Prezident İlham Əliyev və Prezident
Fransua Olland Azərbaycan-Fransa biznes forumunda iştirak etmişlər
Mayın 12-də
Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa
biznes forumu keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland biznes forumda iştirak etmişlər.
Dövlət başçıları forumda çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin bütün üzvlərini bir daha səmimiyyətlə salamlayıram. Biznes forum iştirakçılarını xüsusilə salamlayıram. Bilirəm ki, bu gün səhər Fransa və Azərbaycan iş adamları biznes forumda bir-biri ilə görüşürlər, danışırlar, fikir mübadiləsi aparırlar. Əlbəttə ki, biznes qurumlarının birgə fəaliyyəti və ticarət əlaqələrinin inkişafı bizim ümumi inkişafımıza gözəl dəstək olacaqdır.
Sizin səfəriniz dünən Fransız Liseyindən başlamışdır, bu gün isə biznes forumda başa çatır. Bu arada Sizinlə apardığım danışıqlar, fikir mübadiləsi və səmimi söhbətlər bir daha bizi əmin edir ki, Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bizim siyasi, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
Şübhə yoxdur ki, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox əlamətdar hadisədir. Bu səfər əlaqələrimizin inkişafına çox güclü təkan verəcəkdir. Biz dünən və bu gün müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi, məsləhətləşmələr apardıq. Bizim gələcək əlaqələrimizin inkişafı ilə bağlı konkret tapşırıqlar da verilmişdir. Bu gün imzalanan və imzalanacaq sənədlər əməkdaşlığımızın müxtəlif aspektlərinin inkişafına xidmət göstərir.
Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə ki, biznes dairələri də bunu yaxşı bilir. Çünki təbii ki, biznes dairələri özlərini siyasi əlaqələr yüksək səviyyədə olan ölkələrdə rahat hiss edirlər. Siyasi əlaqələrimizin inkişafı üçün bundan sonra da müvafiq addımlar atılacaqdır.
Bir sözlə, əlaqələrimiz çoxşaxəlidir və bir çox sahələri əhatə edir. Hər bir sahə üzrə konkret proqramlar vardır, sənədlər imzalanıbdır. Bu, bizə imkan verəcəkdir ki, Fransa-Azərbaycan əlaqələri çoxşaxəli formada inkişaf etsin. Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, regional əməkdaşlıq üçün yeni üfüqlər açır, eyni zamanda, Avropa-Azərbaycan əlaqələrinin inkişafı üçün də Fransa-Azərbaycan əlaqələri çox mühüm rol oynayır. Çünki Fransa Avropanın aparıcı dövlətidir və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında əlbəttə ki, Fransanın xüsusi yeri və rolu vardır.
İqtisadi sahəyə gəldikdə, mən çox şadam ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı birinci ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və imzalanacaq müqavilələr nəticəsində bu rəqəm daha da artacaqdır. Təbii ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Hesab edirəm ki, indiki ticarət dövriyyəsinin həcmi yaxşı bir başlanğıcdır. Bunu artırmaq üçün konkret imkanlar və müştərək siyasi iradə vardır.
Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir - həm investorlar, həm podratçı-kontraktorlar kimi. Hesab edirəm ki, növbəti illərdə biz bu istiqamət üzrə inkişaf edəcəyik. Biz Fransa şirkətlərini Azərbaycanda investisiya qoymaq və bizim layihələrdə podratçı-kontraktor kimi iştirak etmək üçün dəvət edirik.
Bu günə qədər ölkəmiz üçün çox vacib olan bir neçə layihədə Fransa şirkətləri çox fəal iştirak etmişlər, yüksək peşəkarlıq göstərmişlər. Onların çox gözəl reputasiyası vardır. Onlar tərəfindən icra edilmiş layihələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir.
Ümid edirəm ki, biznes forumun nəticəsi
olaraq bizim iş adamları arasındakı əlaqələr
daha da yüksək pilləyə qalxacaqdır. Azərbaycanda
görüləsi işlər çoxdur, infrastruktur layihələri
bizim üçün prioritet təşkil edir. Eyni zamanda,
ölkəmizdə çox gözəl investisiya iqlimi
vardır. Postsovet məkanında birbaşa xarici sərmayələrin
həcminə görə Azərbaycan birinci yerdədir. Son on il ərzində
ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə
qoyulmuşdur. Təkcə keçən il
25 milyard dollardan çox sərmayə
yatırılmışdır. Onlardan 30 faizi
xarici sərmayədir.
Çox sevindirici hal ondan ibarətdir ki, xarici şirkətlər
təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da öz
investisiyalarını qoyurlar. Yəni, Azərbaycanın
uzunmüddətli uğurlu inkişafına böyük inam
vardır. Bu inam əsassız deyildir.
Çünki son illər ərzində iqtisadi
sahədə, ümumiyyətlə, ölkəmizin
inkişafı ilə bağlı atılan addımlar konkret nəticələrə
gətirib çıxarmışdır. Azərbaycan
vətəndaşları, Azərbaycan əhalisi müstəqilliyin
üstünlüklərini gündəlik həyatda
görürlər.
Azərbaycan iqtisadiyyatı çox sürətlə
inkişaf edir.
