Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

 

Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, nazirliyin əməkdaşları iştirak etmişlər.

FHN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin əməkdaşları və tədbir iştirakçıları Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirmişdir ki, Ulu Öndərin anadan olmasının ildönümünü qeyd etmək üçün toplaşdığımız bu akademiya, nazirliyin digər strukturları və obyektləri, həmçinin ölkəmizdə aparılan quruculuq işləri kontekstində görülmüş digər mühüm işlər ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir. Ümummilli Liderimiz hələ Sovet İttifaqı dövründə başqa respublikalarda olmayan möhtəşəm obyektlərin istifadəyə verilməsinə nail olmuşdu.

Kəmaləddin Heydərov demişdir ki, 2005-ci ildə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkəmizdə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması, neft-qaz sənayesi, kənd təsərrüfatı və digər sahələrin təhlükəsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün ölkəmizdə iqtisadiyyatda əldə olunmuş böyük nailiyyətlər, hərbi, kosmik və digər sənaye sahələrinin dinamik inkişafı Azərbaycanı dünyada nüfuzlu ölkələrdən birinə çevirmişdir. Bir çox ölkələr bizə həsəd aparır, bədnam qonşumuz işğalçı Ermənistan isə təşviş içərisindədir. Mən Prezident İlham Əliyevi əmin edirəm ki, Fövqəladə Hallar Nazirliyionun strukturları gələcəkdə də Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcək, vətəndaşların təhlükəsizliyi və rahat həyatını təmin edəcəkdir. Bütün Azərbaycan xalqı kimi, biz də inanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə azad olunacağı gün uzaqda deyildir.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, FHN-in kollektivini ulu öndər Heydər Əliyev haqqında söz deməyə ona görə haqqı vardır ki, bu nazirlik onun ideyalarının həyata keçirilməsində öndə gedən ən mühüm qurumlardan biridir.

Ə.Hüseynli müasir Azərbaycan dövlətinin banisiqurucusu olan Ulu Öndərin demokratikhüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs etmişdir. 

 

Azərbaycan.- 2014.- 11 may.- S.9.