Azərbaycan-İtaliya əlaqələri müzakirə olunmuşdur

 

Mayın 7-də Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İtaliya Senatının müdafiə komissiyasının sədri, Demokrat Partiyasının üzvü Nikola Latorrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Azərbaycanın İtaliya ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirən Ziyafət Əsgərov yüksək səviyyəli səfərlərin ölkələrimiz arasındakı sıx münasibətlərin əyani təzahürü kimi dəyərləndirmişdir. Azərbaycanın və İtaliyanın beynəlxalq təşkilatlarda da bir sıra məsələlərin həllində eyni mövqedən çıxış etdiklərini diqqətə çatdıran Z.Əsgərov qarşılıqlı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verən Ziyafət Əsgərov vurğulamışdır ki, işğalçı ölkə BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, bunun heç bir nəticəsi yoxdur.

Qonağın diqqətinə çatdırılmışdır ki, bu gün Azərbaycanda tolerantlıq hökm sürür və ölkəmizdə bir çox dini konfessiyalar fəaliyyət göstərir.

Nikola Latorre münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulamışdır. Azərbaycanın beynəlxalq təşkilatlardakı mövqeyi İtaliya üçün çox önəmlidir. Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qeyd etmişdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran, eləcə də regionda və bölgədə baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli, ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak etmişlər.

 

Azərbaycan.-2014.-8 may.-S.3.