Azərbaycanın və Gürcüstanın narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveriqanunsuz miqrasiyaya qarşı birgə mübarizə aparması məsələləri müzakirə edilmişdir

 

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ölkəmizə rəsmi səfərə gəlmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a  bildirmişlər ki, mayın 14-də Aleksandr Çikaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişdir.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər çiçəklər düzülmüşdür.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını da ziyarət etmiş, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoymuşlar.

Daha sonra respublikanın daxili işlər naziri, general-polkovnik  Ramil Usubov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırlatmışdır. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd etmişdir. Ramil Usubov bu münasibətlərin dövlətlərimizin başçılarının siyasi iradəsinə, müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində  daha da dərinləşdiyini bildirmiş, Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dostqardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini nəzərə çatdırmışdır.

Daha sonra nazir Ramil Usubov ölkədəki kriminogen durum, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qonağa məlumat vermişdir.

Qeyd olunmuşdur ki, ötən illər ərzində nazirliklər arasında imzalanmış sənədlər, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan vermişdir.

Daxili işlər naziri mövcud problemlərdən də danışmış, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveriqanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində saxlandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulamışdır.

Respublikamıza ilk dəfə gəldiyini, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edən Aleksandr Çikaidze səmimi görüşə, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir. Gürcüstanlı nazir mehriban qonşu və yaxın dost olan Azərbaycan ilə bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinə maraq göstərdiklərini bildirmişdir.

Görüşdə Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze iştirak etmişdir.

 

Azərbaycan.- 2014.- 15 may.- S.4.