XOŞMƏRAMLI MİSSİYANIN TƏCƏSSÜMÜ

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr

 Nərimanov rayonunun simasını daha da gözəlləşdirib

 

Müasir Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən ümummilli lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi olan Heydər Əliyev öz xeyirxahlığı, sosial ədalət prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərləri daim uca tutması, cəmiyyətin tərəqqisi naminə göstərdiyi titanik fəaliyyəti ilə də yaddaşlarda əbədi iz qoyub.

 

Ulu öndərin nəcib əməlləri bu gün də yaşayır

 

Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz hər sahədə Heydər Əliyev kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. 2004-cü ildə bu zərurətdən yaranan Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir.

Fondun yaradılması ilə qarşıya qoyulan əsas məqsəd kifayət qədər aydın və konkret idi. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması... Bütün bunları əsas götürərək fondun ötən 10 ildə reallaşdırdığı çoxşaxəli layihələr gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirdi. Fond bu müddətdə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atıb, dərin ictimai rəğbət qazanıb. Ümummilli liderin nəcib əməllərini layiqincə davam etdirən, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, amallarını rəhbər tutan, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində bu gün mühüm rol oynayır.

Heydər Əliyev Fondunu ulu öndərin adına layiq olaraq geniş spektri əhatə edən, hər kəsdə fərəh və qürur hissləri doğuran kəhkəşan fəaliyyətinin əsasında, təbii ki, onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən fondun fəaliyyətinə yaradıcı münasibəti dayanır. Mehriban Əliyevanın özünün də bəyan etdiyi kimi, fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var: insanlara təmənnasız yaxşılıq etmək! "Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridirbu gün biz Heydər Əliyev Fondu olaraq bu ənənələri qoruyurdavam etdirməyə çalışırıq", - deyə Mehriban Əliyeva bildirib.

 

Paytaxtın möhtəşəm quruculuq və yüksəliş ünvanı

 

Son illərdə ölkəmizin dörd bir yanında geniş vüsət alan məktəb və xəstəxana tikintisində, diaqnostika və müalicə mərkəzlərinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, uşaq evlərinin, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında, tarixidini abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir. Bütün bunları digər şəhər və kəndlərimiz kimi, Bakının Nərimanov rayonunun timsalında da görmək mümkündür.

Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, gündən-günə dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Nərimanov rayonudur. Respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində indiyədək Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və hazırda yüksək əzmlə davam etdirilir. Son illərin real mənzərəsi Nərimanov rayonunun əsl tikinti meydanına çevrildiyini göstərir. Burada vüsət alan quruculuq işləri paytaxtda rayonun qüruru olduğu qədər, ölkəmizdən kənarda da Azərbaycanın gözəl tanıtımıdır. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illərdə Nərimanov rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, möhtəşəm binaların tikintisinin təməli qoyulubuğurla başa çatdırılıb. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, yollar, yolötürücülər və yol qovşaqları, idman qurğuları, piyada keçidləri, parklar, inzibati binalar, bərpa olunan tarixi memarlıq abidələri rayonun simasını tamamilə dəyişib, gözəlləşdirib.

Bakının Nərimanov rayonunun simasını dəyişən, daha da gözəlləşdirən səbəblərdən biri Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada həyata keçirilən sosial infrastruktur layihələridir. Bu mənada Heydər Əliyev Fondunun ölkəmizdə gördüyü nəhəng işlərin bir hissəsi Nərimanov rayonu ilə bağlıdır. Kor və zəif görən uşaqlar üçün respublika internat məktəbinin, onun nəzdində musiqi məktəbinin, 6 saylı uşaq poliklinikasının əsaslı təmiri, Psixonevroloji Uşaq Evinin yenidən qurulması, Zərifə Əliyeva adına uşaq bağçasının, "Ankara məktəbi"nin açılması Mehriban xanım Əliyevanın uşaqlara məhəbbətinin və qayğısının bariz təzahürü olmaqla yanaşı, həm də Heydər Əliyev Fondunun Nərimanov rayonunda keçirdiyi mühüm sosial layihələrdir.

Qeyd edək ki, respublikada analoqu olmayan Psixonevroloji Uşaq Evinin əvvəlki binası müasir tələblərə cavab vermirdi. Təxminən 1000 kvadratmetr sahədən, ikimərtəbəli binadan ibarət olan müəssisədəki şərait uşaqların təlim-tərbiyəsi üçün uyğun deyildi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu müəssisədəki bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanması, mövcud problemlərin həllinə dair tapşırıqlar verməsi Psixonevroloji Uşaq Evinin yeni, müasir standartlara uyğun bina ilə təmin  edilməsinə şərait yaratdı. 2009-cu ildə istifadəyə verilən yeni binada uşaqların müalicəsi, və təlim-tərbiyəsi üçün hər cür  şərait var. Psixonevroloji Uşaq Evində epilepsiya, hidrosefal, mikrosefal, uşaq serebral iflici, onurğa beyni şişləri və s. xəstəlikləri olan 7 yaşınadək uşaqlar müalicə olunurlar. Onların müalicəsi və təlim-tərbiyəsi ilə 95 nəfərdən ibarət tibbi, pedaqoji heyət məşğul olur.

