Texnologiyalar parkı
haqqında Nümunəvi Əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 15 may
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1.
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"
(bundan sonra - Əsasnamə) "Yüksək Texnologiyalar
Parkının yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli
Fərmanının 7.1.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə
hazırlanmışdır və dövlət tərəfindən
texnologiyalar parklarının yaradılması, idarə edilməsi
və onlarda fəaliyyətin həyata keçirilməsi ilə
bağlı məsələləri tənzimləyir.
1.2. Bu
Əsasnamədə istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.2.1. texnologiyalar parkı (bundan sonra - texnopark) -
innovasiya məhsulunun və yüksək texnologiyaların
hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi
məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor
işlərinin aparılması, onların nəticələrinin
sənaye, xidmət və digər sahələrdə tətbiqi
(kommersiyalaşdırılması) üçün zəruri
infrastrukturu, maddi-texniki bazası və idarəetmə
qurumları olan ərazi;
1.2.2. texnoparkın idarəedici təşkilatı
(bundan sonra - idarəedici təşkilat) - texnoparkın fəaliyyətinin
təşkilini, idarə olunmasını və inkişaf
etdirilməsini həyata keçirən dövlətə məxsus
kommersiya hüquqi şəxsi;
1.2.3. texnoparkın operatoru (bundan sonra - operator) - səlahiyyətli
orqan tərəfindən müsabiqə əsasında
seçilən və idarəedici təşkilatla bağlanan
idarəetmə sazişi çərçivəsində ona həvalə
edilmiş funksiyaların icrasını təmin edən
hüquqi şəxs;
1.2.4. texnoparkın rezidenti - bu Əsasnamə ilə
müəyyən edilmiş qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini
alıb, texnoparkda fəaliyyət göstərən hüquqi
şəxs və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki
şəxs;
1.2.5.
innovasiya və ya yüksək texnologiya layihəsi (bundan sonra
- innovasiya layihəsi) - texniki xüsusiyyətlərinə dair
tələblər, nəticələrinin sənaye, xidmət
və digər sahələrdə tətbiqi
(kommersiyalaşdırılması) imkanları və
üsulları, maliyyələşmə mənbələri,
kadr potensialı və müddəti göstərilməklə,
innovasiya məhsulunun və ya yüksək texnologiyaların
hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə
yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor
işlərinin və marketinq araşdırmalarının həyata
keçirilməsi planını əks etdirən sənəd;
1.2.6. texnoloji biznes inkubatoru (bundan sonra - inkubator)
- innovasiya və ya yüksək
texnologiyalar üzrə yeni layihələrlə məşğul
olan fiziki şəxslərin, hüquqi şəxslərin və
ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini
həyata keçirən fiziki şəxslərin fəaliyyətinin
ilkin dövründə inkubasiya xidmətləri göstərməklə
dəstəklənməsini təmin edən texnoparkın
struktur bölməsi;
1.2.7. inkubatorun rezidenti - inkubatorun qeydiyyat şəhadətnaməsini
alıb, inkubatorda fəaliyyət göstərən fiziki
şəxs, hüquqi şəxs və ya hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən
fiziki şəxs;
1.2.8. inkubasiya xidmətləri - innovasiya və ya
yüksək texnologiyalar üzrə yeni layihələrin həyata
keçirilməsi məqsədi ilə inkubatorun öz
rezidentlərinə göstərdiyi ofis və idarəetmə
dəstəyi, kadr hazırlığına, maliyyə mənbələrinin
əldə edilməsinə dəstək, texniki dəstək,
hüquqi, marketinq, icarə, lizinq və digər xidmətlər;
1.2.9. texnologiya transferi - texnoparkda həyata
keçirilən elmi tədqiqatların və təcrübə-konstruktor
işlərinin nəticələrinin realizə edilməsi
yolu ilə sənaye, xidmət və digər sahələrdə
tətbiqi (kommersiyalaşdırılması);
1.2.10. texnologiya transferi mərkəzi - texnoparkın
rezidenti ilə sənaye, xidmət və digər sahələrdə
fəaliyyət göstərən hüquqi və fiziki şəxslər
arasında texnologiyanın transferi və bununla bağlı
texnoparkın rezidentinin əqli mülkiyyət
hüquqlarının qorunması sahəsində xidmətlər
göstərən texnoparkın struktur bölməsi;
1.2.11.
mühəndis-kommunikasiya təminatı - texnoparkda infrastruktur
obyektlərinin istismarı üçün zəruri olan qaz,
istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı
vasitələri və qurğuları;
1.2.12. texnoparkın infrastrukturu - torpaq sahələri,
binalar, qeyri-yaşayış sahələri, yol-nəqliyyat,
sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis-kommunikasiya
təminatı və texnoparkın fəaliyyətini təmin
edən digər obyektlər kompleksi.
