Fədakar komandiri zirvəyə aparan şərəfli yol

 

 

...Laçının müdafiəsi zamanı fədakarlıq göstərən Akif  Abıyevdən 3 aydan çox  xəbər yox idi. Buna görə anası Bikə narahatlıq keçirir, oğlundan xəbər tutmaq üçün saatlarla televiziyanın qarşısından çəkilmirdi. Anasının narahatlığı elə bil Akifin ürəyinə dammışdı. Ona görə bir dəfə döyüş bölgəsinə çəkilişə gələn televiziya işçilərinin təklifini qəbul edərək mikrofonu alıb dedi:

- Üç aydır ki, anam qızlarım məndən xəbərsizdirlər. Buradan onlara üz tutub bildirirəm ki, ana, Jalə, qızım, mən salamatam. Nigaran qalmayın. Torpaqlarımızı yağılardan azad edəndən sonra qayıdacağam...

Döyüş bölgəsindən anası ailəsinə telekamera vasitəsilə xəbər verən Laçın rayon  polis taborunun qərargah rəisi, mayor Akif Abıyev idi. O, 1949-cu il dekabrın 28-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdu. 1971-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərinin Nəsimi rayonunda DİN-nin gecə milisi xidmətində işləyirdi.

Müəyyən vaxtdan sonra yerini Bakı şəhərinin Nəsimi rayonundan Qaradağ rayon Polis şöbəsinə dəyişən Akif Abıyev Qarabağda ermənilərin torpaq iddiasından sonra başladıqları müharibəyə dözməyib bir yerdə qərar tuta bilmirdi. Buna görə o, Qarabağın qaynar nöqtələrindən birində - Laçın Rayon Polis Şöbəsində işini davam etdirmək qərarını verdi. Burada müəyyən müddət Aşağı Yuxarı Cicimli, Qazıdərəsi kəndlərində sahə müvəkkili kimi çalışan Akif Abıyev həm yerli camaat, həm polis yoldaşları arasında böyük hörmət qazandı. Onu tez-tez ya Laçının ermənilərlə sərhəd kəndlərində, ya da Şuşa-Laçın arasında yerləşən Qaladərəsi deyilən ərazidə görmək olardı. Cəbhə bölgəsində vəziyyət get-gedə gərginləşdiyindən, bir-iki kənd istisna olmaqla, rayonun əksər yaşayış məntəqələri boşaldılmış, sərhəd boyunca polis postları qurulmuşdu. Həmin vaxt 500 nəfərə yaxın  Laçın polisi könüllülər rayon ərazisini  düşməndən müdafiə edirdi. Ona görə burada öncə polis bölüyü, bir müddət sonra isə taboru yaradıldı. Akif Abıyev taborun qərargah rəisi idi. O, kəşfiyyat qrupuna rəhbərlik edirdi.

Şuşanın işğalından sonra qara buludlar Laçının başı üzərində dolanırdı. Ermənilər bu  bədniyyət arzularını gerçəkləşdirmək üçün keçən əsrin əvvəllərindən uzun illər mübarizə aparsalar da, uğursuzluğa düçar olmuşdular. Təəssüf ki, Laçın da 1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal olundu.

1992-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlar Laçın uğrunda qələbəyə inamı xeyli artırmışdı. Bu, döyüşçülərimizin Qarabağ müharibəsi dövründə göstərdiyi əsl qəhrəmanlıq nümunəsi idi. Azərbaycanın hərbi bölmələri rayon mərkəzinin cənub və şimal hissələrinə nəzarəti ələ keçirərək ermənilərin bütün giriş-çıxış yollarını bağlaya bilmişdilər. Həmin döyüşlərdə Laçın polis taboru əsl fədakarlıq göstərirdi.

1992-ci il mayın 29-da Laçın polisləri Murovdağı aşıb Kəlbəcər tərəfdən Laçına doğru hərəkət etdi. Bu zaman qərargah rəisi Akif Abıyev Qorçu kəndinin yaxınlığında  gedən döyüşlərdə yaralandı. O, bir müddət müalicə olunaraq yenidən döyüşlərə atıldı. Kəlbəcər istiqamətindən Laçına doğru hərəkət edən polislər bir-bir kəndləri azad edib postlar qururdular. Ermənilər itki verə-verə geri çəkilirdilər. Akif Abıyevin şücaəti sayəsində sübh tezdən Bülündüzü kəndi istiqamətində gedən döyüşlərdə bir neçə erməni qulduru məhv edildi, qalanları isə "UAZ" maşınını və xeyli silah-sursatı qoyub qaçdılar. Həmin maşın, göstərdiyi igidliyə görə, rəhbərlik tərəfindən A.Abıyevə hədiyyə verildı.

Növbəti dəfə çox mühüm əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyi istiqamətində bir neçə gün müşahidələr aparıldı. Kəşfiyyat qruplarının gətirdiyi məlumatlar diqqətlə öyrənildikdən sonra bu istiqamətdə hücum başlandı. Düşmən əlverişli mövqedə olduğundan gərgin döyüşlər gedirdi. Milli Qəhrəmanlar - Oqtay Güləliyev və İsrafil Şahverdiyev, Elşad  Qarayev, Akif Abıyev və digər igid oğlanlarımız çiyin-çiyinə döyüşərək düşmənə aman vermirdilər. Döyüşün üçüncü günü Akif Abıyev yenidən düşmən gülləsinə tuş gəldi. Bu zaman o, əsl komandir kimi səsləndi: "Məni vurdular. Siz, möhkəm dayanın". Güllə yağışı altında onu döyüş xəttindən uzaqlaşdıraraq ilk yardım göstərib helikopterlə Bakıya, hospitala yola saldılar. Döyüşü davam etdirən Laçın polisləri Zabux kəndinin üstündən televiziya stansiyasına qədər irəlilədi. Ancaq sonradan onlara kömək gəlmədi. O vaxtkı səriştəsiz rəhbərliyin səhvi ucbatından Laçın yenidən əldən çıxdı.

