Ulu öndər Heydər Əliyevin demokratiya və vətəndaş

 cəmiyyəti quruculuğu modelində mətbuatın yeri və rolu

 

Siyasət aləminin patriarxı Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçildiyi ilk günlər idi. Ali Sovetdə xarici ölkələrdən birinin nümayəndə heyəti ilə görüş keçirilirdi. Qəbul başa çatdı. İnformasiya hazırlamaq üçün müəyyən faktları, xüsusən əcnəbi qonaqların çətin tələffüz olunan adlarını və vəzifələrini dəqiqləşdirmək lazım idi. Parlamentin strukturları demək olar fəaliyyətsiz idi. Kimdən soruşasan? Mətbuat katibi Aqşin Babayev çiyinlərini çəkib başı ilə Sədrin qapısına işarə etdi: Bunu yalnız Heydər Əliyevdən soruşmaq lazımdır.

Adi bir faktı dəqiqləşdirmək üçün Sədri narahat etmək nə dərəcədə düzgün idi? Özü də belə gərgin vaxtda. O, buna necə baxardı? Ancaq başqa çıxış yolu yox idi. Aqşin müəllim qapını döyüb Heydər Əliyevin kabinetinə keçdi. Çox keçmədən qayıdıb dedi ki, gözləyin, Heydər Əliyev jurnalistlərlə görüşmək istəyir. Onda indiki kimi deyildi. Ölkədə üç-dörd rəsmi qəzet çıxırdı. AzərTAc isə yeganə informasiya agentliyi idi. Bir də Azərbaycan televiziyası vardı.

Xülasə, AzərTAc-ın, AzTV-nin, ANS-in, "Azərbaycan", "Respublika" qəzetlərinin, "Xalq qəzeti"nin müxbirlərindən və daha bir-iki mətbuat nümayəndəsindən ibarət heyəti Heydər Əliyev kabinetinə dəvət etdi. Ayaqüstü qısa söhbət oldu. Kimin harada işlədiyini bir-bir soruşdu. Qəbul etdiyi əcnəbi nümayəndələrin adlarını aydın tələffüzlə çatdırdı. Axırda təxminən bu sözləri dedi:

- Mətbuat böyük qüvvədir. Parlamentin işini, ölkədə baş verənləri işıqlandırmaq, xalqa çatdırmaq lazımdır. İnsanlar ölkədəki vəziyyətdən xəbərdar olmalı, hansı proseslər getdiyini bilməlidirlər. Bunu yalnız mətbuat edə bilər.

İlk baxışda bəlkə də adi görünən epizoddur. Amma düşündükcə bir çox mətləblər hasil olur. Onlardan yalnız birinin üstündə dayanmaq istərdim: bu, ulu öndər Heydər Əliyevin mətbuata necə böyük önəm verdiyinin təsdiqi idi.

İndi çox şey adiləşib. O cümlədən azad mətbuat, azad düşüncə, azad söz, vətəndaş cəmiyyəti... Bu gün tam fərqli cəmiyyətdə yaşayırıq. Hətta opponentlər də etiraf edərlər ki, bu yeni dövlətin və  cəmiyyətin modeli Heydər Əliyevə məxsusdur. Təkcə modelimi? Model təfəkkürün, beynin, düşüncənin məhsuludur, ideyadır. Ən çətini düşündüklərini, ideyanı gerçəkləşdirmək, həyata keçirməkdir. Əsl demokratiyanın, vətəndaş cəmiyyətinin yolu heç də hamar olmur. Nədən başlamalı, hara istiqamət götürməli, nə vaxt və hara qədər getməli? Hesablamalar aparmaq, cəmiyyətin intellektual səviyyəsindən, milli mentalitetdən tutmuş, mümkün xarici təsirlərə və təzyiqlərə, müxalif fikrə və maneələrədək bir çox ciddi amilləri nəzərə almaq lazımdır.

Heydər Əliyev irsinə nəzər saldıqda birmənalı şəkildə görmək olur ki, ulu öndərin banisi olduğu və ən başlıcası, məharətlə reallaşdırdığı yeni dövlət modelinin əsaslarından birini demokratiya və vətəndaş cəmiyyəti məsələsi təşkil edir. Heydər Əliyev bu məsələdə mətbuat və söz azadlığına xüsusi yer ayırırdı. Hesab edirdi ki, demokratiyaya və vətəndaş cəmiyyətinə gedən yol məhz mətbuat və söz azadlığından keçir və bunun alternativi yoxdur. Bu qənaətin doğruluğunu zaman özü təsdiqlədi.