Deyə bilərəm ki, son on il ərzində
dünya miqyasında ən sürətlə inkişaf edən
iqtisadiyyat Azərbaycan iqtisadiyyatı olmuşdur. Ümumi daxili məhsul üç dəfədən
çox artmışdır. Bununla bərabər,
sosial məsələlər öz həllini
tapmışdır, işsizlik aradan qaldırılıb, cəmi
5 faiz təşkil edir. Xarici dövlət
borcu çox aşağı səviyyədədir, ümumi
daxili məhsulun 8 faizini təşkil edir. Bu,
bizə imkan verir ki, xarici maliyyə bazarlarında ölkə
iqtisadiyyatına istədiyimiz qədər maliyyə
resursları cəlb edək. Ancaq biz bu sahəyə
çox böyük ehtiyatla yanaşırıq. Çünki öz maliyyə imkanlarımız da
vardır. Biz ilk növbədə onlardan
istifadə edirik.
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi
artır. Dünya Davos İqtisadi Forumunun son hesablamalarına
görə, ölkə iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə
görə 39-cu yerdədir. Cəmi 20 ildən
bir qədər çox bazar iqtisadiyyatı prinsipləri
üzərində çalışan iqtisadiyyat
üçün bu, çox böyük göstəricidir.
Onu da qeyd etməliyəm ki, biz müstəqilliyi
qazananda ümumi daxili məhsulumuzda özəl sektorun payı
sıfıra bərabər idi. Hazırda
bu, 80 faizdən çoxdur. Yəni, özəl
sektorun inkişafı, xarici sərmayələrin cəlb edilməsi,
eyni zamanda, dövlət investisiyalarının ölkə
üçün prioritet təşkil edən sahələrə
yönəldilməsi bu gözəl şəraiti
yaratmışdır.
Növbəti illərdə bizim əsas prioritetimiz
qeyri-neft sektorunun inkişafı olacaqdır və bu istiqamətdə
konkret addımlar atılır. Fransa şirkətlərinin
təcrübəsi, onların töhfəsi bizə çox
lazımdır, böyük əhəmiyyət kəsb edir.
Əminəm ki, növbəti illərdə biz
müxtəlif sahələrdə uğurlu əməkdaşlıq
edəcəyik.
Mən prioritetlər arasında nəqliyyat sektorunu qeyd
etmək istərdim. Bilirəm ki, nəqliyyat sektorunda yeni
kontraktların imzalanması gözlənilir. Burada Fransanın dünya səviyyəli təcrübəsi
hər kəs üçün bəllidir. İnformasiya-kommunikasiya sektorunun inkişafı bizim
üçün prioritetdir. Biz burada da əməkdaşlıq
edirik, edəcəyik.
Azərbaycan hazırda kosmik sənayenin inkişafı ilə
məşğuldur. Keçən il birinci Azərbaycan
peyki – “Azərspace–1” orbitə buraxılmışdır və
“Arianespace” şirkəti bu sevinci bizə bəxş
etmişdir. Biz növbəti illərdə də
kosmik sənayedə birgə işləyəcəyik. Hesab edirəm ki, Fransa bu sahədə Azərbaycanın
bir nömrəli tərəfdaşı olmalıdır.
Fransa şirkətləri inşaat sektorunda müxtəlif
layihələrdə iştirak edirlər. Kənd təsərrüfatı,
turizm, xüsusilə üzümçülük sektorunun bərpası
gündəlikdə duran məsələdir və burada
Fransadan yaxşı tərəfdaş axtarmaq əlbəttə
ki, düzgün olmazdı.
Bir
sözlə, biz Fransa şirkətlərini Azərbaycanda daha
da böyük həcmdə iş görməyə dəvət
edirik. Yenə də deyirəm, iki istiqamət
üzrə - investor və kontraktor kimi. Beləliklə,
növbəti illərdə, əminəm ki, əlaqələrimiz
daha da yüksək səviyyəyə qalxacaqdır.
Bir-iki kəlmə enerji sektoru ilə bağlı demək
istərdim. Bu sektorun da böyük əhəmiyyəti
vardır. Artıq bu sahədə görülən
işlər regionumuzun çərçivələrindən
çıxıb daha çox qlobal xarakter daşıyır.
Azərbaycan Xəzər dənizindən Qərb
istiqamətinə gedən bütün neft-qaz kəmərlərinin
inşasının təşəbbüskarıdır və
bu layihələrin icrasında liderlik mövqelərinə
malikdir.
Keçən
il XXI əsrin kontraktı
imzalanmışdır. Bu, üç komponentdən ibarətdir:
hasilat, nəqliyyat və satış. Burada
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin əhəmiyyəti
ön plandadır. Bu, layihə Avropanın
ən böyük infrastruktur layihəsidir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən
45 milyard dollar olacaqdır. Əlbəttə
ki, biz Fransa şirkətlərini bu layihələrdə
iştirak etməyə dəvət edirik. Əminəm
ki, bu sahədə əməkdaşlıq həm bizim
müştərək maraqlarımızı təmin edəcək,
həm gözəl biznes imkanları yaradacaq və beləliklə,
Fransa-Azərbaycan dostluğu bundan sonra da uğurla inkişaf
edəcəkdir.
Cənab
Prezident, mən Sizi bir daha ürəkdən salamlayıram. Bir daha mənim dəvətimi qəbul edib Azərbaycana
səfər etdiyiniz üçün Sizə minnətdaram.
Bütün qonaqlarımıza və dost Fransa xalqına
inkişaf, tərəqqi, əmin-amanlıq arzulayıram.
Sağ olun.
X X X
Fransa
Prezidenti Fransua Ollandın
çıxışı
- Cənab
Prezident.
Hörmətli xanım.
Xanımlar və cənab nazirlər.
Hörmətli Azərbaycan və fransız müəssisələrinin
rəhbərləri.