1.3. Bu
Əsasnamə dövlət tərəfindən yaradılan
texnoparklara şamil edilir.
1.4.
Texnopark ixtisaslaşmış və qarışıq profilli ola bilər.
2.
Texnoparkın yaradılması məqsədləri
2.0.
Texnoparkın yaradılması məqsədləri
aşağıdakılardır:
2.0.1. iqtisadiyyatın davamlı inkişafı və
rəqabət qabiliyyətinin artırılması;
2.0.2. müasir elmi və texnoloji nailiyyətlərə
əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin
genişləndirilməsi;
2.0.3. elmi tədqiqatların aparılması və
yeni texnologiyaların işlənilməsi
üzrə müasir komplekslərin yaradılması.
3.
Texnoparkın yaradılması
3.1.
Texnopark dövlət elm və təhsil müəssisələri
yanında və ya müstəqil yaradılır.
3.2.
Texnoparkın yaradılması haqqında qərarı mərkəzi
icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin
(texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə - Azərbaycan
Respublikası Nazirlər Kabinetinin) təklifləri əsasında
Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
3.3.
Texnoparkın yaradılması haqqında qərarda onun
yaradılmasının məqsədi, fəaliyyət profili,
maliyyələşmə mənbələri, ərazisi, idarə
olunması və fəaliyyətinin təşkili ilə
bağlı məsələlər müəyyən edilir.
3.4. Texnoparkın
yaradılması haqqında təklifə
aşağıdakı sənədlər əlavə edilir:
3.4.1. texnoparkın yaradılmasının iqtisadi əsaslandırılması;
3.4.2. texnoparkın təklif edilən fəaliyyət
profili haqqında məlumat;
3.4.3. texnoparkın fəaliyyət ərazisi (ərazi
sərhədlərinin dəqiq təsviri və ərazinin
planı, yaradılması təklif olunan texnoparkda yerləşən
torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin
mülkiyyətçilərinin və torpaq istifadəçilərinin
siyahısı göstərilməklə), sosial və digər
infrastrukturla təminatı imkanları haqqında məlumat;
3.4.4. yaradılması təklif edilən
texnoparkın əsasnaməsinin layihəsi;
3.4.5. texnoparkın yaradılması ilə əlaqədar
tədbirlər planı.
3.5.
Texnoparkın yaradılması üçün ayrılan
torpaq sahəsi:
3.5.1. məqsədli təyinatına və hüquqi
rejiminə görə sənaye, nəqliyyat, rabitə və
digər təyinatlı torpaqlara aid olmalıdır;
3.5.2.
mühəndis-kommunikasiya təminatı sistemlərinə
çıxış imkanlarına malik olmalıdır;
3.5.3. əşyaların və (və ya)
hüquqların yüklülüyündən azad
olmalıdır;
3.5.4.
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə cavab verməlidir.
3.6.
Texnopark üçün nəzərdə tutulmuş dövlət
mülkiyyətində olan torpaq sahələri, binalar və
qeyri-yaşayış sahələri (bundan sonra - sahələr)
icarəyə vermək hüququ ilə idarəedici təşkilatın
istifadəsinə verilir. Texnoparka xüsusi
mülkiyyətdə və ya bələdiyyə mülkiyyətində
olan torpaq sahələri, binalar və qeyri-yaşayış
sahələri icarə əsasında və ya Azərbaycan
Respublikasının Mülki Məcəlləsində müəyyən
olunmuş digər əsaslarla cəlb edilir. Texnoparka verilən infrastruktur obyektlərindən
yalnız onun fəaliyyət məqsədləri
üçün istifadə edilir.
4.
Texnoparkın fəaliyyətinin təşkili, idarə
olunması və inkişaf etdirilməsi
4.1.
Texnoparkın fəaliyyətinin təşkili, idarə
olunması və inkişaf etdirilməsi Azərbaycan
Respublikasının qanunvericiliyinə, texnoparkın əsasnaməsinə
və inkişaf konsepsiyasına uyğun olaraq idarəedici təşkilat
tərəfindən həyata keçirilir.
