına gəlirdilər. Biz uşaqlar bu adamları yaxından görmək üçün İsa bulağına gedərdik. Burada kimi kabab çəkir, kimi samovar qaynadır, kimi aş dəmləyirdi. Mən, şair və yazıçılardan Osman Sarıvəllini, İlyas Əfəndiyevi, Süleyman Rəhimovu, Əli Vəliyevi, akademik Yusif Məhəmmədəliyevi ilk dəfə burada görmüşəm. Qarabağın məşhur müğənnilərinin səsi bütün meşəyə yayılardı.

Novruz bayramlarında şuşalılar Cıdır düzünə axışardılar. Burada gənc pəhlivanlar güclərini sınayır, müğənnilər səs-səsə verərdilər. Keçirilən şeir müsabiqəsi böyük maraq doğurardı. Qız-gəlinlərin al-əlvan parçalardan geyindikləri paltarlar laləli, çiçəkli çəmənləri xatırladardı.

Gənclər bir tərəfdə yumurta döyüşdürür, qoç və xoruz döyüşdürənlərin ətrafına yüzlərlə adam toplaşardı.

Şuşanın "Turşsu" sovxozundan və Ağdam Atçılıq zavodundan gətirilən atların cıdır yarışlarına minlərlə adam toplaşardı. Qarabağ atlarının gözəlliyinə hamı heyran qalardı.

Şuşaya gələn qonaqlar ilk növbədə cıdır düzünə gedər, Vaqifin məzarını, Xuraman qayasını, xanın xəznəsini seyr edərdilər.

Hər axşam Cıdır düzündə maraqlı söhbətlər, şən gülüşlər, həzin bayatılar, yanıqlı şikəstələr bir-birinə qarışaraq gözəl mənzərə yaradırdı.

Cıdır düzündə və İsa bulağında bu mənzərə toy-bayramı xatırladardı.

Qocalar, xəstələr səhər tezdən Çanaqqalaya toplaşır, təmiz hava alırdılar. Deyirdilər ki, ən təmiz hava burada olur. Şuşaya gələn qonaqlar çəmənlikləri qarış-qarış gəzib xarı bülbül axtarardılar.

Şuşa sıldırım və şiş qayalarla əhatə olunmuşdur. Şuşanın ətrafı möhkəm dağlar, meşələr, nəhəng daşlardan ibarətdir.

Şuşanın dağ-daşları, meşələri, yaylaqları, dərə-təpəsi, mədən suları, bulaqları adamı heyran qoyurdu. Buralar turac, kəklik, qırqovul ovlağı idi. Ətindən, yağından, südündən, pendirindən və qaymağından doymaq olmurdu. Yaşlı nəslin nümayəndələri deyirdilər ki, Qarabağ Allahın bizlərə bəxş etdiyi ehsandır. Şair Məmmədaqi  Müctəhidzadə ömrünün axırlarında Qarabağ və Şuşa barədə yazırdı:

 

Sınıq körpü, sərhəddi-mülki İran,

Gülbatanı, Basarkeçər, İrəvan,

Qibləsidir Araz çayı, Naxçıvan,

Gündoğanı Arazla Kür qovşağı,

Cavanşirlər dastanıdır Qarabağ.

 

Dağ-daşları, meşələri, yaylağı,

Dərə-təpə, mədən suyu, bulağı,

Əti, yağı, süd, pendiri, qaymağı,

Turac, kəklik, qırqovulu, ovlağı,

Haqqın bizə ehsanıdır Qarabağ.

 

Hücum edib dağ-daşlardan, qayadan,

Qorxmayıban qılınclardan, yaradan.

Elləri toplayıb ora-buradan,

Pənah xandır bu ölkəni yaradan,

Ər fatehlər meydanıdır Qarabağ.

 

Şuşaya girmək, onu əsir almaq elə də asan deyildi. Xalq arasında Şuşa alınmaz qala hesab olunurdu. XVIII əsrdə Ağa Məhəmməd şah Qacar Şuşaya daxil olanda belə bir bayatı xalqın dillər əzbəri idi:

 

Mən səni yel bilirdim,

Başımda tel bilirdim.

Uca dağlar başında

Qurumaz göl bilirdim.