Siz forum məqsədilə buraya
toplaşmısınız. Prezident Əliyevin də
qeyd etdiyi kimi, tədbir müstəsna xarakter
daşıyır. İlk dəfədir ki,
biz olduqca möhtəşəm binada
toplaşmışıq.
Müəssisə rəhbərləri arasında
keçirilən görüşün məqsədi
münasibətlərimizi inkişaf etdirməkdən, əməkdaşlığı
genişləndirməkdən, sərmayələri
artırmaqdan ibarətdir.
Cənab
Prezident, mən mühüm siyasi məsələləri
müzakirə etmək, təxirəsalınmaz mövzular
haqqında danışmaq, o cümlədən tərəfdaşlığımızın
yeni istiqamətlərini müəyyən etmək
üçün bu səfərə gəlmişəm. Əslində, istər Azərbaycan, istərsə də
Fransanın maraqlarına gəldikdə, biz uzun perspektivli
planlara malikik. Beləliklə, həmin
planları məzmunlu etmək üçün strategiya üzərində,
onun təfsilatları haqqında düşünürük.
Bu işləri biz Azərbaycan üçün
görürük və ölkədəki dəyişikliklərin
şahidiyik. Onların miqyası böyükdür. Enerji sahəsinə sərmayələrin cəlb
edilməsi istiqamətində gördüyünüz işlər
təqdirəlayiqdir. Eyni zamanda, nəqliyyat,
tikinti, infrastruktur, yeyinti məhsulları kimi sahələrdə
gördüyünüz işlər, fikrimcə, region və
bütövlükdə dünya üçün nümunəvidir.
Siz ehtiyatlarınızdan lazımi şəkildə
istifadə etməyi bacardınız. Neft və
qazdan inkişaf layihələri üçün ən
yaxşı şəkildə istifadə etdiniz.
Bizim də Fransada, həmçinin eyni planlarımız
vardır. Nə etməliyik? Qarşıdan gələn
on il ərzində hansı işləri
görməliyik? Hansı üstünlüklərə
malik olmalıyıq? Gələcək
üçün hansı perspektivli sənaye sahələrini
müəyyən etməliyik, o sahələrdə ki, Fransa
liderə çevrilsin. Biz “Fransa-34” sənayeləşmə
planını tərtib etmişik. Onları dost ölkələrlə
birgə həyata keçirmək fikrindəyik. Bundan əlavə, Azərbaycan kimi böyük
inkişafda olan ölkələrlə də uzunmüddətli
tərəfdaşlıq qurmalıyıq. Bu
işlə məhz bu gün məşğuluq, yəni,
uzunmüddətli strategiyanı müəyyən edirik.
Siz Fransa ilə Azərbaycan arasında mübadilələri
bu gün xatırlatdınız. Mən bunu sevinc hissi
ilə qarşıladım. İxracımız
dayanmadan artır. Son bir il ərzində
bazardakı payımız iki dəfə artıb. Hazırda o, Azərbaycan bazarının 4 faizini təşkil
edir. Eyni zamanda, biz ölkənizin yeddinci təchizatçısıyıq.
Onda, mənə belə gəlir ki, məqsədə
nail olmuşuq. Məramımız daha böyük nəticələrə
nail olmaqdır. Əvvəlcə biz
ixracımızı artıra bilərik. Həmçinin
Azərbaycandan daha çox karbohidrogen məhsulları idxal edə
bilərik. Bir sözlə, forum münasibətilə
birgə görəcəyimiz iş iki ölkənin müəssisə
rəhbərləri, nazirliklərin məsul nümayəndələri
ilə birgə hərtərəfli inkişafı təmin etmək
məqsədilə biz fransızların və siz azərbaycanlıların
daha yaxından əməkdaşlıq edəcəyimiz
sektorları müəyyən etməkdən ibarət ola bilər.
Birinci sahə enerji sahəsidir. Azərbaycan həm
iqtisadi, həm siyasi baxımdan strateji rol oynayır. Bu, Avropaya enerji təchizatı, onun enerji təhlükəsizliyi
məsələsidir. Bu səbəbdən,
mən illər boyu həmin sahələrdə işləyən
fransız şirkətlərini sizinlə daha yaxından
işləmək üçün buraya dəvət etdim.
Mən xüsusən də “Total” və “GDF-Suez” şirkətlərinin
iştirak etdiyi yeni “Abşeron” yatağını nəzərdə
tuturam. Bilirəm ki, bu iki böyük fransız
şirkəti layihələri gəlirli etmək məqsədilə
sərmayə qoyuluşu baxımından daha çox işləri
görmək arzusundadır.
Siz, həmçinin enerji
daşıyıcılarının
çatdırılması yollarını şaxələndirmək
istəyirsiniz.
Sizin 100, 150 il ərzində yetərli
olacaq neft və qaz ehtiyatlarınız vardır. Bəli, hələ
ki, bilmirik, bu, 100, yoxsa 150 il olacaqdır. Lakin bu əminlik bizdə artıq vardır, əgər
digər ehtiyatları istifadə etməsək, bu, belə də
olacaqdır.
Bizim ölkəmizin isə, öz ehtiyatları yoxdur. Beləliklə,
enerji mənbələrini şaxələndirməliyik.
Siz də istiqamətlərinizi şaxələndirməlisiniz.
Çünki hər zaman işləri əvvəlcədən
planlaşdırmaq lazımdır. Bu halda,
biz Azərbaycana yardım etməyə və öz
texnologiyalarımızla enerji inkişafınızı, hətta
nüvə enerjisi, bərpa olunan enerji sahəsində tərəqqinizi
təmin etməyə hazırıq.
