Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada əqli qüsurlu uşaqlar arasında “Şansların bərabərliyi” adlı kross qaçışı üzrə kiçik yarış təşkil edilmişdir

 

Heydər Əliyev Fondunun dəstəyi, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının və Buxarest şəhərinin 4-cü sektorunun təşkilatçılığı ilə Buxarest şəhərinin “Lumea Copiilor” (“Uşaqların dünyası”) parkında əqli qüsurlu uşaqlar arasında “Şansların bərabərliyi” adlı kross qaçışı üzrə kiçik yarış keçirilmişdir.

Tədbirdə Rumıniyanın idman və gənclər naziri xanım Qabriela Szabo, 4-cü sektorun icra hakimi Kristian Popesku Pyedone, Rumıniyanın tanınmış tennisçisi İliye Nastase, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, yarışda iştirak edən uşaqların valideynləri, KİV nümayəndələri iştirak etmişlər.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının sədri Luminitsa Qeorgiu tədbirin əhəmiyyətindən danışmışdır. O, belə tədbirlərin əlil uşaqların cəmiyyətə inteqrasiyasına yardım olacağını vurğulamışdır. Sədr göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirmişdir.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına nümayəndəliyin yeddi illik xeyriyyəçilik, humanitar fəaliyyəti barədə məlumat vermişdir. Direktor iki dövlət arasında mövcud strateji tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, nümayəndəliyin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırmışdır.

Çıxışlardan sonra yarış başlamışdır.

Yarışın qaliblərinə medallar, kuboklar, diplomlar və hədiyyələr təqdim olunmuşdur.

İştirakçı uşaqlara isə hədiyyələr paylanılmışdır.

Tədbir Rumıniya KİV-lərində geniş işıqlandırılmışdır.

 

Azərbaycan.- 2014.- 20 may.- S.11.