Olimpə doğru addımlayan Aliyə...

 

İdman böyük qayğı və diqqət tələb edir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı, idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur.

Bu gün Azərbaycanda idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti nəticəsində onun maddi-texniki bazası formalaşdırılmış, idmanın hər növü ilə məşğul olmaq üçün geniş  şərait yaradılmışdır. Belə idman növlərindən biri də taekvondodur. Son illərdə Taekvondo Federasiyası bu idman növünün ölkəmizdə təbliği, yeni istedadların üzə çıxarılması üçün çox işlər görmüşdür

Belə istedadlı yeniyetmələrdən biri də 13 yaşlı Aliyə Zeynalovadır. Məktəbə getdiyi ilk illərdə valideynləri Aliyənin bu idman növünə olan marağını, çevikliklə etdiyi qeyri-adi hərəkətləri izlədikcə, onun doğrudan da, xüsusi istedada malik olduğunu görürlər. Məlum olur ki, taekvondo Aliyənin ən çox sevdiyi idman növüdür. Bunu nəzərə alan valideynləri onu "Fərasət" idman klubuna yazdırırlar. Məşqçisi Vüqar Məcidovdan taekvondonun əlifbasını öyrənən 5 yaşlı idmançı illər ötdükcə məşqçilərin ümidlərini doğrultmağa başlayır.

Artıq 8 ilə yaxındır ki, Aliyə bu idman növü ilə məşğul olur. Taekvondo həddindən artıq fiziki güc, çevik hərəkətlər tələb edən bir idman növüdür.

Hazırkı məşqçisi Müqabil Məcidov onun çox istedadlı olduğunu görərək, bir sıra respublika və paytaxt miqyaslı yarışlarda Aliyəni sınamaq qərarına gəlir. Aliyə yarışlarda müəllimlərinin ümidlərini doğruldaraq bir sıra uğurlar qazanır. Dəfələrlə respublika və paytaxt yarışlarında birinci yerə layiq görülür. Bu kiçik yaşında qatıldığı paytaxtdaxili bir sıra yarışlarda uğurlu nəticələrə imza atır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında ümumrespublika turnirlərində (2010-cu, 2012-ci illər) və yeniyetmələr arasında 1-ci respublika çempionatında (2012-ci il) fəxri kürsünün ən yüksək pilləsində yer alır.

Artıq Aliyə qazandığı yüksək nəticələrdən sonra milli komandanın məşqçilərinin də diqqətini cəlb etmiş, sərhədləri aşaraq beynəlxalq turnirlərə qatılmağa başlamışdır. 10 yaşı olmasına baxmayaraq, ilk dəfə yeniyetmələrdən ibarət yığma komandanın tərkibində 2011-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatında iştirak edərək uğur qazanır.

Onun bu arenada ilk parlaq uğuru isə 2011-ci ildə İsveçdə keçirilən  "Trelleborq Open" turnirində olmuşdu. Dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı idmançıların sırasında birinci yerə layiq görülmüşdür.

Yeniyetmə taekvondoçumuz ötən ay Bel

çikanın Lommel şəhərində keçirilmiş beynəlxalq turnirdə bürünc medala sahib çıxmışdır.

Aliyə bizimlə söhbəti zamanı qeyd etdi ki, qısa müddətdə 20-dən çox medal qazanıb ki, onun 9-nun  əyarı qızıldır: "Bu idman növünü çox sevirəm. Gələcəkdə ən böyük arzum Olimpiya oyunlarında ölkəmizə medal qazandırmaq, himnimizi səsləndirməkdir. Bu gün dünyada yarışlarını böyük maraqla izlədiyim idmançı türkiyəli Sərvət Tazegüldür. Gələcəkdə onun kimi peşəkar karyeraya sahib olmaq istərdim. Fürsətdən istifadə edib yığmanın baş məşqçisi Səbuhi Zülfiqarova təşəkkürümü bildirirəm. Çünki təlim-məşq toplanışlarında həddindən artıq əziyyət çəkir. Bizim uğur qazanmağımız üçün əlindən gələni əsirgəmir".

1 saylı Heydər Əliyev adına Liseyin 6-cı sinfində təhsil alan Aliyə dərslərindən də geri qalmadığını bildirir: "Dərslərimi də yaxşı oxumağa çalışıram. Məktəbdən gəldikdən sonra bir qədər istirahət edir, sonra 4-5 saat idmanla məşğul oluram".

Aliyənin uğurları hələ qarşıdadır. Əsas məqsədi isə mayın 31-də Avstriyada təşkil olunacaq beynəlxalq turnirdə və iyulda yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanmaqdır. Ümid edirik ki, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayevin təşəbbüsü ilə bu yarışlara qatılacaq yeniyetmə idmançımız qarşısına qoyduğu məqsədə nail olacaq. Beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlu nəticələrlə ölkəmizin adını zirvələrə qaldıran taekvondoçumuz növbəti turnirlərdən də qələbə ilə qayıdaraq xalqımızı sevindirəcək.

 

Elçin CƏFƏROV

Azərbaycan.- 2014.- 15 may.- S.11.