Bundan əlavə, kosmos sahəsi vardır. “Arianespace”in
adını çəkdiniz. Ötən il,
peykiniz uğurla fəzaya buraxıldı. Digər
bu kimi hallar da təmin edilə bilər. Kosmos sahəsində
biz çox mühüm razılaşmalara nail olmuşuq.
İnanmaq istərdim ki, bu, bizim böyük tərəfdaşlığımızın
başlanğıcı ola bilər. Çünki bunun nəticəsində bütöv
telekommunikasiya sektoru dəyişəcəkdir. Digər iri müəssisələrimiz – “Thales”,
“Airbus Defense and Space” vardır. Bilirəm
ki, bu müəssisələr artıq sizinlə işləyir.
Üçüncü sahə dayanıqlı şəhər
inkişafıdır. Bakıda genişmiqyaslı yeniləşmə
işləri aparılır, böyük dəyişikliklər
gedir. Dünən biz fransız məhəlləsini
ziyarət etdik. Orada öz gözlərimlə
gördüm ki, binalar sıfırdan qaldırılır.
Hətta orada söhbət etdiyimiz zaman belə
işlər dayanmırdı, lap liseydəki kimi. Mən şəhərin elə bir hissəsini
gördüm ki, orada illər boyu sənaye zonaları, gəmi
təmiri zavodu yerləşirdi. Siz orada
“Eurovision” müsabiqəsi üçün saray tikdiniz və
hazırda həmin yerdə böyük mədəni tədbirlər
keçirilir. Bu, turizm zonasına
çevrilib. Beləliklə, siz sübut etdiniz ki, bir
neçə il ərzində şəhər
nəinki iqtisadi inkişafdan faydalana, o cümlədən
şəhərsalma planları əsasında daha gözəlləşə
bilər.
Bir sözlə, bütün imkanlarımızla sizin
yanınızdayıq. Məsələn, nəqliyyat məsələlərində
yardım edə bilərik. Tullantılar məsələsi
həll olunmaq üzrədir. “CNIM” kimi iri
fransız şirkətləri buradadır. Beləliklə, çirkab suların təmizlənməsinə
gəldikdə, digər şirkətlərimiz də səlahiyyətinizdədir.
Eyni zamanda, sizi rəqəmsal məhsullar sahəsində
müşayiət etməyə hazırdırlar. Çünki reallıqda sabahın, ümumiyyətlə,
gələcəyin şəhəri elə bir məfhumdur ki,
biz onu ixtira etməliyik. Yəni, yeni
yaşayış tərzini formalaşdırmaq
üçün bütün bu texnologiyalar bir araya gətirilməli,
eyni məqsədə xidmət etməlidir.
Gələn illərdə Bakı və istədiyiniz digər
şəhərlər də var ki, onları inkişaf etdirmək
istəyirsiniz.
Bu sahədə də tələbatınıza
cavab vermək üçün biz bütün
imkanlarımızdan istifadə etməyə hazırıq.
Digər sahə, kənd təsərrüfatı və
aqroərzaq sahəsidir. Burada kənd təsərrüfatı ənənələri
vardır. Bu məhsullar yüksək
keyfiyyəti ilə seçilir. Siz
üzümçülük sahəsini qeyd etdiniz. Lakin maldarlıq və süd məhsulları sahəsi
də vardır. Bu sahədə, həmçinin
şirkətlərimiz və bölgələrimiz
mövcuddur. Onlar xüsusən də
maldarlıq sahəsində öz bacarıqlarını, təcrübəsini
təqdim edə bilər. Sizinlə bilikləri,
nou-haunu bölüşə bilərlər.
Nəhayət, turizm sahəsi. Azərbaycanı
çox sayda turistləri qəbul edə biləcək
böyük turizm ölkəsinə çevirmək arzunuzdan
xəbərimiz vardır. İki
gündür buradayam və açıqlığın
mövcudluğunu görürəm. Sizin
infrastruktur vardır, istəyiniz mövcuddur. Biz isə öz nou-haumuzu ölkənizdə tətbiq
edə bilərik. Bilirəm ki, buradakı
bir çox şirkətlər öz sahələri üzrə
əməkdaşlıqda maraqlıdırlar.
Mən digər sahələri də qeyd edə bilərdim. Lakin eyni
zamanda, idman və mədəni tədbirlər də
vardır. Fransa hesab edir ki, mədəniyyət
və idman sadəcə dəyər, vacib hesab etdiyimiz prinsiplər,
təmin etdiyimiz azadlıqlar, ictimaiyyətimizə gətirdiyi
səadət deyil, onlar, o cümlədən mühüm
inkişaf istiqamətləridir. Siz
seçiminizi etdiniz. Luvrda İslam mədəniyyət
hissəsinin açılışını da mümkün
etdiniz. Bu münasibətlə sizə təşəkkürümü
bildirmək istəyirəm. Bilirəm ki,
xanımınız iki ölkənin incəsənət sahəsində
yaxınlaşması üçün çox işlər
görür. Lakin idman sahəsi də
vardır. Bu yaxınlarda idman tədbirini
keçirəcəksiniz. Bu sahədə də sizi
müşayiət etməyə hazırlıq, çünki
bu fəaliyyət çox iş yerlərini aça və
burada işləmək istəyən digər şirkətləri
də cəlb edə bilər. Məsələn, biz də Azərbaycan
sərmayələrini istəyirik ki, bizim ölkədə də
yeni iş yerləri açılsın. Şirkətləriniz
idman, mədəniyyət və sənaye, tikinti sahəsində
sərmayə qoya bilər. Bilirəm ki,
biz bunun üçün müvafiq şərait
yaratmalıyıq.