4.2.
Texnoparkın daha səmərəli idarə olunmasını təmin
etmək məqsədi ilə səlahiyyətli orqanın qərarı
ilə müsabiqə əsasında operator cəlb edilə
bilər.
4.3.
İdarəedici təşkilat və operator texnoparkın fəaliyyətinə
görə cavabdehdirlər. Operatorun əsas fəaliyyəti
texnoparkın idarə olunmasına dair idarəetmə
sazişi çərçivəsində həvalə edilmiş
funksiyaları icra etməkdən ibarətdir. İdarəedici təşkilat və operator
texnoparkın (inkubatorun) rezidenti kimi fəaliyyət göstərə
bilməzlər.
4.4.
Operator texnoparkı onunla idarəedici təşkilat
arasında bağlanan idarəetmə sazişi əsasında
idarə edir.
4.5. İdarəetmə
sazişində, bu Əsasnamənin müddəaları nəzərə
alınmaqla, aşağıdakılar müəyyən edilir:
4.5.1. texnoparkın fəaliyyətinin təşkili,
idarə olunması və inkişaf etdirilməsi sahəsində
tərəflərin hüquqları, vəzifələri və
məsuliyyəti;
4.5.2. texnoparkın fəaliyyətinin təşkili və
idarə olunması ilə bağlı xərclərin və gəlirlərin
bölüşdürülməsi qaydası;
4.5.3. idarəetmə sazişinin müddəti;
4.5.4. texnoparkın infrastrukturunun istismarı və
saxlanılması şərtləri;
4.5.5. tərəflər arasında yaranan mübahisələrin
həlli qaydası və qanunvericiliyə zidd olmayan digər
müddəalar.
4.6.
Texnoparkın fəaliyyətinin təşkili məqsədi ilə
aşağıdakı tədbirlər həyata keçirilir:
4.6.1. texnoparkın fəaliyyəti üçün
ayrılmış ərazi istifadəyə yararlı vəziyyətə
gətirilir;
4.6.2. texnoparkın infrastrukturu yaradılır;
4.6.3. inkubator və texnologiya transferi mərkəzi
yaradılır;
4.6.4. fəaliyyət profilinə uyğun olaraq,
innovasiya məhsulunun və yüksək texnologiyaların
hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi
üçün elmi tədqiqatların və təcrübə-konstruktor
işlərinin həyata keçirilməsi ilə
bağlı xidmətlərin göstərilməsi təşkil
edilir.
4.7.
İnkubator və texnologiya transferi mərkəzindən
başqa, texnoparkda innovasiya fəaliyyətinin inkişafı və
elmi fəaliyyətin genişləndirilməsi məqsədi
ilə digər struktur bölmələri də yaradıla bilər.
4.8.
Texnopark ərazisinin planlaşdırılması müvafiq
tikinti ərazisi üçün qüvvədə olan ərazi
planlaşdırılması sənədləri əsasında
həyata keçirilir.
4.9.
İdarəedici təşkilatın yaratdığı
infrastruktur obyektləri dövlət mülkiyyəti hesab
edilir.
4.10. Elmi
tədqiqatların və təcrübə-konstruktor işlərinin
aparılması məqsədi ilə texnoparkın rezidentinin vəsaiti
hesabına qurulan istehsal sahə, avadanlıq və qurğular
rezidentin mülkiyyəti hesab edilir.
4.11.
Texnoparkın yaradılması, idarə edilməsi və onda fəaliyyətin
həyata keçirilməsi ilə bağlı bu Əsasnamədə
müəyyən olunmuş müddəalar nəzərə
alınmaqla, hər hansı bir texnoparkın əsasnaməsini
səlahiyyətli orqan, dövlət elm və təhsil müəssisələri
yanında yaradıldıqda isə həmin müəssisə
təsdiq edir.
5. Səlahiyyətli
orqanın funksiyaları
5.0. Səlahiyyətli
orqanın funksiyaları aşağıdakılardır:
5.0.1. texnoparkın fəaliyyətinin təşkili,
idarə olunması və inkişafı ilə bağlı
idarəedici təşkilata kömək göstərir;
5.0.2. texnoparkın fəaliyyəti barədə illik
hesabat hazırlayır və Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
5.0.3. texnoparkın fəaliyyət profilinə
uyğun olaraq, elmi tədqiqatların və təcrübə-konstruktor
işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun
və yüksək texnologiyaların hazırlanması, işlənilməsi
və təkmilləşdirilməsi sahələrində
prioritet istiqamətlərin müəyyənləşdirilməsi
ilə bağlı tədbirlər görür;
5.0.4. müsabiqə yolu ilə operator seçir;
5.0.5. texnoparkın ləğv edilməsi ilə
bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər
verir;
5.0.6. bu Əsasnamə ilə müəyyən
edilmiş digər funksiyaları həyata keçirir.
