Natali Qule: ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllini tapmaqdan daha çox bu problemin həllini dondurmuşdur

 

 ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllini tapmaqdan daha çox bu problemin həllini dondurmuşdur.

Bu sözləri AzərTAc-a müsahibəsində Fransa Senatının Azərbaycanda səfərdə olan üzvü xanım Natali Qule demişdir.

Fransalı senator bildirmişdir ki, uzun illərdən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyişin olmaması təəssüf doğurur. Bu isə münaqişənin həllinin dondurulmasıdır.

N.Qule vurğulamışdır ki, ərazisi işğal edilmiş, çoxsaylı qaçqın və məcburi köçkünləri olan ölkəni dəstəkləmək lazımdır. Qafqazın bu hissəsinə lazımi əhəmiyyət vermək, etibarlı tərəfdaş olan Azərbaycanın bu probleminin həllinə kömək etmək vaxtıdır.

Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı N.Qule bildirmişdir ki, bu Fond on ildir əsl mədəni strategiya həyata keçirir. Senator demişdir: “Mən daha çox ölkələrarası mübadilələrin möhkəmlənməsi üçün çalışıram. Azərbaycan öz mədəniyyətini, tarixini uğurla təbliğ edir. Mən öz departamentimdə bir çox tədbirlər həyata keçirmişəm. Azərbaycan ilə Fransa arasında ilk qardaşlaşmış şəhər də məhz mənim senator olduğum departamentdə yerləşir. Heydər Əliyev Fondu Fransada abidələrin, məscidlərin bərpasına kömək göstərir”.

Natali Qule xüsusi vurğulamışdır ki, istər Şərqdə, istərsə də Qərbdə Azərbaycan qadınlara seçib-seçilmək hüququ verən ilk müsəlman ölkəsidir. Bu faktın özü Azərbaycanda demokratik dəyərlərin qədim tarixi olduğunu göstərir.

 

Azərbaycan.- 2014.- 11 may.- S.11.