 

Arasıkəsilməz xarici istilalar şuşalıların canını boğazına yığmışdı. Onlar yadellilərə qarşı mübarizə aparmaqdan təngə gəlmişdilər. Qarabağlılar, o cümlədən şuşalılar dərdlərini və kədərlərini belə ifadə edirdilər:

 

Gəldi, haradan gəldi,

Könlü qaradan gəldi.

Göydə bulud yox idi,

Bu sel haradan gəldi.

 

XXI əsrdə şuşalılar alınmaz qalalarından, gözəl şəhərlərindən ayrı düşmüşlər. Onların dərdi yeni yaratdıqları aşağıdakı bayatıda öz əksini tapmışdır:

 

Əslim  Qarabağlıdır,

Sinəm çarpaz dağlıdır.

Nə gələn var, nə gedən,

Deyir yollar bağlıdır.

 

Şuşa dağların zirvəsində yerləşdiyindən burada əkinə yararlı torpaqlar çox az idi. Tərəvəz və bostan məhsulları Aran Qarabağdan gətirilirdi.

Şuşa olduqca kasıb rayon idi. Lakin şuşalılar mərd, sözü üzə deyən, qürurlu, çətinliyə sinə gərən, dözümlü idilər. Hər bir şuşalı öz zəhmətilə dolanırdı. Burada oğurluq, soyğunçuluq, aldatma halları demək olar ki, yox idi. "Rüşvət" sözünü dilinə gətirən tapılmazdı.

Şuşanın başı həmişə bəlalar çəkmişdir. Vaxtilə çar Rusiyası və İran qəsbkarları Şuşaya göz dikmişdir. İndi də Ermənistan bu şəhərdən əl çəkmir.

1945-ci ilin noyabrında Ermənistan K(b)P Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov Stalinə məktub yazaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə verilməsini xahiş etmişdir. Həmin məktub baxılmaq üçün Azərbaycan K(b)P Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırova göndərilmişdir.

M.C.Bağırov Dağlıq Qarabağın tarixi, muxtar vilayətinin təşkili haqqında qısa məlumat verdikdən sonra Şuşa barədə aşağıdakıları yazmışdı: "Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərkibinə daxil edilməsinə etiraz etmirik. Lakin DQMV-yə daxil olsa da, indiyə qədər əsasən azərbaycanlıların yaşadıqları Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.

Şuşa şəhəri bina edildiyi gündən Qarabağın siyasi-inzibati və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının müstəqilliyi uğrunda fars işğalçıları ilə mübarizəsində müstəsna rol oynamışdır. Ən qaniçən fatehlərdən biri, Qafqaz xalqlarının cəlladı İran hökmdarı Ağa Məhəmməd Şah Qacar məhz Şuşada öldürülmüşdür.

Bu şəhərdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adı bu şəhərlə bağlıdır.

DQMV-nin Ermənistanın tərkibinə daxil edilməsi məsələsinə baxılarkən Ermənistanın Azərbaycan SSR-ə bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdıqları Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan Respublikasına daxil edilməsi məsələsinə də baxılmalıdır. Və nəhayət biz, Dağıstan MSSR-in keçmişdə Azərbaycanın bir hissəsi olan və Bakı quberniyası tərkibinə daxil olan Azərbaycana bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazisinin Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə baxmağınızı xahiş edirik."

Stalin M.C.Bağırovun  cavab məktubu ilə tanış olduqdan sonra belə qısa və yığcam dərkənar qoymuşdur: "Dəli-zad olmamısınız ki? Arxivə".

"Ağzı yanmış" Ermənistan rəhbərliyi Stalinin sağlığında Dağlıq Qarabağ məsələsini bir də qaldırmağa cəsarət etmədi.

Şuşada o vaxtkı qocalar sanki bir tarix idi, onların sinələri sözlə dolu idi.

Şuşada Mirzə Xosrov Axundov adlı bir qocaman müəllim vardı. Onu böyükdən kiçiyədək hamı tanıyardı. Yaxşı nüfuzu var idi. Məktəblilər Xosrov müəllimin yanından keçəndə papaqlarını çıxardardı və ayaq saxlayıb dayanardılar. O, ibtidai siniflərə dərs deyirdi.