6.
İdarəedici təşkilatın funksiyaları
6.1.
İdarəedici təşkilatın funksiyaları
aşağıdakılardır:
6.1.1. texnoparkın fəaliyyətinin təşkili,
idarə edilməsi və inkişafı ilə bağlı tədbirlər
görür;
6.1.2. texnoparkın infrastrukturuna xidmət göstərir,
onun normal fəaliyyətini təmin edir, cari və əsaslı
təmirini həyata keçirir;
6.1.3. texnoparkın fəaliyyətini təşviq edir,
texnoparkda innovasiya məhsulunun və yüksək
texnologiyaların hazırlanması, işlənilməsi və
təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların
və təcrübə-konstruktor işlərinin həyata
keçirilməsi ilə bağlı hüquqi və fiziki
şəxslərlə danışıqlar aparır və onları
cəlb edir;
6.1.4.
texnoparkın rezidentlərinin bu Əsasnamə ilə müəyyənləşdirilmiş
qaydada, inkubatorun rezidentlərinin isə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada qeydiyyatını aparır, habelə onların Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada reyestrini aparır;
6.1.5. texnoparkın və inkubatorun rezidentlərinə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi formada qeydiyyat şəhadətnaməsi verir;
6.1.6. texnoparkın (inkubatorun) rezidentləri ilə
texnoparkda (inkubatorda) fəaliyyətin həyata keçirilməsinə
dair müqavilə bağlayır;
6.1.7. texnoparkda (inkubatorda) fəaliyyətin həyata
keçirilməsinə dair texnoparkın (inkubatorun) rezidentləri
ilə bağlanmış müqavilələrin şərtlərinə
əməl olunmasına nəzarət edir, həmin müqavilələr
üzrə pozuntuların aradan qaldırılması və
vurulmuş zərərin ödənilməsi ilə
bağlı tədbirlər görür;
6.1.8. bu Əsasnamənin 4.7-ci bəndində nəzərdə
tutulmuş struktur bölmələrini yaradır və
onların fəaliyyətini təmin edir;
6.1.9.
ofis, konsaltinq, treninq, peşə hazırlığı, maliyyə,
marketinq, hüquq, logistika, rabitə, mühafizə, texniki dəstək,
lizinq, təşviqat xidmətləri və texnoparkda səmərəli
fəaliyyət üçün digər xidmətlərin
göstərilməsini bilavasitə və ya müvafiq
müqavilələr əsasında təmin edir;
6.1.10. texnoparkda fəaliyyətin həyata
keçirilməsi, qanunvericilik aktlarına və texnoparkın
əsasnaməsinə əməl edilməsi ilə
bağlı texnoparkın (inkubatorun) rezidentlərinə
kömək göstərir;
6.1.11. texnoparkın (inkubatorun) rezidentləri, habelə
onlarla dövlət və yerli özünüidarəetmə
orqanları arasında qarşılıqlı fəaliyyəti
əlaqələndirir;
6.1.12. texnoparkın inkişaf konsepsiyasını
hazırlayır və səlahiyyətli orqanla, dövlət
elm və təhsil müəssisəsi yanında yaradılan
texnoparka münasibətdə isə həmin müəssisə
ilə razılaşdırmaqla təsdiq edir;
6.1.13. texnoparkın fəaliyyəti və
inkişafı barədə yarımillik hesabatı, habelə
öz illik maliyyə hesabatını auditor rəyi ilə
birlikdə səlahiyyətli orqana, dövlət elm və təhsil
müəssisəsi yanında yaradılan texnoparka münasibətdə
isə həmin müəssisəyə təqdim edir;
6.1.14. texnoparkın (inkubatorun) rezidentlərinin fəaliyyəti
haqqında hesabat-statistik məlumatlar alır;
6.1.15. texnoparkda səlahiyyətli orqanın və digər
dövlət orqanlarının qanunvericiliklə müəyyən
edilmiş səlahiyyətlərinin həyata keçirilməsi
üçün şərait yaradır;
6.1.16. texnoparkın idarə olunması
üçün operator seçildiyi halda, onunla idarəetmə
sazişi bağlayır, idarəetmə sazişindən irəli
gələn funksiyaları operatorun həyata keçirməsinə
nəzarət edir;
6.1.17. texnoparkın fəaliyyət profili üzrə
elmi tədqiqatların və təcrübə-konstruktor
işlərinin həyata keçirilməsi məqsədi ilə
texnoparkın (inkubatorun) rezidentləri ilə yerli və xarici
elmi-tədqiqat və ali təhsil müəssisələrinin
fəaliyyətini əlaqələndirir, elmi-texniki və
innovasiya sahələrində əməkdaşlığı
təşkil edir;
6.1.18. texnoparkın (inkubatorun) rezidentlərində
dövlət orqanlarının apardığı yoxlamalarda
rezidentlərin dəvəti əsasında iştirak edir;
6.1.19. texnoparkın (inkubatorun) rezidentləri və
onlarla operator arasında mübahisələrin
danışıqlar yolu ilə həllinə kömək edir;
6.1.20. bu Əsasnamə və idarəetmə
sazişi ilə müəyyən edilmiş digər
funksiyaları həyata keçirir.