1993-cü ilin həyəcanlı və gərgin yayında, olduqca mürəkkəb bir vaxtda yenidən hakimiyyət sükanı arxasına keçən Heydər Əliyevə çox ağır miras qalmışdı. Vətəndaş qarşıdurmasının yaşandığı, opponentlərin az qala bir-birini didib parçalamağa hazır olduğu bir vaxtda vətəndaş cəmiyyətindən necə danışmaq olardı? Xalq hərəkatının köpüklü dalğaları üzərində hakimiyyətə gələn insanlar, səriştəsiz, kobud nazirlər mətbuata münasibətdə çox ziyanlı presedent yaratmışdılar: jurnalisti təhqir etmək, söymək, hətta döymək olar. Azad fikrin başından basırdılar. Mətbuat üzərində sovet dövründəkindən də ciddi senzura qoyulmuşdu. Xatırlayırsınızsa, 1993-cü ilin aprelində senzuranın tətbiqinin əhatə dairəsinin genişləndirilməsi haqqında sərəncam verildi və bununla da jurnalistlərin məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətləri ciddi surətdə məhdudlaşdırıldı.

O vaxt siyasi-hərbi vəziyyət elə idi ki, stereotipləri qırmaq, xüsusən mətbuata tam azadlıq vermək böyük risk tələb edirdi. Cəmiyyət demokratiyaya hazır deyildi. Çoxları bunu anarxiya kimi başa düşür, qanunla hesablaşmaq istəmirdi. İnsan hüquqlarını, söz və mətbuat azadlığını tənzimləyən qanunvericilik bazasının məhdudluğu, natamamlığı əlavə çətinliklər yaradırdı.

Bütün bunları nəzərə alan ulu öndər böyük uzaqgörənliklə gələcəyə və yeni cəmiyyət quruculuğuna istiqamətlənmiş addımlar atmağa başladı. İlk olaraq Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında qurulmaqda olan yeni cəmiyyətdə mətbuatın rolu və funksiyası aydın şəkildə təsbit olundu: "Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir".

Bundan sonra növbəti addımlar atıldı, hüquqi nihilizmin  aradan qaldırılması, köklü siyasi-hüquqi islahatların həyata keçirilməsi istiqamətində ardıcıl iş aparıldı. Ulu öndər mətbuata, jurnalistlərə münasibətdə göstərdiyi şəxsi örnək, nümunə ilə, necə deyərlər, hamıya, xüsusən məmurlara dərs verirdi. Eyni zamanda Heydər Əliyev jurnalistlərə demokratiya dərsi keçir, söz, mətbuat azadlığının mahiyyətini səbirlə başa salır və onları Azərbaycan mətbuatının mütərəqqi ənənələrini qoruyub saxlamağa, inkişaf etdirməyə səsləyirdi.

Əlbəttə, mətbuat və söz azadlığına cəmiyyət və dövlət həyatından ayrılıqda, əlahiddə məsələ kimi baxmaq olmaz. Bu sıraya siyasi sistemin struktur islahatlarının təkmilləşdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar edilməsi, təsisatların leqal və legitim fəaliyyətinə şərait yaradılması, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan yeni münasibətlər sisteminin formalaşdırılması və digər bir çox məsələlər daxildir. Mətbuat və söz azadlığı məhz bu əsaslar üzərində bərqərar olub təşəkkül tapa bilərdi.

Beləliklə, yeni cəmiyyət modelində mətbuatın yeri və rolu getdikcə daha da aydınlaşır, bununla bağlı konkret təsəvvürlər formalaşırdı. Eyni zamanda müvafiq qanunvericilik bazasının yaradılması, hüquqi təsisat və mexanizmlər sisteminin formalaşdırılması mətbuat sahəsində fundamental islahatlara yol açdı...

1998-ci il. Ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışından ötən beş il ərzində ölkəmizdə vəziyyət büsbütün dəyişmiş, demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdı. Bunu nəzərə alan Heydər Əliyev 1998-ci il avqustun 6-da "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" tarixi fərman imzaladı.

Artıq jurnalistlər, qəzet və jurnallar, digər kütləvi informasiya vasitələri tam azad idilər. Onların nə yazdığına, necə yazdığına heç kim nəzarət etmirdi: buyur, istədiyini yazıb çap etdirə bilərsən. Bəziləri çaşıb qalmışdı: bunun axırı necə olacaq? Hətta Heydər Əliyevin senzuranı ləğv etməkdə, mətbuata qeyri-məhdud səlahiyyətlər verməkdə tələsdiyini deyənlər də vardı. Amma ulu öndərin qətiyyətinə, iradəsinə və heç bir qərarında yanılmadığına bələd olanlar bilirdilər ki, bu, zamanında atılmış addımdır. Hətta müəyyən mənada riskli olsa belə!