Cənab
Prezident.
Xanımlar və cənablar.
Bir səfər digər səfərlə nəticələnə
bilər. Mənim
səfərim ölkələrimizin, hökumətlərimizin,
iş adamlarımızın səylərinə davam olaraq həyata
keçirilir. Bilirəm ki, Prezident Əliyev bu
görüşün uğurlu keçməsinə nə qədər
əhəmiyyət verir. Bu səfər
ölkələrimizin müəssisələri
üçün bir sıra tərəfdaşlıq nümunələri,
müqavilə və razılaşmalarla nəticələnə
bilər. Arzu edirəm ki, bu, yaxşı
bir fürsət olsun. Mübadilələr
daha çox olsun, səfərlərin sayı artsın və
biz uzunmüddətli tərəfdaşlığımızı
müəyyən edə bilək. Görülən
işlər yalnız birinci mərhələdir və biz,
ölkələrimizin qurumları Fransa ilə Azərbaycan
arasında gələn on il
üçün ümumi inkişaf strategiyamızı birlikdə
həyata keçirə bilərik.
Cənab
Prezident, Fransaya etimad göstərdiyinizə görə minnətdaram.
X X X
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland
biznes forumda iştirak edən iş adamlarının
suallarına cavab verdilər.
Fransanın
“NFM Technologies” şirkətinin baş icraçı direktoru
Alain DELEARD: Cənab Azərbaycan Respublikasının Prezidenti,
cənab Fransa Respublikasının Prezidenti, Sizi salamlayıram.
Mən “NFM Technologies” şirkətinin baş
icraçı direktoruyam. Müəssisəmiz dünya
miqyasında artıq iyirmi beş ildir ki,
tunellərin dizaynı və qazılması ilə məşğul
olur, onları istismar edir. Sualım belədir: Tunel xidmətlərindən
istifadə edəcək hansı metro, dəmir yolu, quru
yollarının, eləcə də su kəmərlərinin
çəkilməsi layihələri vardır? Bu
sahədə gündəlik necədir? Vaxt
cədvəli varmı? Bu layihələr
üçün maliyyə resursları ayrılıbmı?
Prezident
İlham ƏLİYEV: Nəqliyyatla bağlı olan layihələr
bizim üçün prioritetdir və son illərdə
dövlət xərclərinin böyük hissəsi nəqliyyat
sektorunun inkişafına yönəldilmişdir. Çünki biz yaxşı başa
düşürük ki, müasir nəqliyyat sistemi olmadan
ölkəmizi hərtərəfli inkişaf etdirmək
mümkün deyildir. O cümlədən şəhər
nəqliyyatı ilə bağlı tədbirlər
görülür. Metronun inkişafı ilə bağlı
Dövlət Proqramı bir neçə il
bundan əvvəl qəbul edilmişdir. Hazırda
Bakı şəhərində 23 metro stansiyası vardır.
Demək olar ki, son illərdə hər il
bir stansiya istifadəyə verilir və Dövlət
Proqramına uyğun olaraq, 2030-cu ilə qədər
stansiyaların sayı 70-ə çatmalıdır. Yəni, Bakı şəhərində 50-yə
yaxın metro stansiyası tikiləcək və beləliklə,
bütün şəhər metro ilə təmin ediləcəkdir.
Əlbəttə, bu layihələri icra etmək
üçün bizim öz imkanlarımız vardır. Maliyyə
imkanlarımıza gəldikdə, biz burada heç bir problem
görmürük. Çünki biz bu
layihələri dövlət büdcəsi hesabına icra
edirik. O ki qaldı işin icrası ilə bağlı
olan məsələlər, burada həm Azərbaycan, həm də
xarici şirkətlər uğurla fəaliyyət göstərə
bilər.
Mən bilirəm ki, Fransanın bəzi şirkətləri
tərəfindən bu sahəyə böyük maraq göstərilir
və bizim aidiyyəti qurumlarla danışıqlar
aparılır. Ümid edirəm ki, bu danışıqların
yaxşı nəticələri olacaqdır və Fransa
şirkətləri Bakıda həm metro tikintisi sahəsində,
eyni zamanda, müasir metro vaqonlarının təchizatı
işində bizə dəstək olacaqlar. Buna
da böyük ehtiyac vardır. Çünki
biz bu sahəni müasirləşdiririk, yeniləşdiririk.
Bizə bu sahədə ən gözəl təcrübəyə
malik olan strateji tərəfdaş lazımdır və siz də
yaxşı bilirsiniz ki, Fransa şirkətləri burada
çox böyük təcrübəyə malikdir.
Eyni zamanda, dəmir yolunun reabilitasiyası və tikintisi
ilə bağlı çox böyük layihələr icra
edilir. Mən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd
etmək istəyirəm. Bu layihə gələn il artıq istifadəyə veriləcəkdir. Bu layihə Azərbaycan, Türkiyə və
Gürcüstanı dəmir yolu xətti ilə birləşdirir
və eyni zamanda, Asiyanı Avropa ilə birləşdirir.
Biz bir növ dəmir ipək yolunu
yaradırıq və qədim “İpək yolu”nu bərpa
edirik. Həm Türkiyədə, həm
Gürcüstanda, həm də Azərbaycanda dəmir
yollarının tikintisi və reabilitasiyası, təmiri layihələri
icra edilir. Bu yolların təmirindən sonra
qatarların sürəti saatda ən azı 140 kilometr
olacaqdır. Bu məqsədlə, əlbəttə
ki, bizə həm yeni vaqonlar, həm də lokomotivlər
lazım olacaqdır. Bildiyimə görə,
bu sahədə də Fransa-Azərbaycan şirkətləri
işləyirlər, çalışırlar. Çox güman ki, bu sahədə də müvafiq
müqavilə imzalanacaqdır.