Düşmənin işğalından sonra Laçının polis taboru Füzuli istiqamətində döyüşü davam etdirdi. Həmin vaxt Akif Abıyev Cəlilabad Rayon Polis Şöbəsində fəaliyyət göstərirdi.Yaraları tam sağalmasa da, burada o, yenə səngər üçün darıxırdı. Ona görə də rayon polis şöbəsinə ərizə yazaraq məzuniyyətə çıxıb yenidən könüllü olaraq Füzuli istiqamətində gedən döyüşlərə qatıldı. Cəbhə bölgəsinə ona hədiyyə edilən "UAZ"-la gələn A.Abıyev döyüşçü dostlarına çoxlu ərzaq da gətirmişdi. Onu yenidən cəbhə bölgəsində görən dostları "ağbaş mayor gəlir" - deyə sevinirdilər. 1994-cü ilin yanvar-fevral aylarında döyüşçülərimiz Füzuli rayonunun Bala Bəhmənli, Böyük Bəhmənli, Alayatı, Cocuq Mərcanlı kəndlərini azad etdi. Sonra atəşkəs elan olundu və Akif Abıyev dövlət tərəfindən xarici ölkəyə müalicəyə göndərildi...

Növbəti müalicədən sonra mayor Akif Abiyev yenə də Cəlilabad Rayon Polis Şöbəsində fəaliyyətini davam etdirdi. O, rayonda hərbi vətənpərvərlik mövzusunda keçirilən bütün tədbirlərdə iştirak etməyə çalışardı. İstəyirdi ki, gənclərimizə cəbhə dostlarının həyat yolundan danışsın, onlarda vətənpərvərlik hissini gücləndirsin. Gənclərlə görüşlərində döyüşkən komandir, nümunəvi döyüşçü, əsl vətənpərvər kimi tanınmış Akif Abıyevin çıxışları onlarda vətənpərvərlik hissini bir daha gücləndirir, onlara ruh verir və gələcəyə ümidini artırırdı.

Ölümün gözünə dik baxmağı bacaran, Vətən uğrunda şəhid olmağı həyatdan üstün tutan polis taborunun qərargah rəisi - "ağbaş mayor" Akif Abıyev 17 il sonra - 2009-cu il yanvarın 28-də Laçın rayonu uğrunda mübarizədə  başından aldığı zədədən dünyasını dəyişdi. Onunla fəxr edən Cəlilabad camaatı, göytəpəlilər həmin gün öz igid oğlunu böyük ehtiramla son mənzilə yola saldı. Dəfn mərasimində rayon polis şöbəsinin şəxsi heyəti, Qarabağ döyüşçüləri, cəbhə yoldaşları, qohumları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Akif Abıyev döyüşçü dostlarının arasında cismən olmasa da, mənən bizimlədir. İstər Cəlilabad rayon rəhbərliyi, istərsə də yerli ərazi icra nümayəndəliyi və bələdiyyə Qarabağ müharibəsində həlak olan Göytəpə şəhidlərinin, o cümlədən Akif Abıyevin xatirəsini əziz tutur. Hazırda doğulub boya-başa çatdığı küçə də polis mayoru Akif  Abıyevin adını daşıyır.

Qədirbilən xalqımız, keçmiş döyüş dostları heç vaxt onu unutmayır. Bu yaxınlarda döyüşçü dostları hazırda Taxtakörpüdə yerləşən Laçın Rayon İcra Hakimiyyətinə toplaşaraq onun və digər şəhidlərimizin xatirəsini yad etdilər. Qanlı-qadalı illərdə Laçın rayon polis şöbəsinə rəhbərlik edən Akif Səlimov görüş zamanı Akif Abıyevin qəhrəmanlığından ürək dolusu danışdı və xüsusi qeyd etdi ki, laçınlılara qaynayıb-qarışan, hamıdan qabaq döyüşə atılan Akif Abıyev gənc polislərə əsl örnək idi. O, var qüvvəsiylə çalışırdı ki, gənc polislər döyüş təcrübəsi keçsin, texnikaya və taktikaya ustalıqla yiyələnsinlər. Bütün əməliyyatlar zamanı onun göstərdiyi igidlik əsl döyüş məktəbi idi.

...Akif Abıyev kimi cəsur və fədakar komandirin keçdiyi döyüş yolu, göstərdiyi şücaətlər də örnək olaraq daim xatırlanacaq. Vətənpərvərlər heç zaman unudulmur və yaddan çıxmır. Döyüş yollarından qısa da olsa, söz açdığımız polis mayoru, tabor komandiri Akif Abıyev də igid döyüşçülərimizdən biri kimi daim anılacaqdır.

 

Süleyman ƏLİSA

Azərbaycan.- 2014.- 18 may.- S.6.