Bundan sonra baş verənlərə qısaca nəzər salaq. Təbii ki, senzuranın götürülməsindən sui-istifadə edənlər oldu. Özü də belə hallar tez-tez baş verirdi. Bəzən qəzetlər təhqirlər, böhtan və iftiralar yağdırırdı. Bəzi jurnalistlər ağına-bozuna baxmırdılar. Qəzetlərin məhkəmələrə verilməsi az qala kütləvi xarakter almışdı. Belə şeylər kiçik məmurlardan tutmuş, nazirlərə, komitə sədrlərinə, hətta dövlətin başçısına qədər hamı haqqında yazılırdı. Bu, dövlət məmurlarının bir çoxunu təbdən çıxarır və məsələ məhkəməlik olurdu. O vaxt təkcə Heydər Əliyev özü haqqında yazılanlara reaksiya vermirdi. Üstəlik məmurlara tövsiyə edirdi ki, səbirli olsunlar: görürsünüz, məndən də yazırlar. Amma mən heç kimi məhkəməyə vermirəm.

Bir faktı da qeyd etmək yerinə düşər ki, 1998-ci ildə Azərbaycan MDB məkanında mətbuat üzərindən dövlət nəzarətini götürən ilk respublika idi.

Bir il sonra, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" qanun qəbul edildi. Bu, KİV-in inkişafını şərtləndirən, dövlət, cəmiyyət və media münasibətlərini tənzimləyən, müvafiq hüquqi bazanı zənginləşdirən mütərəqqi bir qanun idi. Bu sənəd, eyni zamanda, mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına rəvac verdi. Dövlət qeydiyyatı ləğv edildi və mətbu nəşrlərin təsis olunması proseduru qeyri-adi dərəcədə sadələşdirildi. Bunun üçün artıq Ədliyyə Nazirliyinə ərizə vermək kifayət edirdi.

Vaxt ötür, jurnalistlər senzurasız yazmağa və yaşamağa öyrəşir, cəmiyyətdə mətbuata qarşı immunitet yaranırdı.

Ulu öndər Heydər Əliyev isə mətbuata təkcə azadlıq verməklə kifayətlənmir, onun qayğısına qalmaq, inkişafına şərait yaratmaq haqqında da düşünürdü. Çox keçmədən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı" hazırlandı və Prezidentin müvafiq sərəncamı ilə təsdiq olundu. Eyni zamanda mətbuatla bağlı idarəçilik sistemində yeni islahatlar aparıldı. Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. KİV-in təsis olunmasının, fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edən digər addımlar atıldı...

2001-ci il. Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, söz, mətbuat və fikir azadlığının təmin edilməsi sahəsində görülən mühüm tədbirlər artıq öz bəhrəsini verməkdə idi. Zəruri qanunvericilik bazası yaradılmış, fikir plüralizminə və dözümlülüyə əsaslanan siyasi, ictimai mühit formalaşdırılmış, yaradılan yüzlərlə qəzet və jurnal, informasiya agentlikləri, müstəqil televiziya və radio kanalları cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi siyasi plüralizmin və söz azadlığının nümunəsinə çevrilmişdi. Belə bir vaxtda, 2001-ci il dekabrın 27-də ulu öndər "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzaladı.

Sərəncamda söz və mətbuat azadlığının, azad fikrin və siyasi plüralizmin inkişafının və cəmiyyət həyatının bütün sahələrinə maneəsiz müdaxiləsinin kütləvi informasiya vasitələri ilə ayrı-ayrı dövlət məmurları, vətəndaşlar arasında bəzi spesifik problemlər də meydana çıxardığı vurğulanırdı. Qeyd olunurdu ki,  bu, bir tərəfdən, cəmiyyətdə məlumat azadlığı və jurnalist hüquqları ilə vətəndaşların şəxsi hüquq və azadlıqları arasında balansın gözlənilməməsində, digər tərəfdən informasiya azadlığı və tolerantlıq prinsiplərinin bəzi jurnalistlərin peşəkarlıq səviyyəsinin, peşə məsuliyyətinin aşağı olması səbəbindən düzgün istifadə olunmamasında özünü göstərir. Bundan başqa, mətbuat bolluğu ilə cəmiyyətin real ehtiyacı arasındakı fərq, azad bazar münasibətləri şəraitində yaranan rəqabət də bir çox kütləvi informasiya vasitələrini maliyyə problemləri ilə üzləşdirir.