Sənədlərdə Xosrov müəllimin 72 yaşı vardı. Lakin özü bu yaşı inkar edir və deyərdi ki, mənim 90 yaşım var.

Xosrov müəllim 1906-cı ildə pedaqoji fəaliyyətə başlamış, Şuşada yeni tipli məktəblərin təşkilinə, əhali arasında maarifin təbliğinə, azərbaycanlı qızların təhsilə cəlb olunmasına çalışmış, keçən əsrin 20-30-cu illərində savadsızlığın ləğvində fəal iştirak etmişdir.

Mirzə Xosrov müəllimi bütün əmək və tədris kollektivlərinə, təşkilatlara dəvət edirdilər. O, Şuşanın keçmişindən söhbət açardı. Xosrov müəllim bu şəhərin tarixini gözəl bilirdi. Natəvanı görmüşdü, onu çox yaxşı xatırlayırdı. Xurşudbanudan maraqlı epizodlar danışardı. Hiss olunurdu ki, Mirzə Xosrov müəllim Mir Möhsün Nəvvab Ağamirzadə Qarabağinin sağlığında onu çox sevərdi. Çünki həmişə ondan danışanda gözləri yaşarardı. Deyərdi ki, Nəvvab Şuşalıların təəssübkeşi idi, bütün istedadlı adamlara yol göstərərdi, o ensiklopedik biliyə malik şəxs idi.

Mən və mənim yaxın uşaqlıq dostlarım olan bir neçə nəfər Mirzə Xosrov müəllimin söhbətlərinə maraq göstərir, onunla harada görüş keçirilirdisə, xəbər tutub tez ora gedərdik.

Şuşanın erməni işğalı altında olduğu bir dövrdə Mirzə Xosrov müəllimin söhbətləri tez-tez yada düşür, onun söylədiyi tarixi əhvalatları xatırlayıram.

Belə  hesab edirəm ki, həmin tarixi əhvalatların çoxu məlum olsa da , elə məsələlər var ki, onların oxuculara çatdırılması vacibdir.

Qarabağın ilk xanı Pənah xan Qarabağ üçün mərkəz ola biləcək şəhər salmaq fikrinə düşür. Bunun üçün yer axtarmaq vacib məsələlərdən biri idi. Bu yer Qarabağın baş şəhərini düşmən hücumlarından qorumalı idi. Bu işdə Vərəndə məliyi, sonralar isə Pənah xanla qohum olmuş Şahnəzər ona kömək etmiş, bələdçisi olmuşdur. Şahnəzər Pənah xanı indi Şuşa yerləşən məkana gətirir. Buranın 4 tərəfdən dərə və dağlarla əhatə olunması, əlçatmaz bir yerdə yerləşməsi Pənah xanın çox xoşuna gəlir. Eyni zamanda məlik Şahnəzər bir qoyunu kəsdirib soydurur və cəmdəyi ağacdan asır. Bu yerlərin havasının təmizliyindən söhbət açan məlik deyir:

- Bu qoyun cəmdəyi 10 gün bu ağacdan asılı qalmalıdır. Yayın istisində əgər ət xarab olmazsa, ona qurd düşməzsə, deməli bu yerlərin havası sağlamdır və burada yurd salmaq olar.

Belə də olur. Ət 10 gün ağacdan asılı qalır, get-gedə quruyub, qaxaca dönür, nə xarab olur, nə də qoxu verir.

Pənahəlı xan tərəddüd etmədən sevincək halda deyir:

- Bu yerdə şəhər salmaq olar!

Çox qısa müddətdə kiçik bir şəhər salındı və şəhərə Pənahabad adı verildi. Lakin bu ad ömrünü çox yaşamadı. Şəhər Pənahabad yaxınlığındakı Şuşa kəndinin adını götürdü. O gündən ta indiyədək həmin şəhər Şuşa adlanır. Əvvələr bu şəhərə Şişə də deyirdilər.

Bir gün Mirzə Xosrov müəllim biz uşaqları yığıb Cıdır düzünə apardı. Böyük bir çalanı bizə göstərib dedi:

- Bax, bu çalanı görürsünüzmü, onun böyük tarixi var. İbrahim xanın Ağabəyim adlı qızı var idi. O, İbrahim xanın gəncəli Cavadxanın bacısı Tutubəyimdən olan qızıdır. Keçən əsrin 50-ci illərin şuşalıları Ağabəyim ağanı görməsələr də, onun çox gözəl bir qız olmasından danışırdılar.

