Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

 

 

Prezident İlham ƏLİYEV: "Əminəm ki, bu səfərim münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizə güclü təkan verəcəkdir"

 

Müstəqil Azərbaycan dövlətinin xarici siyasət xəttinin prioritet istiqamətlərindən biri Qərbin və Şərqin aparıcı ölkələri ilə qarşılıqlı faydalı əlaqələrə əsaslanan əməkdaşlıqdır. Azərbaycan müstəqil dövlət kimi bu mövqeyini qəti şəkildə bəyan edib. 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmək isə buna əyani misal olmuşdur.

Azərbaycan Respublikasının dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə ikitərəfli münasibətləri mövcuddur. Belə ölkələrdən biri  Vyetnam Sosialist Respublikasıdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il sentyabrın 23-də qurulmuşdur. Hər iki ölkənin XİN-ləri arasında əməkdaşlıq haqqında protokol, vizasız gediş-gəliş və neft şirkətləri arasında strateji əməkdaşlıq sazişləri mövcuddur. 2011-ci ildə Vyetnam Sosialist Respublikasının Azərbaycanda, 2013-cü ildə isə Azərbaycanın Vyetnamda  səfirliyi fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 19-da Vyetnama dövlət səfəri isə iki ölkə arasındakı hərtərəfli münasibətlərin daha da genişlənməsində yeni səhifə açdı. Azərbaycan Prezidenti kimi Vyetnam Sosialist Respublikasına ilk dəfə səfər edən cənab İlham Əliyev keçirdiyi görüşlərdə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri, əlaqələrin  daha da möhkəmlənməsi istiqamətində fikirlərini bildirmişdir. Dövlət başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin vaxtilə Azərbaycana, ulu öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama etdiyi tarixi səfərləri xatırladıb, bu münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır. Eyni zamanda vaxtilə Azərbaycanda təhsil almış Vyetnam vətəndaşlarının ölkələrimiz arasında münasibətlərin inkişafında xüsusi rol oynadığını, Azərbaycan parlamentində Vyetnam ilə dostluq qrupunun fəaliyyət göstərdiyini, Vyetnamda Azərbaycan səfirliyinin açıldığını deyən Prezident İlham Əliyev bunların ikitərəfli əməkdaşlığın genişlənməsinə yaxşı imkan yaratdığını bildirmişdir.

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq, Baş nazir Nquyen Tan Danq, Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq və  Milli Assambleyanın sədri Nquyen Sinh Hanqla keçirdiyi görüşlərdə Azərbaycan-Vyetnam əlaqələrinin  daha da genişlənməsi üçün böyük potensialın olduğunu bildirmişdir.

Prezident İlham Əliyev səfər çərçivəsində ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə də görüşmüşdür. Qeyd edək ki, iki mindən çox vyetnamlı vaxtilə Azərbaycanın ali məktəblərində hazırlıq keçib və təhsil alıb. Görüşdə çıxış edən dövlət başçısı demişdir: "Biz bu münasibətlərə çox böyük əhəmiyyət veririk və bu münasibətlər uğurla inkişaf etməkdədir. Bu münasibətlərin təməlini siz - Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. Bizim münasibətlərimizin, xalqlarımız arasında münasibətlərin tarixi dostluğa və qardaşlığa əsaslanır. Biz də bu münasibətləri bu gün, XXI əsrdə dinamik inkişaf edən iki müstəqil dövlət kimi inkişaf etdirməli və möhkəmləndirməliyik. Buna görə də mən əminəm ki, bu səfərim münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizə güclü təkan verəcəkdir".

Səfər çərçivəsində Azərbaycanla Vyetnam arasında "Azərbaycan Respublikası hökuməti və Vyetnam Sosialist Respublikası hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası hökuməti və Vyetnam Sosialist Respublikası hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" imzalanmışdır.

Təkbətək və geniştərkibli görüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuatda bəyanatlarla çıxış etmişlər. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs etmiş, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişənin bölgə üçün ən böyük təhlükə olduğunu  söyləmişdir. Eyni zamanda bildirmişdir ki, bundan sonra da Azərbaycan və Vyetnam üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyəcək. Prezident İlham Əliyev demişdir: "İki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollara çatmışdır. Əminəm ki, keçirilən biznes forumunun nəticəsi ikitərəfli ticarət dövriyyəsinin artırılmasında özünü göstərəcəkdir. Tərəflər bu müsbət meyilli fəaliyyəti davam etdirməli, bütün sahələrdə, xüsusən də yüksək səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin sayını artırmalı, əvvəllər imzalanmış sazişləri, əməkdaşlıq barədə imzalanmış vacib sənədləri səmərəli həyata keçirməlidirlər".

Dövlət başçısı vurğulamışdır ki, vyetnamlı həmkarı ilə müzakirələr zamanı, xüsusən də ticari-iqtisadi və investisiya sahələrində inkişaf üzrə tədbirlər barədə razılıq əldə olunub. Belə qənaətə gəlinib ki, tərəflər güclü istiqamətləri inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin artırılması, o cümlədən neft-qaz sahəsini prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək fəal addımlar atmalıdırlar. Azərbaycan və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin qurulması və səmərəli əməkdaşlıq formalarının axtarışı sahələrində hər iki ölkənin biznes dairələrinə kömək edəcəkdir.

Prezident İlham Əliyev eyni zamanda tərəflər arasında neft-qaz sektorunda mümkün olan əməkdaşlığa da toxunmuşdur: "Azərbaycan nefti Vyetnama ixrac edilir. Biz bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görəcəyik. Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyuluşu ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əminəm ki, yaxşı nəticələr olacaqdır. Humanitar sahədə əməkdaşlığımızı dərinləşdirmək üçün çox gözəl perspektivlər vardır. Xüsusilə təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar vardır. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir, müxtəlif sahələri əhatə edir. Şübhə etmirəm ki, səfərin nəticələri çox müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız uğurla inkişaf edəcəkdir".

Mayın 19-da Azərbaycan-Vyetnam biznes forumu da keçirilmişdir. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forumda 50-dək azərbaycanlı iş adamının iştirak etdiyini, ölkələrimizin neft-qaz, kimya, maşınqayırma, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq qurmaları üçün potensial imkanların olduğunu bildirmişdir. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən söz açan nazir demişdir ki, Cənubi Qafqaz ilə əməkdaşlıqda Azərbaycan Vyetnam üçün mühüm rol oynaya bilər.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.- 2014.- 22 may.- S.5.