Azərbaycan Texniki Universitetində «SABAH» qrupları layihəsi təqdim edilmişdir

 

 

Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) "SABAH" qrupları layihəsinin təqdimatını keçirmişlər.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı "SABAH" qrupları yaradılmasının əhəmiyyətindən danışmışdır.

Təhsil Nazirliyinin tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov bildirmişdir ki, "SABAH" qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır. Bu qrupa qəbul edilən tələbə yiyələndiyi ixtisasın ən yüksək səviyyədə tədris olunduğu  ali təhsil müəssisəsinə köçürüləcəkdir. Həmin qruplarda keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs keçəcəklər.

Təqdimat mərasimində həmçinin qeyd edilmişdir ki, "SABAH" qrupunda təhsil alan tələbələrə dərs prosesi xüsusi proqram əsasında təşkil olunacaqdır. İngilis dilinin və əsas fənlərin tədrisinə əhəmiyyətli yer veriləcəkdir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyətin nümayəndələri, rəsmi şəxslərlə görüşlərinin təşkili planlaşdırılmışdır. Bu, "SABAH" qrupu tələbələrinin gələcək karyera imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır.

"SABAH" qruplarının üstünlükləri tələbələrdə böyük maraq doğurmuşdur.  Bildirilmişdir ki, bu qruplarda təhsil alan tələbələrə xüsusi təqaüd veriləcəkdir. Aztəminatlı tələbələr isə yataqxana və yeməklə təmin olunacaqlar.

Sonda Təhsil Nazirliyinin nümayəndələri tələbələrin suallarını cavablandırmışlar.

 

Azərbaycan.- 2014.- 15 may.- S.11.