Yəni, görüləcək bütün bu işlər
haqqında bu gün əlbəttə ki, geniş məlumat
vermək mümkün deyildir. Əsas məsələ
ondan ibarətdir ki, bu sahədə əməkdaşlığı
dərinləşdirmək üçün hər iki tərəfin
çox gözəl niyyəti vardır.
“Ata
Holding” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin
sədri Adıgözəl AĞAYEV: Mənim sualım Fransa
Prezidentinədir. Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan
son illər energetika sahəsində böyük uğurlar
qazanıb. Ölkəmizdə enerji ixracı
potensialı böyükdür. Azərbaycan
artıq Avropanın enerji təhlükəsizliyinin təmin
olunması işinə öz töhfəsini verməkdədir.
Cənab Prezident, Fransa Hökuməti gələcəkdə
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsi istiqamətində fəaliyyətinə necə dəstək
verəcəkdir? Təşəkkür edirəm.
Prezident
Fransua OLLAND: Bu sualı bu gün səhər biz Prezident
Əliyev ilə müzakirə etdik. Çünki
Azərbaycan böyük sərmayələr qoymağa
hazırlaşır. Öz
ehtiyatlarının işlənilməsi, xüsusən də
qazın hasilatı və nəhayət, öz enerji
daşıyıcılarının istehlakçı ölkələrə
çatdırılması üçün
çalışır. Bu sahədə də
planlarımız vardır. Genişmiqyaslı
işləri görmək üçün bu planlar on, iyirmi,
otuz illəri əhatə etməlidir. Böyük
xərclər tələb olunur. Əgər
biz müəssisələri cəlb etmək istəyiriksə,
şirkətin ölkəsindən asılı olmayaraq və əgər
maliyyə imkanlarını səfərbər etmək istəyiriksə,
onda biz bu imkanları yaratmalıyıq. Beləliklə,
bu, ikitərəfli prosesdir, burada iqtisadi maraqlar vardır.
Çünki ola bilsin digər yataqlarda
hasilatın aparılması üçün bu gün bəlkə
də böyük sərmayələr tələb oluna bilər.
Çünki perspektivdə onların
istehlakçı ölkələrə çatdırılmasında
bu layihələr iqtisadi səmərə verə bilər.
Bu, həmçinin strateji maraqlardır ki, gələn
illərdə mən bütün Avropanı bu məsələyə
səfərbər etməyə çalışacağam.
Avropa elə bir qitədir ki, dünyanın
aparıcı iqtisadi qüvvəsinə çevrilməkdə
iddialıdır. Bunu demək azdır.
Avropa dünyanın birinci iqtisadi
gücüdür. Baxmayaraq ki, son illərdə
biz böhran yaşamışıq, yenə də
inkişafımızı artıq bərpa edirik. Bu artım texnologiya baxımından daha intensiv
olmalı, yeni istehlak növlərini yaratmalıdır. Bu keçidi biz təmin etməliyik. Avropa öz enerji təhlükəsizliyini də təmin
etməlidir, öz təchizat mənbələrini şaxələndirməlidir,
öz şəbəkələri arasında
qarşılıqlı əlaqəni yaratmalıdır.
Beləliklə, iqlim istiləşməsinə
qarşı mübarizə kimi vahid məqsəd uğrunda
çalışmalıdır. Bir sözlə,
Avropanın gələcəyi enerji təhlükəsizliyidir,
rəqabətədavamlı qiymətlərdir. Çünki hazırda enerji qiymətləri üzrə
böyük rəqabət gedir. Avropa, həmçinin
iqlim istiləşməsinə qarşı mübarizə
aparmalıdır. Bu baxımdan, Avropa
mütəşəkkil olmalıdır.
Mən mayın 25-də keçiriləcək
seçkiləri qeyd etdim. Söhbət
Avropanı gələcəkdə idarə edəcək şəxslərin
seçilməsindən gedir. Lakin, həmçinin
məzmunlu addımlar atmaq, eyni zamanda, lazımi siyasəti
yürütməkdən söhbət gedir. Ən azı
gələn beş il ərzində həmin
Avropa layihələrinə gəldikdə, fikrimcə, biz
enerji təhlükəsizliyi ilə bağlı qərarları
qəbul etməliyik. Beləliklə, infrastruktur
şəbəkəsini yaratmalı və qaz
ehtiyatlarınızı Avropa istehlakçılarına
çatdırmalı və bununla, təchizat mənbələrini
şaxələndirməli və daha güclü enerji təhlükəsizliyini
təmin etməliyik.
Daha böyük müstəqilliyimizi, yəni, digər
ölkələrə münasibətdə deyil, öz
Avropamız üçün müstəqilliyimizi təmin etməliyik. Böhran xatirinə sadəcə
oturub sual verməli deyilik: təchizatımız
üçün nə edək? Xeyr. Hərəkətə keçmək
üçün oturub böhranı gözləmək
lazım deyildir. Bunu əvvəlcədən
görməliyik. Onun
qarşısını almalıyıq. Məqsədimiz
bu cür olmalıdır. Müstəqil
olmaq üçün daha da mütəşəkkil
olmalıyıq. Hesab edirəm ki, müstəqil
olan Azərbaycan da bu məqsəddə iştirak edəcəkdir.
