Rabatda ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş simpozium keçirilmişdir

 

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyətinin Mərakeş Krallığına səfəri çərçivəsində Rabatdakı V Məhəmməd Universitetinin rəyasət heyətinin binasında ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş simpozium keçirilmişdir.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin və V Məhəmməd Universitetinin təşkilatçılığı, Azərbaycanın Mərakeşdəki səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümummilli Liderimizin ölməz ideyalarının bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdiyini bildirmişdir. O demişdir ki, həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəliyə aparır. Vaxtilə Ulu Öndərin cəsarətlə və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. Heydər Əliyev Azərbaycanın bütün ölkələrlə, o cümlədən qonşu dövlətlərlə sıx əlaqələrini yarada bilmiş, respublikamızın iqtisadisiyasi maraqlarını qoruyaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə, Azərbaycan neftinin dünya bazarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə edilməsinə nail olmuşdur.

İSESCO-nin baş katibliyinin xarici əlaqələr və əməkdaşlıq idarəsinin direktoru Əhməd Səid uld-Bah Heydər Əliyevin Azərbaycanın zəngin maddi və mənəvi irsinin qorunub saxlanmasındakı rolu barədə danışmışdır. Əhməd Səid uld-Bah bu irsin dünyada tanıdılmasında Heydər Əliyev Fonduqurumun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmişdir.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti, ərazi inkişafı üzrə dövlət katibi Əbdüssəlam əl-Mishabi son 10 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışmışdır.

V Məhəmməd Universitetinin professorları əl-Arabi Hənan və Kərimə Yatrıbi mövzu ilə bağlı məruzələrlə çıxış etmişlər.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilmişdir.

 

Aygün Əliyeva

AzərTAc-ın xüsusi müxbiri

Rabat

Azərbaycan.- 2014.- 15 may.- S.7.