6.2.
Texnoparkın idarə edilməsi üçün operator
seçildiyi halda, bu Əsasnamənin 6.1.2-ci, 6.1.3-cü,
6.1.6-cı, 6.1.7-ci, 6.1.9-cu, 6.1.10-cu, 6.1.15-ci və 6.1.17-ci
yarımbəndlərində göstərilən
funksiyaları operator həyata keçirir.
7.
İdarəedici təşkilatın gəlirləri
7.1.
İdarəedici təşkilatın gəlirləri
aşağıdakı mənbələrdən
formalaşır:
7.1.1. texnoparkın sahələrinin icarəyə
verilməsindən əldə olunan gəlirdən (dövlət
əmlakının icarəyə verilməsindən əldə
olunan icarə haqqının "İcarə haqqında"
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş hissəsindən);
7.1.2. texnoparkın idarə edilməsinə görə
alınan haqlardan;
7.1.3. kredit, qrant və ianələrdən;
7.1.4. texnoparkda səmərəli fəaliyyət
üçün bu Əsasnamənin 6.1.9-cu yarımbəndinə
uyğun olaraq təşkil edilən xidmətlərdən və
qadağan olunmayan digər mənbələrdən.
7.2.
Texnoparkın sahələri texnoparkın (inkubatorun) rezidentlərinə
idarəedici təşkilat tərəfindən icarəyə
verilir.
7.3.
Texnoparkın idarə edilməsinə görə haqqa bu
Əsasnamənin 6.1.2-ci yarımbəndinə uyğun olaraq
texnoparkın infrastrukturunun saxlanılması xərcləri
daxildir və bu xərcləri texnoparkın rezidentləri
ödəyirlər. Texnoparkın idarə
olunmasına görə haqqı idarəedici təşkilat gəlir
və xərcləri nəzərə almaqla müəyyən
edir.
7.4.
Texnoparkda icarə əsasında istifadə olunan sahələrin
qaz, istilik, rabitə, elektrik, su, kanalizasiya təminatı və
məişət tullantılarının yığılması
xidmətlərinin xərcləri bu Əsasnamənin 7.3-cü
bəndində nəzərdə tutulan xərclərə daxil
deyildir və texnoparkın rezidentləri tərəfindən
ayrıca ödənilir.
7.5. Bu
Əsasnamənin 7.3-cü bəndində nəzərdə
tutulan xərclərdə texnoparkın rezidentinin payı onun
icarəyə götürdüyü sahənin
ölçüsünə görə müəyyən
edilir.
7.6.
Texnoparkın idarə olunması üçün operator
seçildiyi halda, bu Əsasnamənin 7.1-ci bəndində nəzərdə
tutulan gəlirlər idarəetmə sazişi ilə müəyyən
edilmiş qaydada bölüşdürülür.
8.
Texnoparkın rezidentinin fəaliyyəti
8.1.
Texnoparkın rezidenti texnoparkda fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə
və idarəedici təşkilatla (operatorla)
bağladığı müqaviləyə əsasən həyata
keçirir.
8.2.
Texnoparkda fəaliyyət göstərmək üçün
hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə
müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək,
texnoparkın qeydiyyat şəhadətnaməsini
almalıdırlar.
8.3.
