Görkəmli alim Nəriman Quliyev son mənzilə yola salınmışdır

 

Mayın 20-də nüvə fizikası sahəsində görkəmli alim, Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri, akademik Nəriman Quliyev son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Akademik Nəriman Quliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan fizika elminin görkəmli nümayəndələrindən olan Nəriman Quliyevin nüvə fizikası sahəsinin tədqiqi istiqamətində gördüyü işlərdən, səmərəli xidmətlərindən danışmışdır.

Bildirilmişdir ki, Nəriman Quliyevonun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışlar.

Vida mərasimində AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev, akademik Maqsud Əliyev və AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Adil Qəribov çıxış edərək alimin Azərbaycanın fizika elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açmış, mərhumun ailəsinə dərin hüznlə başsağlığı vermişlər.

Vurğulanmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlıdır. N.Quliyevin təşəbbüsü ilə 1993-cü ildə AMEA-nın Fizika İnstitutu “ATLAS” layihəsinin icraçıları sırasına daxil edilmişdir. Bu illər ərzində akademik N.Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən bu layihə çərçivəsində 200-dən çox elmi məqalə dərc olunmuşdur.

Xüsusi vurğulanmışdır ki, akademik N.Quliyevin həmmüəllifi olduğuNeytrino” kitabı elementar zərrəciklər fizikası sahəsində Azərbaycan dilində yazılmış ilk və əhəmiyyətli elmi-kütləvi vəsaitdir.

Qeyd edilmişdir ki, alimin əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Akademik iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri, Türkiyə Fizika Cəmiyyətinin medalı ilə təltif olunmuşdur.

Mərhumun ailəsi adından çıxış edən nəvəsi Zaur Şirəlizadə

babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

 

Azərbaycan.- 2014.- 21 may.- S.3.