Laçınlar yurdu

 

 

Laçının işğalından 22 il keçir. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu əvvəllər Abdallar adlanıb. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı ilə məsafəsi 450 kilometrdir. Ərazisi 1835 kvadratkilometr, əhalisi 60000 nəfərdir. Onun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 metr). Ərazisi bulaqlarla, çaylarla zəngindir. Məşhur Həkəri çayı və onun qolları bütün ərazini ağuşunda saxlayardı.

 

Əmir Xosrov Dəhləvidən, Həsən Cəlaldan qalan Laçın

 

Laçının tarixi keçmişi çox zəngindir. Oradakı abidələrin tarixi eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx (Xocavənd rayonu) və Tağlar (Cəbrayıl rayonu) mağaraları ilə müqayisə edilə bilər. "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer alsa da, onun tarixi qədim dövrlərə gedib çıxır. Araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasında  əsas yüksəkliklərlə - Böyük Kirs, Kiçik Kirs, Sarı Baba zirvələri ilə yanaşı, Laçın zirvəsi də vardır. Qarabağda "Laçın" adlı yaşayış məskənləri geniş yayılıb: Şuşada Laçınlar, Kəlbəcərdə Laçın  kəndləri,  əfasanəvi  Laçınqaya qalası və s. buna misal ola bilər. Bu adın sorağı çox uzaqlara gedib çıxır. Laçın adına vaxtilə məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə də rast gəlmək mümkündür. Onun əsl adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyadan gəlib. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdı. Monqolların hücumu zamanı onların bir hissəsi Azərbaycana pənah gətirib. Qarabağın yuxarı bölgəsində - Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salıblar. Orta əsrlərdə  Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli də qeyd etmişdir. O yazır ki, Həsən Cəlalın qalalarından biri Laçın adlanırdı. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhərdə  pul kəsilirdi.O şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.

1828-ci il Türkmənçay müqaviləsinə əsasən, Cənubi Qafqaza ermənilərin kütləvi şəkildə köçürülməsinə başlansa da, o vaxt Laçın bölgəsində onların məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra Laçın bölgəsi 1829-cu ildə yeni yaradılan Qarabağ əyalətinə, 1861-ci ildə isə Zəngəzur qəzasına qatıldı. 1905-1907 və 1914-1920-ci illərdə Zəngəzur bölgəsində erməni dəstələrinin törətdiyi qırğınlarda xeyli müsəlman həlak olsa da,  laçınlıların iradəsi, əzmi qırılmadı. Bu, özünü Andranikin silahlı dəstələrinə qarşı mübarizədə daha aydın göstərdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra  Andranik böyük ordu ilə Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən xəbər tutan Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy öz dəstələri ilə Laçın-Zabux yolundakı bir dərədə Andranikin qoşununu mühasirəyə saldı. Bu qanlı döyüşdə Andranik, demək olar ki, bütün qüvvəsini itirdiancaq bir neçə nəfərlə qaçıb canını qurtara bildi.

O dövrdə Azərbaycan hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərdi. Həmin döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlıları da igidliklə, mərdliklə vuruşurdu. Ancaq əməliyyatları başa çatdırmaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu. Bolşeviklərin təzyiqi altında 1920-ci il noyabrın 30-da Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclası Zəngəzur bölgəsinin 2 yerə bölündüyünü qəbul etdi və nəticədə onun 3105 kvadratversti Laçın da daxil olmaqla, Azərbaycan SSR tərkibində qaldı, 3637 kvadartverstlik hissəsi isə Ermənistana verildi.

Laçın həmişə mərd, mübariz insanları, ziyalıları ilə tanınıb: məşhur söz ustadı Aşıq Abbas, Sarı Aşıq, təsəbüf alimi, şair Mir Həmzə Nigari, XVIII əsrdə Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi, Qarabağın Hacısamlı nahiyyəsinin sahibi Qara Murtuza bəy, ordu generalı Firudin bəy Daryalı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanov, İskəndər bəy Sultanov, Paşa bəy Sultanov, Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov, professor Mürsəl bəy Şahsuvarov, cümhuriyyət dövründə Frayberq Dağ-Mədən Akademiyasının tələbəsi, mühəndis Surxay bəy Şahsuvarov, Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan, Şuşada açılan ilk darülmüəlliminin təşkilatçısı və müdiri Müseyib İlyasov, Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev, xalq rəssamı Nadir Əbdürrəhmanov və başqaları.