Ulu öndər bütün bunları nəzərə alaraq problemlərin aradan qaldırılması, eyni zamanda kütləvi informasiya vasitələrinin maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, söz, məlumat və fikir azadlığı üçün daha geniş imkanlar yaradılması məqsədi ilə bir sıra tədbirlər görülməsi barədə tapşırıqlar verdi. Sərəncama əsasən, bütün qəzetlərin dövlət mətbəəsində maneəsiz çapı, AzərTAc-ın informasiyalarının respublika mətbuatı üçün pulsuz yayılması təmin olundu. Həmçinin qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənilməsi 2002-ci il dekabrın 31-nə qədər təxirə salındı.

Qanunlar, fərmanlar və sərəncamlar, hüquqi baza və mexanizmlər öz yerində. Cəmiyyət və dövlət həyatının bütün sahələri, hər bir fəaliyyət bunlarla tənzimlənir. Eyni zamanda mətbuata münasibətdən, ölkə mediasının inkişafından danışarkən ulu öndərin özünəməxsus jestlərini, şəxsi təşəbbüslərini nəzərdən qaçırmaq olmazdı. Heydər Əliyevin bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarını dondurmasını, sonradan bu borcları ləğv etməsini, onları iqtisadi böhranın girdabından qurtarmasını necə unutmaq olar? Yaxud, bu böyük şəxsiyyətin jurnalistlərə səmimi münasibətini, hər bir suala açıq olmasını götürək. Belə münasibəti, səmimiyyəti, qayğını özünü hamıdan demokratik sayan hansısa dövlətin başçısında görmüsünüzmü?

Tale mənə bir jurnalist kimi, ulu öndəri səfərlərin əksəriyyətində müşayiət etmək, keçirdiyi görüşləri yaxından izləmək, eyni zamanda bu səfərlər zamanı jurnalistlərlə davranışını müşahidə etmək səadəti nəsib edib. Təbii ki, xarici səfərlərin öz reqlamenti var və bəzən proqram elə sıx və gərgin olur ki, dövlət başçısının hər hansı əlavə söhbətə bir dəqiqə belə vaxtı qalmır. Üstəgəl görüşlərin özünün gərginliyi, saat qurşaqlarındakı kəskin fərq, yorğunluq və yuxusuzluq... Prezidentdən necə ummaq olardı ki, jurnalistlərə vaxt ayırmadı? Amma Heydər Əliyev buna da vaxt tapırdı. Necə deyərlər, iki daşın arasında - yol gedərkən, hətta təyyarədə olsa belə, jurnalistlərə müsahibələr verir, onların istənilən sualını cavablandırırdı.

Ulu öndərin jurnalistlərlə keçirdiyi görüşlərdən birində dediyi sözləri də xatırlatmaq istərdim: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa biz onu edirik və edəcəyik".

Bu görüşdən bir müddət sonra - 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edən yeni qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Şuranın fəaliyyəti tərəflər arasında gərginliyin xeyli səngiməsinə gətirib çıxardı.

Əslində bunlar Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olmasına, bugünkü yüksək səviyyəyə gəlib çatmasına birbaşa təsir göstərən tarixi hadisələrdir, mətbuatın inkişafında ulu öndərin bu gün də xatırlanan və yüksək qiymətləndirilən, sabah da xatırlanacaq misilsiz xidmətləridir.

Nəhayət, elə bir vaxt gəlib yetişdi ki, jurnalistlər Heydər Əliyevi təkcə dövlətin başçısı kimi deyil, eyni zamanda bir dost, onların zəhmətini qiymətləndirən, qayğısına qalan sirdaş kimi qəbul etməyə başladılar. Bu, öz ifadəsini ulu öndərin 2001-ci ildə "Ruh" Jurnalistləri Müdafiə Komitəsinin, 2003-cü ildə isə Çingiz Mustafayev Fondunun "Jurnalistlərin dostu" mükafatlarına layiq görməsində tapdı.

Mətbuatla bu dostluq Heydər Əliyevin təbiətindən, xarakterindən qaynaqlanırdı. Öz sözləridir: "Mən bir dəfə söylədim ki, keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur".

Jurnalistikanın çətin sənət olduğunu söyləyən ulu öndər deyirdi: "Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir. Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatları ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də gərək biz jurnalistlərə kömək edək".

