Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş Gül bayramını böyük sevinclə qeyd etdi

 

Hər bir xalq zaman-zaman onu arxasınca apara biləcək bir liderə ehtiyac duyur. Bu baxımdan Azərbaycan xalqı da çətin günlərdə, çıxılmaz vəziyyətdə öz liderini, rəhbərini seçməyi bacardı. Elə bir rəhbər ki, O, xalqı parçalanmaqdan, aclıqdan və min cür bəladan qurtara bildi. Bu böyük şəxsiyyət xalqımızın qəlbində əbədiyaşarlıq qazanmış ümummilli lider Heydər Əliyevdir.

Heydər Əliyevin dünyaya gəlişi hər il ölkənin dörd bir tərəfində böyük sevinclə qeyd olunur. Ulu öndərin doğum günü - may ayının 10-u Azrbaycanda Gül bayramı kimi təqvimə düşüb. Artıq 11 ildir ki, ulu öndərin xatirəsinə həsr olunan Gül bayramının qeyd edilməsi ənənə halını alıb. Həmin gün ölkənin hər tərəfində parklar güllərə qərq olur, çiçəklərlə bəzədilir.

Bu günlərdə isə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd etdi. Bu münasibətlə Bakıda ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda və şəhər Mərkəzi Parkında ənənəvi Gül bayramı keçirilmişdir. Gül bayramının açılışını səhər saatlarında Prerzident İlham Əliyev etdi. Prezident və ailə üzvləri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra güllərlə bəzədilmiş parkı gəzdilər. Daha sonra hər iki park paytaxt əhalisi və şəhərin qonaqları üçün açıq elan olundu.

Səhər saatları olmasına baxmayaraq, parkın ətrafında böyük izdiham yaşanırdı. Hər kəs güllərdən ibarət dünyaya düşmək istəyirdi. Parkın hələ uzaqdan diqqət çəkən görünüşü, üzərinə Heydər Əliyevin rəsmi həkk edilmiş yüzlərlə hava şarının göy üzünə can atması insanları özünə cəlb edirdi. Onlarla birgə Dövlət Dram Teartı  tərəfdən şəhər Mərkəzi Parkına daxil olduq. Hər bir guşənin xüsusi zövqlə hazırlandığı görünürdü. İçərilərə doğru getdikcə sanki gülə qərq edilmiş nağıllar aləminə düşürsən. Zövqlə bəzədilmiş guşələrdə insanlar şəkil çəkdirir, yaxud hər hansı bir çiçəyi nişan göstərib gözəlliyinə baxırdılar. Göz oxşayan güllərin ətri ilə yanaşı, həzin musiqi sədaları park boyu bizi müşayiət edirdi.  Diqqət çəkən əsas məqamlardan biriburada güllərlə tarixi abidələrimizin sintez edilməsi idi. Parkda hər bir neçə addımdan sonra ətrafı güllərlə bəzədilmiş tarixi abidənin maketi ilə rastlaşırdın. Müxtəlif dövr Azərbaycan tarixini əks etdirən həmin abidələrdən Qız qalası (12-ci əsr), Bərdə Türbəsi (1322-ci il), Suraxanı Atəşgahı (Bakı 17-18-ci əsrlər), Deybaba məqbərəsi (Şamaxı. 1402-ci il), Şirvanşahlar Sarayı, Divanxana (Bakı. 1435-36-cı illər), Şuşa Qalası, Bakı Qalası (10-14-cü əsrlər), Möminə Xatun Türbəsi (Naxçıvan. 1186-cı il), Qarabağlar türbəsi (Kəngərli. 12-13-cü əsrlər) və Yüsif Küseyr oğlu türbəsini (Naxçıvan. 1162-ci il) göstərmək olar.

Ulu öndərin adını daşıyan sarayın qarşısındakı park isə, sözün əsl mənasında, cənnətməkanı xatırladırdı. Parkın girişində çiçəklərlə bəzədilmiş İçərişəhərin Qala qapıları formasındakı tağlar xüsusi zövqlə düzəldilmişdi. Müstəqil dövlətimizin xilaskarı Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq edilmiş, postament güllərlə hörülmüşdü. Güllərdən hazırlanmış çox sadə, eyni zamanda, orijinal kompozisiyalar görünüşü ilə ziyarətçilərdə xoş ovqat yaradırdı. Rəngarəng pannolarpeyzajlar, şagirdlərin əl işlərindən ibarət buketlər, gül səbətləri, dekorativ bitkilərdən hazırlanmış dövlət rəmzləri, eksponatlar parka  gələnlərin böyük diqqətini çəkirdi.

Ötən ildən fərqli olaraq, bu il güllər dibçəklərdə sərgilənmişdi. Cənubi Afrika  Respublikası da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən 6 milyona yaxın nadir gül bitkisi gətirilmişdi. Parkda sərgilənən güllərin üzərində adları qeyd olunmuşdu. Qeyri-adi gülləri seyr edən minlərlə insan heyrətini gizlədə bilmirdi.

Onların sırasında hər yaşdan və müxtəlif millətlərdən olan insanları görmək mümkün idi. Bu ürəkaçan mənzərəni seyr edərkən bir daha əmin olurdun ki, ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə, insanlara olan sevgisi bu gün öz bəhrəsini verir. Azərbaycan xalqı böyük hörmət və məhəbbətlə ulu öndərin doğum gününü qeyd edirdi.

Gül bayramı ilə bağlı Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda  nizami yürüşkeçirdi. Bəhram Gurun heykəli qarşısından başlayan yürüş Azadlıq meydanına kimi davam etdi. Bakı Qarnizonu qoşunlarının iştirakı ilə keçirilən nizami yürüş-gəzinti şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə təşkil olunmuşdur.

 

Elgün MƏNSİMOV,

Agaəli MƏMMƏDOV

Azərbaycan.- 2014.- 13 may.- S.9.