Azərbaycan ilə Braziliya arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır

 

Mayın 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikasının Gəlirlər üzrə Federal Agentliyi katibinin müavini, gömrük xidmətinin rəisi Ernani Çekkuçi ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Latın Amerikası regionunda tərəfdaşımız olan Braziliya arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanaraq, bu səfərin iqtisadi-ticari sahədə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyi bildirilmişdir. Son illər ciddi iqtisadi uğurlar əldə edən müstəqil Azərbaycan ilə böyük sənaye potensialına malik Braziliya arasında qarşılıqlı faydalı əməkdaşlığın gömrük qurumları arasında da davam etdirilməsi mövcud potensialdan səmərəli istifadə və xarici ticarətin stimullaşdırılması baxımından müsbət dəyərləndirilmişdir.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi və münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanmışdır.

Görüşdə gömrük sahəsində hüquqi bazanın yaradılması, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2014.- 21 may.- S.4.