Qusarda kitab bayramı keçirilmişdir

 

Qusar rayon mərkəzindəki Nərimanov adına istirahət parkında kitab bayramı keçirilib. Parkın girəcəyindən başlayaraq sıra ilə masaların üstündə sərgilənən kitablar mövzulara ayrılmış və hər bölmə xüsusi stendlərlə təqdim edilmişdi.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev açılış mərasimindəki çıxışında sərgilənən kitabların uşaqdan-böyüyə kimi hamı üçün maraq kəsb etdiyini vurğuladı. Qeyd olundu ki, təşkilatçılar sərgilənən nəşrlərdə Azərbaycanın inkişafının bütün sahələrini dolğun əks etdirməyə çalışıblar. Sərgidə tariximiz, milli münasibətlər və Azərbaycan tolerantlığı kimi mövzulara da xüsusi diqqət ayrılıb.

Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş kitablar, tariximizi özündə əks etdirən monoqrafiyalar, dünyanın məşhur yazıçılarının seçilmiş əsərləri, gənclərə və uşaqlara aid  ədəbiyyat nümunələri, ləzgi dilində çap edilən müxtəlif kitablar tamaşaçılarda böyük maraq doğurdu. Ulu öndər Heydər Əliyevin  91 illik yubileyinə həsr edilən bu kitab bayramında    respublikanın aparıcı nəşriyyat evlərinin, poliqrafiya şirkətlərinin  son bir ildə işıq üzü görən nəşrləri xüsusi nəfis bir tərtibatda bayram iştirakçılarına təqdim olundu.

Qusar Rayon Kitabxana Sistemlərinin direktoru Zahir Mustafayev, Qusar mədəniyyət və turizm idarəsinin rəisi David İbrahimxəlilov, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov çıxışlarında kitab bayramının hər bir qusarlı üçün  yaddaqalan gün olduğunu, tədbirin insanların maarifləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladılar, Azərbaycanda poliqrafiyanın yüksək səviyyədə inkişafını qeyd etdilər.

Qusar məktəblilərinin hazırladıqları Azərbaycanın millitarixi qəhrəmanlarının səhnələşdirilmiş obrazları tədbirə rəngarənglik gətirdi. Qusarlı gənclərin ifasında  tarixi şəxsiyyətlərin kitab haqqında kəlamları səsləndi. Milli rəqslərimizin gözəl ifalarını tamaşaçılar  alqışlarla qarşıladılar. Şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin gənc istedadlarının fərdiliyi və bənzərsizliyi ilə seçilən əl işləri, rəsmləri hamını valeh etdi. Tədbirdə sərgilənən kitabların böyük hissəsinin iştirakçılara hədiyyə olaraq paylanması işi hamıda xoş ovqat yaratdı.

 

Akif ƏLİYEV

Azərbaycan.- 2014.- 18 may.- S.8.