Bakıda Avropa Şurasının Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Təhsil Şəbəkəsinin əlaqələndiricilərinin XXI iclası işə başlamışdır

 

Mayın 20-də Bakıda Avropa Şurasının Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Təhsil Şəbəkəsinin əlaqələndiricilərinin XXI iclası işə başlamışdır.

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu qurumun təşkilatçılığı ilə “Həssas vəziyyətdə uşaqlar: vətəndaşlıq və insan hüquqları təhsili vasitəsilə dəyişiklik” adı altında keçirilən iclas Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində reallaşdırılan ilk tədbirdir.

İclasın açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael HüseynovAvropa Şurasının təhsil idarəsinin rəisi Şur Berqan çıxış etmişlər.

İclasın işinə Azərbaycan Respublikasının Təhsil, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Avropa Şurasına üzv ölkələrin mütəxəssisləri və Avropa Şurası Katibliyinin əməkdaşları qatılmışlar.

İclas mayın 21-də başa çatacaqdır.

 

Azərbaycan.- 2014.- 21 may.- S.3.