Ümumdünya Metrologiya Gününə həsr olunmuş seminar keçirildi

 

Dünən Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsində Ümumdünya Metrologiya Gününə həsr olunmuş seminar keçirilmişdir. Tədbirdə məlumat verildi ki, ilk dəfə 1875-ci il mayın 20-də  Parisdə təşkil edilən beynəlxalq konfransda 17 dövlət tarixə düşən Metrik Konvensiyanı imzalayıblar. O zaman  elmin inkişafı, yeni ölçü vahidlərinin yaranması, qloballaşan dünya ticarətində fərqli ölçü vahidləri qarşılıqlı əlaqələrin inkişafında ciddi əngəllər törətdiyindən vahid ölçülər sisteminə keçid zəruri idi. Həmin konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro yaradıldı. Məhz Metrik Konvensiya imzalandıqdan sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilibonun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb.

Çıxışlarda qeyd olundu ki, Ümumdünya Metrologiya Günü münasibətilə 2014-cü il üçün “Ölçmələr və qlobal enerji problemləri” şüarı irəli sürülmüşdür. Dünya ölkələrində getdikcə qloballaşan enerji problemlərində bütün növ parametrlər üzrə ölçmə qabiliyyətlilik dərəcəsinin  təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, vurğulandı ki, Azərbaycan müstəqilliyini bərpa  etdikdən sonra ulu öndər bu sahənin inkişafına xüsusi diqqətlə yanaşdı. 13 iyun 2000-ci ildə təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirmiş və metrologiyanın inkişafına ciddi təkan vermişdir.

Seminar iştirakçılarına bildirildi ki, müəyyən edilmiş metroloji normaqaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, yeni texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Məlumat üçün bildirək ki, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin kəmiyyət vahidlərinin dövlət etalonları laboratoriyalarının beynəlxalq metroloji təşkilatlar tərəfindən tanınması məqsədilə işlər aparılmaqdadır. Belə ki, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya üzv olmaq və “Dövlətlərin milli etalonlarının və milli metrologiya qurumları tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” beynəlxalq sazişə qoşulmaqla bağlı müraciət edilmişdir.

Bu sahədə digər bir beynəlxalq qurum - Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OİML) metrologiyanın inkişafı, yeni ölçü vahidlərinin müəyyən edilməsi, vahid tələblər əsasında ölçmələrin vəhdətinin təmin edilməsi, başqa sözlə, qanunverici metrologiya prosedurlarının qlobal harmonizasiyasını təşviq etmək məqsədilə fəaliyyət göstərir, beynəlxalq tövsiyələr hazırlayır. Azərbaycan Respublikasının adıçəkilən təşkilata üzvlüyü istiqamətində də işlər yekunlaşma mərhələsindədir.

Tədbirin sonunda Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin rəhbərliyi Ümumdünya Metrologiya Günü münasibəti ilə metrologiya sahəsində göstərdikləri xidmətlərə görə bir qrup komitə əməkdaşını “Fəxri fərman”la təltif edib.

 

Elnur HADIYEV

Azərbaycan.- 2014.- 21 may.- S.11.