Yusif Vəzir Çəmənzəminli Ağabəyim ağanı belə təsvir edir: "Ağabəyim ağa 1797-ci ildə böyüyüb 14-15 yaşına dolmuşdu. Ağ, bakir bir zanbaq kimi uzanıb, rayihə saçırdı. Onun gözəllik sədası Azərbaycan xanlıqlarına yayılıb, aşıqların dilində və şairlərin şeirində əzbər olmuşdur. Ağabəyimin nə qədər həsrətini çəkənlər var idi: xanzadələr və bəylər, at səyirdən, qılınc vuran dilavərlər onun yolunda ölməyi bir şən və şövkət sanırdılar. Lakin İbrahim Xəlil xan Qarabağ incisinin qiymətini bilir, hələ heç bir elçiyə meyil göstərmirdi, qız da saray bağında, gül-çiçək arasında bir qönçə kimi fərəhlə açılırdı. Ağabəyimə bütün kainat Qırat minmiş Koroğlu kimi igid, Məcnun kimi çılğın və Fərhad kimi inad sevgi yolçusu sifətində görünürdü. Ona elə gəlirdi ki, bir gün sarayın  bu qalın hasarlarından bir igid atını sıçradıb keçəcək, onu qüvvətli bağrına basıb aparacaq. Həmişə   bu igid onun xəyalında dolaşarkən Ağabəyim ağanın rəngi qaçar, incə vücudu titrəməyə başlayardı.

Ağabəyim ağanın əfsanə və nağıllarla bərabər şeirə də böyük həvəsi vardı - o, bütün Azərbaycan şairlərinin şeirlərini oxumuş, xoşuna gələn parçaları dəftərinə köçürüb əzbərləmişdi".

Ağabəyim ağa şeirlər yazırdı. O,  şair Vaqiflə görüşüb ondan məsləhətlər alırdı.

Ağaməhəmməd şah Şuşada qətlə yetirildikdən sonra onun şahlıq taxtında əyləşən qardaşı oğlu Fətəli xan düşmənçiliyi aradan qaldırmaq məqsədilə İbrahim xanla qohum olmaq istədiyini bildirib demişdir: "Hər iki tərəfin xatircəmliyi üçün əziz və möhtərəm qızınız Ağabəyim ağanı bizim hərəmxanəyə  layiq bilməlisiniz. O, bizim hərəmxanamızın xanımı olmalıdır".

İbrahim Xəlil xan məcbur olub bu işə razılıq verdi. Fətəli şah Ağabəyim ağanın kəbinini kəsdirmişdi. O, göz yaşları içində Tehrana, şahın sarayına köçdü. Lakin Ağabəyim ağa öz əmisi oğlu Məhəmmədi sevirdi.

Məhəmməd Qarabağda çox məşhur igid, sərkərdə idi. O, hündürboylu, alagözlü, qumral saçlı, geniş kökslü, şümal oğlan idi. Deyilənə görə Ağabəyim ağa ömrünün son günlərinədək Məhəmmədi xatırlayar və acı göz yaşları tökərmiş.

Ağabəyim ağanın Tehran həyatı barədə müxtəlif rəylər mövcuddur. Deyilənə görə o, gecə-gündüz Qarabağı xatırlayır, xiffət edərmiş. Ağabəyim ağa dərddən-qüssədən saralıb solurdu.

Bir gün Fətəli xan ondan soruşur:

- Mənim kimi ərin var, şah arvadısan, hərəmxananın baş xanımısan. Saralıb-solmağının sirri nədəndir?

- Şahım, burada hər şey var. Lakin Şuşada bitən xarı bülbül yoxdur. Könlüm xarı bülbül istəyir.

Şah yüz dəvə karvanı hazırlayır, hər birinə bir tonluq çuvallar hördürür və Şuşaya göndərir.

Tehrandan gələnlər şuşalıların köməyilə Cıdır düzündən - xarı bülbüllər bitən sahələrdən dəvələrə 200 çuval torpaq yükləyib, Tehrana qayıdırlar.

