Ədliyyə Nazirliyində Avropa Şurasının həmməruzəçiləri ilə görüş olmuşdur

 

Mayın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Şurası (AŞ) Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de MoraCozef Debono Qrex ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edərək Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın ölkəmizə səfərinin və ötən gün təqdimatı keçirilmiş AŞ-nin 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının qarşılıqlı fəaliyyətə əlavə töhfə verəcəyini bildirmişdir.

Qonaqlar Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətindən məmnunluqlarını bildirmiş, ölkəmizə səfərlərinin məqsədlərindən danışmış, Monitorinq Komitəsi olaraq 14 dövlətdə monitorinqlər apardıqlarını söyləmişlər. Həmməruzəçilər, həmçinin məhkəmə-hüquq sistemində mütərəqqi islahatlara toxunmuşlar. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və məhkəmə sisteminə inamın artırılmasına yönələn tədbirlərlə maraqlanmışlar.

Məhkəmə-hüquq sistemində islahatların uğurla davam etdirildiyini bildirən F.Məmmədov bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi, hakimlərin müstəqilliyinin yüksəldilməsi, onların əmək haqlarının xeyli artırılması, inzibati ədliyyənin uğurlu fəaliyyəti, müasir məhkəmə infrastrukturunun yaradılması və s. barədə məlumat vermişdir.

Görüşdə digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2014.- 22 may.- S.5.