Fransanın
“Iveco” şirkətinin baş icraçı direktoru Pyer
LAHUTTE: Salam. Hörmətli Fransa Respublikasının Prezidenti,
hörmətli Azərbaycan Respublikasının Prezidenti, əvvəlcə,
olduqca məhsuldar biznes forumu təşkil etdiyinizə görə
minnətdaram. Mən “Iveco” şirkətini təmsil
edirəm. Biz bu gün 150 avtobusun təchizat
prosesini başa çatdırmışıq. Bu nəqliyyat vasitələri şəhərdə
sərnişinlərin rahat daşınması
üçün Fransanın bacarıq və təcrübəsini
özündə əks etdirir. Onların
davamlı inkişafa cavab verdiyini nəzərə alsaq, bu
vasitələr çox faydalıdır. Bakı,
həmçinin həmin 150 avtobusla artıq Parisdəki
imkanlardan istifadə edəcəkdir. Bunu
xüsusilə qeyd edirəm. Bilmək istərdim,
Bakı və Azərbaycanın digər şəhərləri
üçün davamlı inkişafa gəldikdə, həmin
nəqliyyat vasitələri hansı rol oynayıblar?
Prezident
Fransua OLLAND: Paris şəhərinə gəldikdə,
lütfən nəzərə alın ki, mən bu suala cavab
verməyəcəyəm. Çünki səlahiyyətlərin
bölgüsü məsələsi vardır. Lakin mesajı çatdıracağam.
Prezident
İlham ƏLİYEV: Mən deyə bilərəm ki, hər bir
şəhər çalışmalıdır ki, Parisin səviyyəsinə
çata bilsin. Çünki Paris şəhərlər
arasında ən gözəl şəhərdir,
dünyanın ən gözəl şəhəridir. Əminəm ki, həm Fransa, həm Azərbaycan
nümayəndələri mənim sözümü dəstəkləyərlər.
Onu qeyd etməliyəm ki, Bakının qədim memarlıq
əsərləri də Fransa memarlıq sənətindən
nümunə götürüb və ondan ruhlanıb. Çünki
əgər Bakının XIX əsrdə, XX əsrin əvvəllərində
tikilmiş binalarına nəzər salsanız, görərsiniz
ki, Avropa memarlıq üsulları özünü büruzə
verir. Əlbəttə ki, Avropa memarlığı
deyəndə, ilk növbədə biz Fransanı nəzərdə
tuturuq.
Bakının sürətli inkişafı, əlbəttə
ki, bizi sevindirir. Eyni zamanda, deyə bilərəm ki, biz bu
inkişafda inkişaf etmiş ölkələrin təcrübəsini
öyrənmişik, baxmışıq, nümunə
götürmüşük. Fürsətdən
istifadə edərək onu da qeyd etməliyəm ki,
Fransanı və fransalıları yüksək zövq fərqləndirir.
Dizayn, zövq – bu, tarixdən gələn bir
istedaddır. Əlbəttə ki, bu
gün Parisdə və Fransanın digər şəhərlərində
yaşayan insanlar bu gözəlliyi görərək yeni əsərlər
yaradırlar. Bu da təbiidir.
Fürsətdən istifadə edərək bir daha qeyd
etməliyəm ki, Fransa dünya mədəniyyətinə,
incəsənətinə, elminə və memarlıq sənətinə
əvəzolunmaz töhfələr vermişdir. Bu gün
müasir texnikanın istehsalı sahəsində yenə də
biz Fransa məhsullarında yüksək zövq, keyfiyyət və
xarici gözəllik görürük.
Avtobuslara gəldikdə, siz yaxşı bilirsiniz ki,
dünyanın müxtəlif yerlərində avtobuslar istehsal
olunur və Bakıda yeni avtobusların gətirilməsi layihəsi
gündəlikdədir. Əlbəttə ki, bizim mütəxəssislər və
ictimaiyyət bu məsələ ilə tanış
olarkən Fransa avtobuslarına üstünlük verdilər. Çünki onlar ən gözəl,
yaraşıqlı, ekoloji cəhətdən təmiz və
keyfiyyətlidir.
Bildiyimə görə, 150 müasir avtobusun Azərbaycana
gətirilməsi ilə bağlı kontrakt imzalanmağa
hazırdır. 150 avtobusun alınması
üçün opsion vardır və mən hesab edirəm ki,
gələcəkdə Fransadan yüzlərlə avtobus
Bakıya gətiriləcəkdir. Çünki
bizim ehtiyacımız artır, əhali artır, tələbat
artır və bəlkə gələcək illərdə bir
neçə min avtobusdan söhbət gedə bilər. Bu da həm ticarət dövriyyəmizi artıracaq,
eyni zamanda, Bakı sakinlərinə Fransa səviyyəli nəqliyyat
xidmətini göstərəcəkdir.
“Synergy
Group” ASC-nin Müşahidə Şurasının sədri
Riyad HÜSEYNOV: Sualım Fransa Prezidentinədir. Fransa Avropanın aparıcı iqtisadiyyatlarından
biridir. O cümlədən Azərbaycanın sürətli
iqtisadi inkişafı son illər ölkəmizin investisiya
potensialını daha da möhkəmləndirmişdir. Ölkələrimiz arasında
qarşılıqlı investisiya qoyuluşu sahəsində əməkdaşlığın
gələcəkdə daha da genişləndirilməsi
imkanlarını necə dəyərləndirirsiniz?
