“Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş” imzalanmışdır

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Toqo Respublikasında səfərdə olmuşdur.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi Azərbaycan Respublikası və Toqo Respublikası gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək idi.

Səfərin ilk günündə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iə Toqo Respublikası Gömrük və Vasitəli Vergilər Komissarlığının baş komissarı Kodjo Adedze arasında görüş keçirilmişdir.

Yarandığı vaxtdan indiyədək əldə edilən nailiyyətlərlə yanaşı, ölkəsinin gömrük xidməti olaraq dövrün tələbatlarına çətinliklə cavab verə bildiklərini nəzərə çatdıran baş komissar Kodjo Adedze bu sahədə Azərbaycan gömrük xidmətinin dəstəyinə ehtiyac duyduqlarını vurğulamış və bu səfərə görə öz dərin təşəkkürünü bildirmişdir.

Öz növbəsində, Aydın Əliyev bu səfərin ölkələrimizin gömrük xidmətləri arasında beynəlxalq müstəvidə əməkdaşlığın inkişaf etdirilməsinə və prespektiv məsələlərin öz müsbət həllinin tapmasına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Komitə sədri onu da vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə gömrük xidmətinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinə xüsusi önəm vermişdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildikdən sonra “Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş” hər iki ölkənin nümayəndə heyətləri tərəfindən paraflanmışdır.

Görüşdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından bu ölkənin gömrük xidmətinə noutbuklar və planşetlər hədiyyə edilmişdir.

Daha sonra Dövlət Gömrük Komitəsi adından hədiyyə edilən iki kinoloji xidmət itinin narkotik vasitələrin axtarışı üzrə təqdimatı keçirilmiş, axtarış itləri bu ölkənin gömrük xidmətinə təhvil verilmişdir.

Mərasimdən sonra hər iki ölkənin gömrük xidmətlərinin rəhbərləri kütləvi informasiya vasitələri qarşısında bəyanatlarla çıxış etmişlər.

Kodjo Adedze Azərbaycan Gömrük Xidməti tərəfindən ölkəsinin analoji qurumuna edilən davamlı yardımlara, xüsusilə narkotik vasitələrin axtarışı üzrə təlim keçmiş kinoloji xidmət itlərinin təhvil verilməsinə görə öz dərin təşəkkürünü bildirmiş, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə etmişdir.

Aydın Əliyev öz növbəsində iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın tarixinə toxunaraq xatırlatmışdır ki, Dünya Gömrük Təşkilatının sessiyası çərçivəsində toqolu həmkarları Azərbaycan tərəfinə gömrük sferasında əməkdaşlıq, eyni zamanda, narkotik vasitələrin aşkarlanması sahəsində Azərbaycan Gömrük Xidmətinin təcrübəsindən yararlanmağı təklif etmişbu təklif müsbət qarşılanmışdır. A.Əliyev bundan sonra da daim toqolu həmkarlarına yardım etməyə hazır olduqlarını bildirmişdir.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Səfərin ikinci günündə Azərbaycan nümayəndə heyəti Toqo Gəlirlər İdarəsinin baş komissarı Henri Qater ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında gömrük sahəsində əməkdaşlığın prespektivləri müzakirə edilmiş, həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra nümayəndə heyətimiz Toqo Respublikasının iqtisadiyyat maliyyə naziri Adji Ote Ayasor ilə görüşmüşdür.

Adji Ote Ayasor Azərbaycan ilə hökumət səviyyəsində ilk əlaqələrin məhz gömrük xidmətləri arasında baş tutmasını məmnunluqla xatırlatmış və ümidvar olduğunu bildirmişdir ki, gələcəkdə bu əlaqələr daha geniş trayektoriyanı əhatə edəcəkdir. Eyni zamanda, Azərbaycan Gömrük Xidməti tərəfindən toqolu həmkarlarına göstərilən yardımlara görə də təşəkkürünü bildirən nazir qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Aydın Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanbu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycanın dünya dövlətləri, o cümlədən Toqo Respublikası ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu diqqətə çatdırmışdır. O, iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunmuş, bu gün imzalanacaq sazişin ölkələrimizin uyğun qurumları arasında əlaqələrin inkişafına stimul verəcəyinə və beləliklə, tərəflərin inteqrasiyasını sürətləndirəcəyinə əminliyini ifadə etmişdir.

Görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Sazişin imzalanması mərasimi keçirilmişdir.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Toqo Respublikası iqtisadiyyat və maliyyə naziri Adji Ote Ayasor imzalamışlar.

Nümayəndə heyətimizin Toqo Respublikasına səfəri bu ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

 

Azərbaycan.- 2014.- 14 may.- S.3.