Hüquqi və fiziki şəxslər texnoparkın rezidenti
kimi qeydiyyatdan keçmək üçün ərizə ilə
idarəedici təşkilata müraciət edirlər. Ərizə formasını və ona əlavə
edilən sənədlərin siyahısını Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Qeydiyyat prosedurunun ümumi müddəti iyirmi iş
günüdür.
8.4.
İdarəedici təşkilat ərizəni qeydiyyata alır
və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd
(arayış) verir. İdarəedici təşkilat ərizənin
qeydiyyata alındığı tarixdən üç iş
günü müddətində ərizəçinin ərizəsinin
və ona əlavə edilmiş sənədlərin bu
Əsasnamənin 8.3-cü bəndinin ikinci cümləsinin tələblərinə
uyğunluğunu yoxlayır. Ərizə müvafiq formada tərtib
edilmədikdə və (və ya) ona əlavə edilməli
bütün sənədlər təqdim edilmədikdə, ərizənin
qeydiyyata alındığı tarixdən üç iş
günündən gec olmayaraq idarəedici təşkilat, həmin
çatışmazlıqları göstərməklə, ərizəçiyə
bu barədə yazılı məlumat verir. Bu
zaman qeydiyyat müddətinin axımı
dayandırılır və dayandırılmış müddət
qeydiyyat prosedurunun ümumi müddətinə daxil edilmir.
8.5.
Ərizəçi yazılı məlumatı
aldığı vaxtdan ən geci on beş
iş günü müddətində həmin
çatışmazlıqları aradan qaldırmalıdır.
Ərizəçi
çatışmazlıqları aradan qaldırdıqdan sonra
qeydiyyat prosedurunun ümumi müddətinin axımı bərpa
edilir.
8.6.
İdarəedici təşkilat ərizəçinin təqdim
etdiyi innovasiya layihəsini qiymətləndirilmək
üçün texnoparkın ekspertlər şurasına
göndərir.
8.7.
Texnoparkın ekspertlər şurasını səlahiyyətli
orqan, dövlət elm və təhsil müəssisəsi
yanında yaradılan texnoparka münasibətdə isə həmin
müəssisə yaradır. Ekspertlər
şurası Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq
etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərir.
8.8.
Ərizəçinin təqdim etdiyi innovasiya layihəsi
aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
8.8.1. layihənin texnoparkın fəaliyyət profilinə
uyğunluğu;
8.8.2. layihənin elmi tədqiqatların və təcrübə-konstruktor
işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun
və ya yüksək texnologiyaların hazırlanması,
işlənilməsi və təkmilləşdirilməsi sahəsində
prioritetlərə uyğunluğu;
8.8.3. layihənin innovasiya və ya yüksək
texnologiya yönlü olması.
8.9.
Ərizəçinin təqdim etdiyi innovasiya layihəsinin bu
Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan
meyarlara uyğunluğu ekspertlər şurası haqqında əsasnamədə
müəyyən edilən qaydada texnoparkın ekspertlər
şurası tərəfindən qiymətləndirilir.
8.10.
Texnoparkın ekspertlər şurası ərizəçinin təqdim
etdiyi innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində
nəzərdə tutulan meyarlara uyğun olub-olmamasına dair rəyini
qeydiyyat prosedurunun ümumi müddətinin on beşinci iş
günündən gec olmayaraq idarəedici təşkilata təqdim
edir.
8.11.
Texnoparkın ekspertlər şurasının innovasiya layihəsinin
bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə
tutulan meyarlara uyğun olmamasına dair rəyi olduqda, habelə
ərizədə və ona əlavə edilən sənədlərdə
aşkar edilmiş çatışmazlıqlar bu Əsasnamənin
8.5-ci bəndində müəyyən edilmiş müddətdə
aradan qaldırılmadıqda, idarəedici təşkilat
qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində
ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata
alınmasından imtina haqqında qərar qəbul edir və
bu barədə ərizəçiyə yazılı məlumat
verir.
8.12.
İdarəedici təşkilat texnoparkın ekspertlər
şurasının innovasiya layihəsinin bu Əsasnamənin
8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun
olmasına dair rəyi əsasında qeydiyyat prosedurunun
ümumi müddəti çərçivəsində ərizəçinin
texnoparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar
qəbul edərək, texnoparkın qeydiyyat şəhadətnaməsini
ərizəçiyə təqdim edir. Hüquqi
və fiziki şəxslər texnoparkın qeydiyyat şəhadətnaməsinin
verildiyi tarixdən texnoparkın rezidenti hesab edilirlər.
