Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunda tədbir keçirilmişdir

 

Mayın 19-da Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Hər bir dövlətin qüdrəti onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, düzgün hazırlanmış inkişaf strategiyasına və peşəkar, milli ruhlu zabit korpusuna malik olsun. Azərbaycanda ordu quruculuğu və peşəkar zabitlərin hazırlanması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu istər sovetlər birliyi, istərsə də müstəqillik dövründə Azərbaycanın rəhbəri kimi ordu quruculuğu və hərbi kadrların hazırlığı məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimiz sovet hakimiyyəti dövründə Azərbaycanın gələcək dövlət müstəqilliyi barədə düşünərək Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmış, milli hərbi kadrların yetişməsinə nail olmuşdursa, müstəqillik dövründə bu potensialdan istifadə edərək Azərbaycan Ordusunu yaratmışdır.

Ali Məclisin Sədri demişdir: Ümummilli Liderimizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, milli ordu quruculuğu da 1991-ci ildə Naxçıvandan başlanmışdır. Böyük dövlət xadimi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi hissə və dəstələrə vahid rəhbərliyin əsasını qoymuşdur. Bu dövrdə yaradılan ilk milli ordu qurumlarından biri də 705 saylı Əlahiddə Gücləndirilmiş Motoatıcı Briqada idi. 1993-cü ildə ali hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycan Silahlı Qüvvələrinin yaradılması istiqamətində davamlı tədbirlər görmüşdür. Blokada şəraitində və düşmən dövlətlə sərhəddə yerləşən Naxçıvanın müdafiəsi də diqqətdə saxlanılmış, motoatıcı briqadanın bazasında diviziya, sonra isə ordu korpusu yaradılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan Ordusunu təkmilləşdirmək, ordunun döyüş və peşəkarlıq səviyyəsini artırmaq sahəsində Ümummilli Liderimizin başladığı bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi müasir tələblər nəzərə alınaraq gücləndirilmiş, vaxtında lazımi tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 5-ci ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaratmışdır. Naxçıvanın müdafiə potensialının bundan sonra da davamlı olaraq güclənəcəyini bildirən Azərbaycan Prezidenti demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Ali Məclisin Sədri olduqca həssas bir dövrdə Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə göstərdiyi ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirərək demişdir: Bu gün eyni zamanda yeni yaranmış hərbi hissələrə döyüş bayraqları da təqdim olunur. Bayraq tarixi boyu xalqımız tərəfindən həmişə uca tutulub, qürur mənbəyi, yüksək dövlətçilik rəmzi kimi qəbul olunub.

Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə aparılan təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə tədbir iştirakçılarını, bütün şəxsi heyəti təbrik etmiş, çıxışını Ümummilli LiderimizinBizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdirmüdrik sözləri ilə bitirmişdir.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə aparılan təyinatlarla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarını oxumuş, yeni vəzifəyə təyin olunanlara xidmətdə uğurlar arzulamışdır.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev demişdir ki, bu gün ölkəmizdə Ümummilli Liderimizin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası uğurla davam etdirilir. Muxtar respublikada digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, Naxçıvanın müdafiə qabiliyyəti gücləndirilir. Yeni yaradılan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsiz və etibarlı müdafiəsinin təşkil olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə Əlahiddə Ümumqoşun Ordusunabu ordunun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunmuşdur.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təqdimat mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənova raport vermişdir.

Ali Məclisin Sədri əsgərləri salamlamışdır.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Əlahiddə Ümumqoşun Ordusunaonun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqlarının verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatı oxunmuşdur.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusuna, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə hərbi hissələrə döyüş bayraqlarını təqdim etmişlər.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçmişdir.

 

 

Əlahiddə Ümumqoşun Ordusunun hərbi

hissələrinə yeni xidməti avtomobillər

verilmişdir

Mayın 19-da Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və birləşmələrinə 11 “Mitsubishi L-200”, 2 “FİAT” markalı xidməti avtomobil, 2 “Ford” markalı səyyar tibbi yardım və 1 rentgen flüoqrafiya avtomobili verilmişdir.

Yeni xidməti avtomobillərin açarları təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov avtomobillərə baxmışlar.

Bildirilmişdir ki, yüksək texniki göstəricilərə malik olanMitsubishi L-200” markalı avtomobillər muxtar respublikanın relyefinə uyğun olaraq istənilən fəsildə xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcəkdir. “Ford” markalı səyyar tibbi avtomobillərdə stomatoloji və cərrahi avadanlıqlar dəsti quraşdırılmışdır. Bu da birləşmə və bölmələrdə şəxsi heyətin vaxtında tibbi müayinədən keçirilməsinə şərait yaradacaqdır. Səyyar rentgen flüoqrafiya maşını da yüksək texniki göstəricilərə malikdir.

Ali Məclisin Sədri yeni xidməti avtomobillərdən təyinatı üzrə səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.

 

Azərbaycan.- 2014.- 20 may.- S.11.