Quruculuq vüsət alıb

 

Respublikamızın qərb qapısı sayılan Qazax rayonu ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə layiqli töhfələrlə gəlir. Mədəniyyət, təhsil, səhiyyə  ocaqlarında, idman kollektivlərində bir-birindən maraqlı tədbirlər keçirilir. Hər yerdə ümummilli liderin mənalı həyat yolu dərindən öyrənilir. Bununla yanaşı, genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Hər yanda ağac, gül-çiçək əkilir, yaşıllıq salınır, kütləvi təmizlik  işləri aparılır, səliqə-sahman yaradılır.

Qazaxın girişində iki muzey yanaşı dayanır: diyarşünaslıq və Vaqif - Vidadi muzeyləri. Doğrudur, hər iki binanın görkəmi Qazaxın  indiki cah-calalı ilə uyuşmur. Lakin onların məğzi, məqsədi, saysız-hesabsız eksponatları çox şeydən  xəbər verir. Baxdıqca bu yerlərin  ulu tarixi, mərd oğulları, söz-sənət sahibləri yada düşür. Bir daha yəqin edirsən ki, qədim Qazaxın keçmişi hünərli, bugünü  şərəflidir.

Bu yerlərin şöhrəti, sərvəti  ulu öndərin adı ilə bağlıdır. Ona görə də hər yanda hamı tərəfindən ümummilli lider Heydər Əliyevə dərin ehtiram, sonsuz məhəbbət  bəslənilir.  Bu sevgi ilə, bu ehtiramla ucaldılmış Heydər Əliyev Muzeyi, Heydər Əliyev Parkı özgə aləmdir. Qazaxda  bu yerləri müqəddəs  sayırlar.   

Hamı çox yaxşı bilir ki, ötən əsrin 90-cı illərinin burulğanında az qala əldən gedən, tar-mar olan bu qədim diyar ulu öndər Heydər Əliyevin titanik səyi ilə xilas olundu. Sonra da sistemli surətdə genişmiqyaslı abadlıq-quruculuq işləri başlandı. Heydər Əliyevin tövsiyə və tapşırıqlarına  uyğun olaraq Prezident İlham Əliyevin qayğısı və köməyi ilə Qazax rayonu müasir görkəmli alınmaz qalaya çevrildi.

Bölgədə ilk müalicə-diaqnostika mərkəzi, olimpiya idman kompleksi, Heydər Əliyev Elm Mərkəzi, Gənclər sarayı, Dədə Qorqud abidəsi, müasir gömrük postu və başqa obyektlər məhz burada yaradılıb.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə əlaqədar  Qazax rayonu tanınmaz dərəcədə dəyişdi. Avey dağının qoynunda illik gücü 1 milyon ton olan sement zavodu istifadəyə verilib. Ölkədə yeganə Ədəbiyyat muzeyi, Uşaq Əyləncə Mərkəzi, YAP rayon təşkilatının və polis  şöbəsinin binaları, neçə-neçə digər sosial obyekt inşa olundu. Rayon icra  hakimiyyətinin  təşəbbüsü ilə "Fəxri qazaxlılar" parkı yenidən  quruldu. Yaşıllıqların qoynundakı fəvvarələrin ətrafında bu yerlərə şərəf gətirən insanların barelyefləri qoyulub. Azərbaycanın ilk topoqraf generalı İbrahim Ağa Vəkilov, artilleriya generalı Əliağa Şıxlinski, ilk hərbi təyyarəçi Fərrux Qayıbov, İtaliyanın milli qəhrəmanı, partizan Tahir İsayev, ədəbiyyatımıza ölməz əsərlər bəxş etmiş yazıçı və şairlərdən Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Yusif Səmədoğlu... Başda da Səməd Vurğunun, o biri tərəfdə Molla Vəli Vidadi və Molla Pənah Vaqifin heykəlləri qoşa dayanıb. Bir qədər aralıdakı yaraşıqlı bağda böyük söz ustası, istiqlal carçısı İsmayıl Şıxlı mərmər postament üzərindən doğma diyara boylanır. Xiyabanın mərkəzində 4,5 metr hündürlüyündə şəlalə qurulub. Xeyli yerdə yaşıllıq zolaqları yaradılıb, dekorativ ağaclar və gül kolları əkilib, istirahət guşələri, işıqlandırma və suvarma sistemləri qurulub.

Rayonda yol təsərrüfatının da abadlaşdırılmasına xüsusi fikir verilir. Sərhəd  boyu kəndlərdə onlarca kilometr yol sahmana salınıb, çınqıl və asfalt  döşənib. 26 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası uğurla başa çatdırılır.

"Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 18 fevral və 7 oktyabr 2013-cü il tarixli sərəncamları uğurla yerinə yetirilir. Bütün bunların nəticəsidir ki, son illərdə rayonda ümumi məhsul istehsalı 2,9 dəfə artıb, sahibkarlıq subyektlərinin sayı 2,4 dəfə çoxalıb, 10 minə qədər iş yeri açılıb. Ötən ilin uğurları daha fərəhlidir. Məhsul istehsalının ümumi dəyəri 141 milyon manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövründəkinə nisbətən xeyli çoxdur. Bitkiçilik və heyvandarlıq məhsulları ilbəil çoxalır və buna görə də əhalinin gəliri, qazancı artır. Bütün bunların nəticəsidir ki, il ərzində büdcəyə yerli daxilolmalar proqnozuna 104,7 faiz əməl olunub.

"Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin sərəncamının icrası  ilə əlaqədar rayonda müxtəlif növ ərzaq məhsulları istehsalının artırılmasına və fermer mağazalarının yaradılmasına xüsusi fikir verilir. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov deyir ki, rayonda ərzaq  proqramı uğurla yerinə yetirilir. Dövlət başçısının qayğısı və köməyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə kreditlər, gübrələr və yanacaq verilir, müxtəlif texnika gətirilir. Torpaqların suvarılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə keçən il rayonda 11 artezian quyusu qazılmışdır. Cari ildə isə Prezidentin 29 yanvar 2014-cü il tarixli sərəncamı ilə 16 subartezian quyusunun qazılması nəzərdə tutulub.

Rayonun hər sahəsində abadlıq-quruculuq işləri getdikcə geniş vüsət alır. Əhalinin həyat səviyyəsinin, məişətinin və güzəranının daha da yaxşılaşdırılması üçün hər sahədə konkret tədbirlər həyata keçirilir. Səhiyyə, təhsil, mədəniyyət məsələlərinin sistemli həllinə daim qayğı və diqqət göstərilir. İlk öncə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi fikir verilir. Bu ərəfədə Çaylı və Daş Salahlı kəndlərinin hər birində 640 yerlik məktəb binaları istifadəyə verilib. Ürkməzli, Xanlıqlar və Kəmərli kəndlərində də məktəb binalarının inşası başa çatdırılıb. Bu yaxınlarda iki körpələr evi-uşaq bağçası üçün binaların tikintisinə başlanılıb. Rayon üzrə sosial məsələlər, eləcə də qaz, elektrik enerjisi və içməli su problemləri də sistemli surətdə həll olunur. Ulu öndərin  anadan olmasının 91-ci ildönümü ərəfəsində daha bir xoş xəbər: Daş Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı və Kosalar kəndləri təbii qazla təmin olunmuş və bununla da rayon üzrə qazlaşdırma, demək olar, yüz faizə çatdırılmışdır.

Daha bir neçə  töhfə: çoxmərtəbəli doqquz binada bərpa işləri aparılıb. Fasad hissələri təmir edilib. Mədəniyyət mərkəzinin dam örtüyü təzələnib. Sərhəddə yerləşən Cəfərli, Bala Cəfərli və Quşçu Ayrım kəndlərində tibb məntəqələri üçün binalar tikilib. Mərkəzi xəstəxananın yerində üç hektar sahədə müasir müalicə mərkəzinin inşasına başlanılıb. Azadlıq küçəsində qəza vəziyyətində olan evlərdə yaşayan sakinlər üçün 24 mənzilli yeni bina inşa edilib. Qazaxbəyli kəndinin ərazisində 300 məcburi köçkün ailəsi üçün beşmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulub. Dəmirçilər və Ürkməzli kəndlərinə içməli su xətti çəkilib. Orta Salahlı və Qazaxbəyli kəndlərinin də suya olan tələbatının ödənilməsi üçün konkret tədbirlər görülür.

İcra hakimiyyətinin təşəbbüsü ilə payız və yaz aylarında kütləvi ağacəkmə mövsümü elan olunmuş və rayonun müxtəlif yerlərində 99,5 min bəzək və meyvə ağacı əkilmişdir.

Bu günlərdə Heydər Əliyev Mərkəzində XI sinif  şagirdləri "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda növbəti dərsə yığışmışdılar. Yuxarıda qeyd olunan faktların çoxu, xüsusən Qazaxın  ildönümlə bağlı töhfələri barədə bir sıra məlumatlar da məhz həmin tədbirdə səslənmişdir.                                    

 

Əhməd İSAYEV

Azərbaycan.- 2014.- 21 may.- S.10.