8.13.
Texnoparkın rezidenti qeydiyyat şəhadətnaməsini
aldıqdan sonra otuz gün müddətində idarəedici təşkilatla
(operatorla) texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair müqavilə və idarəedici təşkilatla fəaliyyət
göstərəcəyi sahənin icarə müqaviləsini
bağlayır.
8.14.
İdarəedici təşkilatla (operatorla) texnoparkın
rezidenti arasında texnoparkda fəaliyyətin həyata
keçirilməsinə dair bağlanan müqavilədə
aşağıdakılar öz əksini tapmalıdır:
8.14.1. texnoparkda həyata keçiriləcək elmi tədqiqatlar
və təcrübə-konstruktor işləri, hazırlanacaq
innovasiya məhsulu və ya yüksək texnologiyalar,
görüləcək iş və xidmətlər;
8.14.2. innovasiya layihəsi üzrə işlərə
başlanma tarixi;
8.14.3. texnoparkın idarə edilməsinə, həmçinin
texnoparkda səmərəli fəaliyyət üçün təşkil
olunan xidmətlərə görə haqqın məbləği;
8.14.4. müqavilənin müddəti;
8.14.5. tərəflərin hüquqları, vəzifələri
və məsuliyyəti;
8.14.6. tərəflər arasında yaranan mübahisələrin
həlli qaydası.
8.15.
Texnoparkın rezidentinin vəzifələri
aşağıdakılardır:
8.15.1. öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə
və idarəedici təşkilatla (operatorla)
bağlanmış müqaviləyə uyğun təşkil
etmək;
8.15.2. icarə haqlarını və texnoparkın
saxlanılması ilə bağlı xərcləri ödəmək;
8.15.3. öz fəaliyyəti barədə
hesabat-statistik məlumatları tərtib etmək və idarəedici
təşkilata təqdim etmək.
8.16.
Texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair müqavilə tərəflərin razılaşması ilə
müəyyən edilən müddətə bağlanır. Müqavilənin müddətinin bitməsinə otuz
gün qalmış tərəflərdən biri müqavilənin
ləğv edilməsi ilə bağlı digər tərəfə
bildiriş təqdim etməmişdirsə, müqavilə əvvəlki
müddətə uzadılmış hesab edilir.
8.17.
Texnoparkın rezidenti müqavilədə göstərilən
müddətdə innovasiya layihəsi üzrə işlərə
başlamadıqda idarəedici təşkilat (operator)
texnoparkın rezidentinə bildiriş təqdim edir. Bildirişdə texnoparkın rezidentinə innovasiya
layihəsi üzrə işlərə başlanılması
üçün əlavə olaraq bir ildən çox olmayan
müddət təyin edilir.
8.18.
Texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair imzalanmış müqaviləyə
aşağıdakı hallarda xitam verilir:
8.18.1. müqavilənin müddəti başa
çatdıqda;
8.18.2. üç ay əvvəldən idarəedici təşkilatı
(operatoru) xəbərdar etməklə, texnoparkın rezidentinin
tələbi ilə;
8.18.3. texnoparkın rezidenti innovasiya layihəsi üzrə
işlərə bu Əsasnamənin 8.17-ci bəndinə
uyğun olaraq verilən bildirişlə müəyyən
olunmuş müddətdə başlamadıqda, idarəedici təşkilatın
(operatorun) təşəbbüsü ilə;
8.18.4. texnopark ləğv edildikdə;
8.18.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulan digər hallarda.
8.19. Bu
Əsasnamənin 8.18-ci bəndində göstərilən əsaslarla
texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair
müqaviləyə xitam verilməsi texnoparkın rezidentinin fəaliyyət
göstərdiyi sahənin icarə müqaviləsinin,
texnoparkın rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin
ləğvinə səbəb olur.
8.20. Bu
Əsasnamənin 8.18-ci bəndində göstərilən əsaslar
üzrə texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair müqaviləyə xitam verildikdə, texnoparkın
rezidenti aşağıdakılardan birini seçməklə,
mülkiyyətində olan istehsal sahəsinin, avadanlıq və
qurğuların müqəddəratını müəyyən
edir:
8.20.1. texnoparkın rezidenti tərəfindən
istehsal sahəsinin, avadanlıq və qurğuların özgəninkiləşdirilməsi;
8.20.2. texnoparkın rezidenti tərəfindən
istehsal sahəsinin, avadanlıq və qurğuların
sökülərək aparılması və ya məhv edilməsi
(utilizasiyası);
8.20.3. razılaşma yolu ilə istehsal sahəsinin,
avadanlıq və qurğuların idarəedici təşkilat
(operator) tərəfindən əldə edilməsi, yaxud
sökülməsi, daşınması və ya məhv edilməsi
(utilizasiyası) və həmin işlərlə bağlı
xərclərin texnoparkın rezidenti tərəfindən
ödənilməsi.