Prezident
Fransua OLLAND: Mən getdiyim hər bir yerdə Fransaya gəlmək
istəyən sərmayədarları gördüyüm zaman
eyni müraciətlə çıxış edirəm. Bəli,
ölkəmizə gəlmək, iş görmək, iş
yerlərini fransız müəssisələri ilə birgə
açmaq olar. Müştərək
addımlarla, tərəfdaşlıqla etmək olar. Bəzən hətta müştərək fəaliyyətə
ehtiyac olmasa, həmin şirkətlər Fransanın
iqtisadiyyatında öz yerlərini tuta bilər. Biz bunu arzu edirik. Lakin şərtlərimiz
də var, çünki bəzi sənaye sahələrində
aparıcı mövqeni qoruyub saxlayırıq. Elə
etməliyik ki, sərmayələr bir neçə ili yox, uzun perspektivi nəzərdə tutsun. Lakin burada mən hazır olduğumuzu Sizə bəyan
edirəm ki, biz Fransanın inkişafında iştirak etmək
və müxtəlif sahələrdə işləmək istəyən
Azərbaycan sərmayədarlarını müşayiət
etməyə hazırıq.
Biz, həmçinin ümumi iradə ilə birgə
olaraq üçüncü ölkələrə sərmayə
qoya bilərik.
Azərbaycan və Fransa kapitalı ilə
texnologiyalarımız əsasında nou-haunu
üçüncü ölkələrdə tətbiq edə
bilərik. Bu barədə biz, həmçinin
Prezident Əliyev ilə söhbət apardıq. Beləliklə, arzu edirəm ki, bu forum çərçivəsində
burada, Azərbaycanda sərmayə qoymaqda, eləcə də
Fransada işləməkdə tərəfdaşlıq quraq və
sonradan birlikdə yeni bazarlara daxil olaq.
Sözümü Fransa haqqında söylədiyi
xoş sözlərə görə Prezident Əliyevə minnətdarlığımı
bildirməklə bitirmək istərdim. Bilmirəm, indiki bəyanatımı
Fransanın ictimai rəyi üçün lentə yazaq, yoxsa
yox?! Çünki biz özümüzlə çox
öyünən xalqıq. Biz öz haqqımızda
danışmağı sevirik. Hər zaman öz
haqqımızda danışanda o qədər ürəkaçan
sözləri söyləmirik. Lakin digər şəxslər
bizim haqqımızda qeyri-məqbul danışanda, biz dərhal
reaksiya veririk. Lakin bu, çox nadir hallarda baş verir. Demək olar
ki, mümkünsüzdür. Əgər mən
Prezident Əliyevin söylədiyini düzgün başa
düşdümsə, onun Paris, Fransa, ölkənin
imkanları, texnologiyaları, nou-hausu haqqında
danışdıqlarını ən azı təkrarlamaq istərdim.
Əlbəttə ki, Fransada yaşam tərzi, mədəniyyət
və Fransanın nüfuzunu formalaşdıran digər
meyarlar vardır. Lakin Fransanı sevəndə, onun hər
guşəsini sevirik. Çünki o, dəyələri,
prinsipləri və tarixi və həyat tərzini əks
etdirir. Lakin burada innovasiyalar, bacarıqlar,
texnologiyalar da vardır. Burada ən
yaxşı texnologiyalara gəldikdə, hər şey
vardır. Biz nəqliyyat, enerji, kosmos,
şəhərsalma haqqında danışdıq. Hələ yeni texnologiyaları demirəm. Fransa bir tərəfdən mədəniyyət və
ənənələrdir, dəyər, prinsip və tarixdir, digər
tərəfdən isə gələcəkdir. Fransa öz qüvvələrini, üstünlüklərini
nəzərə alıb gələcəyi digərləri ilə
bölüşməlidir və xüsusən də Fransanı
sevənlərlə bölüşməlidir. Azərbaycan Fransanı sevir və onun özü də
seviləcəkdir.
X X X
Daha sonra forumda iqtisadi sahədə əməkdaşlığa
dair ikitərəfli sənədlərin imzalanması mərasimi
keçirildi.
Mərasimdə
“Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası”
İctimai Birliyinin təsis yığıncağının qərarı,
sərnişin avtobuslarının təchizatına dair
müqavilə, yük lokomotivlərinin alınmasına dair
müqavilə, Azərbaycanın Gəncə şəhəri,
Şəmkir, Göygöl və Balakən rayonlarının
icra hakimiyyətləri ilə Fransanın Burqundiya regionunun Yon
vilayətinin Ali Şurası arasında dostluq və əməkdaşlıq
sazişi, Azərbaycanın Tovuz şəhəri və
Fransanın Konyak şəhəri arasında qardaşlaşma
sazişi, “Airbus Dies” şirkəti ilə “Azərkosmos” ASC
arasında Yerin müşahidə xidmətləri sahəsində
əməkdaşlığa dair anlaşma memorandumu, praktiki təlim,
nou-hau ötürülməsi və texniki yardıma dair
müqavilə, “Air Liquide” şirkəti ilə Sumqayıt
Kimya Sənaye Parkı arasında əməkdaşlığa
dair anlaşma memorandumu, “Bouygues Travaux Publics” şirkəti ilə
“Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasının
yenidən qurulması və metropolitenin yaşıl xəttinin
“Xətai”-“Həzi Aslanov-2” hissəsinin tikintisinə dair
anlaşma memorandumları, “Thales” şirkəti ilə
“Bakı Metropoliteni” QSC arasında ilkin araşdırmaların
aparılması və təlim-tədris əməkdaşlığına
dair anlaşma memorandumları, “Alstom Transport” şirkəti ilə
“Bakı Metropoliteni” QSC arasında təchizat müqavilələrinə
dair anlaşma memorandumu imzalandı.
Azərbaycan.-
2014.- 13 may.- S.5.