"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində Nərimanov rayonu ərazisində inşa olunub istifadəyə verilmiş Respublika Talassemiya Mərkəzi isə Heydər Əliyev Fondunun ölkə səhiyyəsinə böyük töhfəsidir. 2009-cu ildə istifadəyə verilən mərkəz talassemiya xəstəliyinə düçar olanlar üçün ümid yeridir. Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş və ən müasir avadanlıqlarla təchiz edilmiş mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasına nail olunmuşdur.

2007-ci ilin dekabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 6 nömrəli uşaq poliklinikasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir. O, poliklinikada uşaqların peyvənd olunması prosesində iştirak etmiş, yenicə peyvənd edilmiş uşaqların valideynlərinə övladları haqqında tibbi məlumatların yükləndiyi elektron sağlamlıq kartlarını və bayram hədiyyələrini təqdim etmişdir.

Nərimanov rayonundakı "Ankara məktəbi" liseyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmişdir. Təmirdən sonra 1.400 şagirdin təhsil aldığı bu müəssisənin bütün inventarları yeniləri ilə əvəz edilmiş, dəhlizlər və sinif otaqları jalüzlərlə, kimyafizika fənn kabinələri isə müasir laboratoriya cihazları ilə təmin edilmişdir. 2006-cı ildə Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bilik  günü münasibətilə "Ankara məktəbi"nin açılışında iştirak etmişlər.

 

Fondun dəstəyi ilə Həştərxan vilayətində iri layihələr həyata keçirilir

 

Sülhün möhkəmləndirilməsi, humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə humanitarsosialyönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də  təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsiylə Nərimanov rayonu ilə qardaşlaşmış Rusiya Federasiyasının Həştərxan vilayətində də bir sıra iri layihələr həyata keçirilmişdir.

Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında xeyli müddətdir iqtisadi-siyasi və mədəni sahədə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir. Nərimanov rayonu tərəfindən bu əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli işlər görülüb. 2010-cu ildən başlayaraq bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirilib.

Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb, Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilib, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunub, müasir standartlara uyğun iki yeni korpus inşa edilib və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılıb, mebeltexniki avadanlıqla təchiz edilib.

Həyata keçirilən layihələrin davamı olaraq, 2012-ci il sentyabrın 12-də Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Azərbaycan və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış "Arzu" uşaq əyləncə şəhərciyinin açılışı, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri - Müqəddəs Knyaz Vladimir məbədi önündə Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimi keçirilib.

Qarşılıqlı əməkdaşlığın bariz nümunəsi kimi 2012-ci il dekabrın 19-da Nərimanov rayonunun ərazisində yeni salınmış parkda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə "Bakı və Həştərxan dostluğu" abidəsinin təməlqoyma mərasimi keçirilib.

Ötən il dekabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsinin və onun yerləşdiyi ərazidə salınmış parkın təntənəli açılış mərasimi keçirilib. Bundan başqa, həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmiş "Meçta" uşaq kafesinin açılışı olub, həmçinin Həştərxan şəhərinin "Bakinskaya" küçəsində Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcək yeni uşaq bağçasının təməli qoyulub.

 

Nərimanov sakinlərinin qürur yeri

 

Özünün füsunkar gözəlliyi ilə dünyadakı möhtəşəm memarlıq əsərləri ilə bir sırada dayanan Heydər Əliyev Mərkəzi isə bütün Nərimanov sakinlərinin fəxr yeridir. Çünki Azərbaycan dövlətinin qurucusu və memarı, Heydər Əliyevin adının əbədiləşdirilməsinə və ideyalarının reallığa çevrilməsinə ən böyük töhfə olan mərkəz 2012-ci ildə fəaliyyətə başladıqdan sonra Nərimanov rayonu həm də beynəlxalq tədbirlər məkanına çevrilib. Digər tərəfdən, mərkəzin ətrafında salınan park sakinlərin sevimli istirahət yeridir.

Qafqazda analoqu olmayan, Azərbaycanın yeni simvoluna çevrilən, nadir memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzinin açılış mərasimində respublika Prezidenti İlham Əliyev, respublikanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, respublikanın rəsmi dövlət və hökumət nümayəndələri iştirak etmişlər. Açılış günündə burada ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

Hazırda mərkəz ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, ulu öndərin irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin ölkəmizdə tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi həmçinin digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr həyata keçirir.

İstifadəyə verildiyi vaxtdan Heydər Əliyev Mərkəzində beynəlxalq və respublika səviyyəli tədbirlər də keçirilir. Krans Montana Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi, dünyanın məşhur sənət adamlarının sərgiləri, konsert proqramları, təqdimatlar və digər mötəbər tədbirlər məhz Heydər Əliyev Mərkəzində keçirilib.

Azərbaycanın sürətli və dinamik inkişafı Nərimanov rayonuna təsirsiz ötüşməyib. Paytaxtın bu hissəsi indi hər bir sahədə özünün modern yüksəlişi ilə diqqəti cəlb edir. Bu yüksəlişdə ölkə Prezidentinin fəaliyyətinə böyük dəstək verən Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun təşəbbüsü ilə həyata keçirilən hər bir layihə, hər bir tədbir rayon ictimaiyyətinin ürəyincədir. Hər bir rayon sakini bu diqqətə görə Mehriban xanım Əliyevaya minnətdardır.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 8 may.- S.11.