8.21.
İdarəedici təşkilat (operator) bu Əsasnamənin
8.20-ci bəndində göstərilən məsələlərin
həllində texnoparkın rezidentinə kömək göstərməlidir.
8.22.
Ərizəçi texnoparkın rezidenti kimi qeydiyyata
alınmasından imtina qərarından, texnoparkın rezidenti
isə qeydiyyatına və texnoparkda fəaliyyətin həyata
keçirilməsinə dair imzalanmış müqaviləyə
xitam verilməsindən inzibati qaydada və məhkəməyə
şikayət etmək hüququna malikdirlər.
9.
İnkubatorun rezidentinin fəaliyyəti
9.1.
İnkubatorun rezidenti inkubatorda fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə
və idarəedici təşkilatla (operatorla)
bağladığı müqaviləyə əsasən həyata
keçirir.
9.2.
Hüquqi və fiziki şəxslər inkubatorun qeydiyyat şəhadətnaməsinin
verildiyi tarixdən inkubatorun rezidenti hesab edilirlər.
9.3.
İnkubatorun rezidenti qeydiyyat şəhadətnaməsini
aldıqdan sonra otuz gün müddətində idarəedici təşkilatla
(operatorla) inkubatorda fəaliyyətin həyata keçirilməsinə
dair müqavilə və idarəedici təşkilatla fəaliyyət
göstərəcəyi sahənin (torpaq sahəsi istisna
olmaqla) icarə müqaviləsini bağlayır. Hər iki müqavilə üç ildən
çox olmayan müddətə bağlanır.
9.4.
İnkubatorun rezidenti bu Əsasnamənin 7.3-cü və
7.4-cü bəndlərində nəzərdə tutulmuş xərcləri
ödəmir.
9.5.
İnkubatorun rezidenti eyni vaxtda texnoparkın rezidenti ola bilməz.
10.
Texnoparkın torpaq sahələrindən istifadə
10.1.
Texnoparkın ərazisində dövlət mülkiyyətində
olan torpaq sahələri üzərində idarəetməni
texnoparkın fəaliyyəti müddətində idarəedici
təşkilat bu Əsasnamə ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
10.2.
Texnoparkın torpaq sahələrindən istifadə olunması
texnoparkın rezidenti ilə idarəedici təşkilat
arasında bağlanan icarə müqaviləsi əsasında
həyata keçirilir.
10.3.
Texnoparkın ərazisində torpaq sahələri
texnoparkın rezidentlərinə texnoparkda fəaliyyətin həyata
keçirilməsinə dair bağlanmış müqavilənin
müddətinə uyğun olaraq icarəyə verilir.
10.4.
Texnoparkın rezidentinə icarəyə verilmiş torpaq sahəsinin
digər şəxslərə ikinci əldən icarəyə verilməsinə
və ya texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair bağlanmış müqavilədə göstərilməyən
məqsədlər üçün istifadəsinə yol
verilmir.
10.5.
Texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair müqaviləyə xitam verilməsi texnoparkın rezidenti
ilə bağlanmış torpaq icarəsi müqaviləsinin ləğvi
üçün əsasdır.
11. Birgə texnopark
11.1. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda birgə texnopark yaradıla bilər. Birgə texnoparkın yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin) təklifinə əsasən Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə xüsusi mülkiyyətçi qəbul edir.
11.2. Birgə texnoparkın fəaliyyətinin təşkili və idarə olunması xərcləri dövlətin, bələdiyyənin və xüsusi mülkiyyətçinin iştirak payına uyğun olaraq müəyyən edilir.
11.3. Birgə texnoparkın fəaliyyətinin təşkili və idarə olunması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
12. Texnoparkın yaradılması və fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi
Texnoparkın yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
13. Texnoparkın ləğvi
13.1. Texnoparkın ləğvi haqqında qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
13.2. Texnoparkın ləğvi onun idarəedici təşkilatının ləğvinə səbəb olmur.
Azərbaycan.-
2014.- 17 may.- S.6.