Milli Qəhrəman anıldı

 

Dünən Sumqayıtda yerləşən Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyevin anım gününə həsr olunan mərasim  keçirildi. Qubadlı RİH-in təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirildi və şəhidlərimizin ölməz ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra K.Mirzəyevin şərəfli ömür yoluna həsr edilən film nümayiş etdirildi. Sənədli kadrlar tədbir iştirakçılarını xəyalən doğma torpaqlara apardı. Qaçaq Nəbiyə, Qarabağ şikəstəsinə havalanan yurd yerləri qubadlılıların ruhunda yenidən o yerlərə qayıtmaq alovunu coşdurdu.

Mərasimdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, rayonun igidlərinlən olan Kərəm Mirzəyev müharibə başlayandan döyüş meydanına atılmışdı. Kərəm və döyüşçü yoldaşları dəfələrlə ermənilərlə qarşılaşmış, igidlik göstərmişlər.

İxtisasca mühəndis olan K.Mirzəyev 1990-cı ildə rayon polis şöbəsinə işə qəbul olunur, Kalininqrad Ali Polis Akademiyasına oxumağa göndərilir. Qiyabi təhsil almaqla yanaşı, Kərəm doğma Xanlıq kəndində düşmənə qarşı cəsarətlə döyüşür. O, tezliklə baş leytenant rütbəsinədək yüksəlir. Amma çox keçmir ki, amansız döyüşlərin birində qəhrəmancasına şəhid olur.

Şəhid ailələrinə göstərilən qayğıya toxunan M.İsaqov qeyd etdi ki, son illər respublikamızda qaçqın və məcburi köçkünlərin  sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılmasına yönələn tədbirlər buna bariz nümunədir.

Anım mərasimində çıxış edən Qubadlı Rayon Polis Şöbəsinin rəisi Nizami Əhmədov, Xanlıq kənd 1 saylı orta məktəbin direktoru  Akifə Abdullayeva, keçmiş döyüşçü Qafqaz Əvəzoğlu, digər işğal altında olan rayonların polis şöbələrinin əməkdaşları bir daha Kərəm Mirzəyevin keçdiyi ömür yoluna işıq saldılar. Kərəm Mirzəyevin atası Ərşad Mirzəyev və oğlu Cahandar Mirzəyev bu tədbirə görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər. Vətəni yaşadan oğullara göstərilən diqqət və qayğıya görə ölkə başçısına razılıqlarını ifadə etdilər.

Mərasim məktəblilərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusuna həsr olunan şeirlərlə tamamlandı.

 

Akif ƏLİYEV

Azərbaycan.- 2014.- 21 may.- S.11.