Eyni zamanda, Heydər Əliyev reallıqlardan da xəbərdar idi və bunu açıq söyləyir, çıxış yolu göstərirdi: "Jurnalistlər bəzən ədalətsizliklə, bəzən kobudluqla rastlaşırlar, başqa hallarla, xoşa gəlməyən hallarla rastlaşırlar. Bu, heysiyyatlarına toxunduğuna görə onları incidir və etiraz əlaməti olaraq müxtəlif məqalələr yazırlar və səhvlər də buraxırlar. Ona görə əgər jurnalistlər cəmiyyətlə daha yaxın olsalar, cəmiyyətdə də jurnalistləri sevsələr, onlara hörmət etsələr, onların işlərinin, fəaliyyətlərinin həyata keçirilməsinə yardım etsələr, bundan cəmiyyət də udacaqdır, jurnalistlər də".

Qeydlərimin bundan sonrakı hissəsini Heydər Əliyevin söz, fikir və mətbuat azadlığı ilə bağlı görülən işlərə verdiyi qiymətə, mətbuata baxışlarına, onun yeni cəmiyyətdəki yerinə və roluna dair mülahizələrinə ayırmaq istərdim.

Ulu öndər mətbuatın inkişafı üçün yaradılan şəraiti necə dəyərləndirirdi?

Sitat: "Mən təxminən 5-6 il bundan əvvəlki dövrü xatırlayıram. Senzura var idi, qəzetləri yoxlayırdılar. Hansı məqalə senzorun xoşuna gəlmirdisə, onu çıxarırdı. Qəzetlər də sonra mübarizəyə başladılar, etiraz əlaməti olaraq səhifələri ağ-ağ buraxdılar. Bunlar hamısı bizim xatirimizdədir. Ancaq biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, çox azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır. Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salsaq, görərik ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır".

Jurnalistləri daim obyektivliyə səsləyən ulu öndər cəmiyyət-mətbuat münasibətlərini belə şərh edirdi.  

Sitat: "Biz həmişə arzu edirik ki, jurnalistlər obyektiv olsunlar. Mən düşünmürəm ki, jurnalistlər qəsdən qeyri-obyektivliyə yol verirlər. Ancaq onların sənəti belədir, gərək elə bir şey yazsınlar ki, oxucular üçün maraqlı olsun. Kəskin, sensasiyalı yazılar olmasa, oxucular üçün maraqlı olmur, qəzetlər alınmır və sairə. Siz bunları məndən yaxşı bilirsiniz. Mən bu barədə fikrimi genişləndirmək istəmirəm. Biz bunları nəzərə almalıyıq. Amma jurnalistlər də hücum obyektləri ki var, yaxud kəskin tənqid edirlər, gərək onların vəziyyətini nəzərə alsınlar. Əgər hər iki tərəf bir-birini nəzərə ala bilsə, hesab edirəm ki, bizim cəmiyyətdə jurnalistlərlə bütün insanların dostluğu təmin olunacaqdır".

Ulu öndər mətbuatın və jurnalistlərin vəzifələri barədə nə düşünürdü?  

 Sitat: "Sizi əmin edirəm ki, biz mətbuat azadlığı, söz azadlığı, demokratiya sahəsində ardıcıl surətdə öz siyasətimizi aparırıq və aparacağıq. Bu işdə, yəni demokratiyanın inkişaf etdirilməsində, söz azadlığı, mətbuat azadlığını Azərbaycanda həqiqətən təmin etmək üçün  mətbuat orqanlarının çox böyük imkanları var və sizin üzərinizə çox böyük vəzifələr düşür. Mətbuat, ya müstəqil mətbuat, yaxud da müxalifət mətbuatı, təbiidir ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə kömək etməlidir. Məsələn, mən bütün mətbuatın, təkcə müstəqil mətbuatın yox, müxalifət mətbuatının yox, dövlət mətbuatının da məhz bu yolla getməsini istəyirəm".

Ulu öndər "Mətbuat cəmiyyətin güzgüsüdür" deyiminə birmənalı dəyər verirdi. Onun peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, bu güzgünün təmizliyinə, saflığına xələl gətirilməsin. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" - deyən Heydər Əliyev açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edir və daim bu mövqedə qətiyyətlə dururdu...

Aradan bir çox illər keçib. Həyatımızda çox şey dəyişib və dəyişməkdə davam edir. Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Heydər Əliyevin zəngin irsi, ideya və ənənələri də yaşayır və Azərbaycana uğur gətirir. Prezident İlham Əliyev də mətbuatın və jurnalistlərin dostudur və o da bu ada iki dəfə layiq görülüb. Fikirləşirəm ki, Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimindəki nitqindən götürülmüş aşağıdakı sitat qeydlərim üçün uğurlu sonluq ola bilər: "Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır".

 

Aslan ASLANOV,

AzərTAc-ın baş direktoru

Azərbaycan.-2014.- 8 may.- S.10.