 

Laçın - Şuşa arası

 

Laçının işğalı, ələ keçirilməsi faktiki Ermənistanın Qarabağa yolunun açılması demək idi. Hələ 1924-cü ildə DQMV yarandıqdan sonra Laçının rayon statusu alması o vaxtkı Azərbaycan hakimiyyətinin bəlkə də erməni niyyətlərinə qarşı ən güclü gedişi idi. Görkəmli yazıçı və dövlət xadimi Tağı Şahbazi Simurqun iştirakı ilə yaxınlıqdakı Laçın dağının adı ilə "Laçın" adlandırılan bu şəhər toxunulmazlıq və mərdlik simvoluna çevrilmişdi...

1988-ci ildə ermənilərin Laçınla bağlı gizli niyyətləri üzə çıxmağa başladı.  Həm Azərbaycan, həm də Ermənistan üçün Laçın bütün Qarabağda ən strateji rayon sayılırdı. Bu məqsədlə Laçınla Şuşa arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün Azərbacan tərəfi xüsusi plan hazırlayıb həyata keçirdi. 1990-1991-ci illərdə Şuşa rayon milis şöbəsi və daxili qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları həbs edildi, münaqişə ocağına çevrilən kəndlər boşaldıldı. Beləliklə, bir müddət Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alındı. Yeri gəlmişkən, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova məhz həmin kəndlərin ərazisində - Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən qətlə yetirilmişdi. Sonrakı illərdə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən, 1992-ci il mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar. Burada söhbət  Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafədən gedirdibu ərazini ələ keçirmək üçün ermənilərin qurduğu planın tarixi çox əvvəllərə gedib çıxırdı...

Şuşanı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən döyüşçülərin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın sayının az olmasını və Bakıda baş verən hakimiyyət çəkişmələrini də bura əlavə etsək, Laçını "niyə itirdik" sualına cavab tapa bilərik. Mayın 16-17-si Laçında qalan hərbçilər ərazini tərk etməyə başladılar. Müdafiə Nazirliyinin əsgərləri bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə Laçının süqutu demək idi. Minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. İlkin hesablamalara görə, işğal nəticəsində Azərbaycana 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyb: 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır. İşğal nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.

P.S. Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhəri "yenidən" salınmağa başlayıb. Bu gün  Dağlıq Qarabağa gələn ermənilərin ən sıx məskunlaşdığı yer Laçın ərazisidir. Burada artıq deyilənə görə, 12 min erməni yerləşdirilib. Laçının adı dəyişdirilərək "Berdzor", məşhur Minkənd "Xak", Alıqulular "Alqumişen", Sultankənd "Xaşatax" adlandırılıb. Laçındakı qədim ibadət ocaqları, məscid və digər abidələrimiz erməniləşdirilib və dünyaya "erməni xalqının yazılı abidələri" kimi təqdim edilməkdədir.

Laçın problemi neçə ildir davam edən danışıqlarda ermənilər tərəfindən daha çox bir dəhliz - "koridor" məsələsi kimi irəli sürülsə də, o, hər birimiz üçün Qarabağ qədər ümummilli məsələ olaraq qalmaqdadır və o tarixi torpaqlarımızın işğaldan azad olunacağı, bu yurdun böyük övladı Sarı Aşığın dediyi kimi, ürəyimizin ağrı-acıdan, yanğıdan, təşnəlikdən qurtaracağı o gün uzaqda deyil:

 

Zülfün suda mar kimi,

Sızlar su damar kimi.

Sızıldatdın aşiqi

Yağa su damar kimi...

 

Bəxtiyar QARACA

Azərbaycan.- 2014.- 18 may.- S.6.