Şuşadan gətirilən torpaq Şimranda xüsusi yaradılmış bağçaya tökülür, vaxtında suvarılır, qulluq edilir. Burada çoxlu gül-çiçək bitir. Lakin xarı bülbül bitmir ki, bitmir. Ağabəyim ağa bir küncə şəkilib, acı göz yaşları ilə öz bəyazına (dəftərinə) yazır:

 

Vətən bağı al-əlvandır,

Yox üstündə xarı bülbül.

 

Ömür sürməli dövrandır,

Səsin gəlsin, barı bülbül.

 

Bax, Cıdır düzündə indi də mövcud olan dərin çala belə yaranmışdır.

Mirzə Xosrov müəllim Ağabəyim ağanın,

"Əfsus ki, yarım gecə gəldi,

                  gecə getdi.

Heç bilmədim ömrüm necə gəldi,

                  necə getdi".

beyti barədə aşağıdakıları danışardı.

Bu beyt barədə müxtəlif rəylər vardır. Bəzi mənbələrdə bu  beytin Məhəmməd bəyə həsr olunduğu qeyd olunur.

Bu həqiqətdən çox uzaqdır. 15-16 yaşlı Ağabəyim ağa bir görüş zamanı, Məhəmməd bəyin tez ayrılmasını əsas götürüb, "heç bilmədim ömrüm necə gəldi, necə getdi" - deyə bilməzdi. 15-16 yaşlı qızcığazın ömrü yenicə başlamışdı, bu ömür hələ keçməmişdi.

Mirzə Xosrov müəllim deyərdi:

- Ağabəyim ağa Fətəli şaha könülsüz verilmişdi. Yuxarıda qeyd olunduğu kimi o, qəlbən əmisi oğlu, xalq qəhrəmanı Məhəmməd bəyi sevirdi.

Fətəli şah Ağabəyim ağanı duymurdu, başa düşmürdü, hiss etmirdi. Onu arvad kimi saymırdı. Buna görə müxtəlif lətifələr, şayiələr, dedi-qodular yaranmışdı.

Anası Tutubəyimin günləri göz yaşı ilə keçirdi, Ağabəyim ağanın sifarişlərinə əsasən İbrahim Xəlil Xandan öz qızının vətənə qaytarılmasını xahiş edirdi.

Deyilənə görə Ağabəyim ağa şahdan Savalan dağının ətəklərində onun üçün kiçik bir koma tikməsini xahiş edir. Tək yaşamaq, tərki-dünya olmaq istəyirdi. Övladlarının olmaması onu dərdə salmışdı.

Şah Ağabəyim ağanın xahişini yerinə yetirir. Savalan dağının ətəyində kiçik bir "qaranquş yuvası" tikdirir. Ağabəyim ağa burada tək-tənha yaşamağa başlayır.

Bir gecə Fətəli şah onu yoxlamaq üçün "qaranquş yuvasına" gəlir. Onların arasında kiçik bir mübahisə yaranır. Şah acıq edib tezliklə ondan ayrılır və "qaranquş yuvası"nı tərk edir. Şahın tez çıxıb getməsindən narazı qalan Ağabəyim ağa öz bəyazına, ağ dəftərinə Fətəli şaha həsr etdiyi həmin beyti yazır.

 

Əfsus ki, yarım gecə gəldi,

                  gecə getdi.

Heç bilmədim ömrüm necə gəldi,

                  necə getdi.

 

Ağabəyim ağanın İranda yeganə ümüdgahı qardaşı Əbülfət idi. O da İrana girov göndərilmişdi. Əbülfət xan sərkərdə idi. Döyüşlərə rəhbərlik edirdi.

Deyilənə görə Ağabəyim ağa İran siyasətində fəal iştirak edirdi. O, Qərb ölkələrindən gələn elçiləri qəbul edirdi. Hətta Rusiya onu Rusiya-İran münasibətlərinin korlanmasında və gərginləşdirilməsində günahlandırırdı.

 

(Ardı var)

 

Çingiz FƏRƏCOV,

"Qızıl qələm" mükafatı laureatı

Azərbaycan.-2014.- 7 may.-S.14.