Azərbaycanın gənclər və idman naziri fransalı həmkarı ilə görüşmüşdür

 

Mayın 12-də Gənclər və İdman Nazirliyində Azərbaycanda rəsmi səfərdə olan Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri xanım Najat Vallaud-Belkacem ilə görüş keçirilmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, nazir Azad Rəhimov 2015-ci ildə Azərbaycanda ilk dəfə keçiriləcək Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat vermiş, yeni idman qurğularının tikildiyini, idman obyektlərinin təmir edildiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, 2015-ci ildə ölkəmizə təşrif buyuracaq fransalı idmançılar Bakıdan ən xoş xatirələrlə ayrılacaqlar. Yarışlarda iştirak üçün 6 mindən çox idmançı Bakı şəhərinin qonağı olacaqdır.

A.Rəhimov Azərbaycan ilə Fransa arasındakı dostluq münasibətlərinin daim inkişaf etməsini yüksək qiymətləndirmiş, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə xanım Najat Vallaud- Belkacemin dostluq münasibətlərinin iki ölkənin əlaqələrinin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Sonra A. Rəhimov gənclər və idman nazirliyinin tarixi, fəaliyyət istiqamətləri, gənclər və idman sahəsində dövlət tərəfindən qəbul olunmuş qanunlar haqda ətraflı məlumat vermişdir.

Nazir bir neçə gündən sonra Bakıda 95 ölkədən 1100-dən çox iştirakçının qatılacağı “Gənc alimlərin Forumuhaqda da məlumat vermiş, Fransanın gənc alimlərini bu layihədə aktiv olmağa çağırmışdır.

Fransalı nazir xoş münasibət və qonaqpərvərlik üçün təşəkkür etmiş, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının uğurla keçəcəyinə inandığını bildirmiş, Fransanın idman sahəsində Azərbaycan ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.

 

Azərbaycan.- 2014.-13 may.- S.7.