Azərbaycan mülki aviasiyasının canlı əfsanələrindən olan Əzimbala Əzimova həsr edilmiş tədbir keçirilmişdir

 

Mayın 14-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində Azərbaycan mülki aviasiyasının canlı əfsanələrindən biri, “Şöhrət” ordenli Əzimbala Əzimova həsr edilmiş “50 il səmada” adlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşları, akademiyanın professor-müəllim və tələbə heyəti iştirak etmişlər.

Mərasimi muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Firəngiz Hüseynova açaraq Əzimbala Əzimovun həyat yolundan, Azərbaycan milli aviasiyasının inkişafındakı xidmətlərindən danışmışdır.

Vurğulanmışdır ki, Azərbaycan mülki aviasiyasının bayraqdarlarından olan Əzimbala Əzimov 50 ildir bu sahədə çalışır. Bu müddətdə o, 28 min 500 saat uçuşda olmuşdur. Bütün MDB məkanında bu göstərici birincidir. Ə.Əzimov hazırda MAA-da pedaqoji fəaliyyətlə məşğuldur. Əfsanəvi pilot həm də uçuş heyətlərinin məsləhətçisidir.

Diqqətə çatdırılmışdır ki, Əzimbala Əzimova verilən fəxri fərmanlar, qol saatı Mülki Aviasiya Muzeyində ən dəyərli eksponat kimi qorunub saxlanılır. Çünki o, canlı əfsanədir.

Sonra tədbir iştirakçıları “50 il səmada” adlı videoslayda baxmışlar.

Tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin aeronaviqasiya idarəsinin direktoru Valeri Sultanov, “Silk Way” aviaşirkətinin əməkdaşları Azər Babayev, İmran Baqiyev, Rahib Şərbətov və başqaları çıxış edərək, təyyarəçinin keçdiyi şərəfli ömür yolundan, müasir mülki aviasiyamızın inkişafındakı əvəzsiz xidmətlərindən söhbət açmışlar.

Bildirilmişdir ki, 1948-ci il sentyabrın 7-də Bakının Əmircan qəsəbəsində dünyaya göz açan Əzimbala Əzimov hələ uşaq yaşlarından bu sənətə böyük sevgi bəsləmişdir. 1958-ci il avqustun 18-də Aviasiya Günü münasibətilə Zabrat aerodromunda keçirilən bayram şənliyində “Lİ-2” təyyarəsi ilə ilk dəfə 10 yaşında səmadan dünyaya baxan Ə.Əzimov sonradan bütün ömrünü bu sənətə həsr etmişdir. O, bu sehrin işığında 1961-ci ildə Bakı aeroklubuna gəlmişdir. Üç il sonra - mayın 9-da Qala aerodromunda ilk dəfə paraşütlə tullanaraq özünü sınamışdır. Faşizm üzərində Qələbənin ildönümü günündə – mayın 9-da başlanan bu sınaq sonrakı illərdə 109 dəfə təkrarlanmışdır.

Bildirilmişdir ki, 1969-cu ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbini bitirən Əzimbala Əzimova əvvəlcə Zabrat aviodəstəsində 2-ci pilot, sonra isə komandir vəzifəsində çalışmışdır. 1974-cü ildə tale onu böyük aviasiyaya gətirmişdir. Əvvəlcə Bakı Birləşmiş Aviadəstəsində “İl-18” təyyarəsinin 2-ci pilotu, sonra isə komandiri vəzifəsinə təyin olunmuşdur. Qısa müddətdə Ə.Əzimov “TU-154” təyyarəsinin, sonra isə aviaeskadrilyanın komandiri vəzifəsinə irəli çəkilmişdir. O, sovetlər məkanında çətin hava şəraitində uçmaq üçün imtahan verərək 2-ci kateqoriyanı alan ilk azərbaycanlı təyyarəçi olmuşdur.

Vurğulanmışdır ki, Ə.Əzimov həlledici məqamlarda verdiyi düzgün qərarlarla yüzlərlə insanın həyatını xilas etmişdir.

Xüsusi qeyd edilmişdir ki, onun həyatı gənc pilotlar üçün də nümunədir. 1991-ci ildə Leninqrad Mülki Aviasiya Akademiyasını mühəndis-təyyarəçi ixtisası üzrə bitirən Ə.Əzimov indiyədək yüzlərlə kadrın hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Bu gün onun tələbələrinin uçuş coğrafiyası, demək olar ki, bütün Yer planetini əhatə edir.

Bildirilmişdir ki, təcrübəli pilotun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 1 iyun tarixli Sərəncamı ilə Əzimbala Xanbaba oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Bu mükafat Ə.Əzimovun ömrünün səmada keçən əlli illik hissəsinə düşən şöhrət işığıdır.

Mərasimdə çıxış edən Əzimbala Əzimov tədbirin təşkilinə görə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə dərin minnətdarlığını bildirmişdir. O, tələbələrə seçdikləri peşənin sirlərinə dərindən yiyələnməyi, daim öz üzərlərində çalışmağı, biliklərini və təcrübələrini zənginləşdirməyi tövsiyə etmişdir.

Sabunçu rayonundakı 187 nömrəli məktəbin şagirdlərinin ifasında aviasiya və vətənpərvərlik mövzusundakı şeirlər səsləndirilmişdir.

MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədov təmsil etdiyi ali təhsil müəssisəsi adından Əzimbala Əzimovu təbrik etmiş, ona uzun ömür, cansağlığı arzulamışdır.

 

Azərbaycan.- 2014.- 15 may.- S.9.