“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Procter&Gamble” şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanmışdır

 

Mayın 21-də “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) ilə “Procter&Gamble” (P&G) şirkəti arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın turizm potensialı və “Bakı-2015”ə hazırlıqla bağlı hazırlanmış videoçarx nümayiş olunmuşdur.

Mərasimdə çıxış edən Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini diqqətə çatdırmışdır.

Bildirmişdir ki, Avropa Oyunlarının birinci rəsmi tərəfdaşı kimi “P&G” şirkətini alqışlayıram. Ümid edirəm ki, bu əməkdaşlıq ümumi işimizə öz töhfəsini verəcək və hər iki tərəf üçün uğurlu olacaqdır.

A.Rəhimov qeyd etmişdir ki, gələn həftə Kiprin paytaxtı Nikosiyada Avropa Olimpiya Komitəsinin toplantısı keçiriləcəkdir. Həmin tədbirdə “Bakı-2015” ilə bağlı təqdimat olacaqdır. İştirakçılara Avropa Oyunlarına hazırlıqla və idman infrastrukturu ilə bağlı məlumat veriləcəkdir.

Yaxın günlərdə ölkəmizdə Avropa Oyunlarına iki hazırlıq turnirinin keçiriləcəyini diqqətə çatdıran A.Rəhimov, atletika və bədii gimnastika üzrə təşkil olunacaq yarışların əhəmiyyətindən danışmışdır.

Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya məsələləri üzrə direktoru Çarli Vijeratna müqavilənin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, P&G-nin böyük idman yarışlarına sponsorluq etmək baxımından böyük təcrübəsi vardır. Beynəlxalq Olimpiya Komitəsi ilə tərəfdaş olan şirkətin “Bakı-2015” ilə əməkdaşlığı bu mötəbər yarışın təşviqinə öz töhfəsini verəcəkdir.

Ölkəmizin satış bazarında P&G-nin özünə məxsus çəkisinin olduğunu diqqətə çatdıran Ç.Vijeratna, bu əməkdaşlıq sayəsində “Bakı-2015”in bölgələrdə daha da populyarlaşmasına şərait yaradacaqdır.

P&G-nin Azərbaycan nümayəndəliyinin direktoru Tayqun Günay əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. Şirkətin yaranma tarixi və fəaliyyətindən bəhs T.Günay şirkətin Azərbaycanda həyata keçirdiyi sosial yönümlü layihələr barədə məlumat vermişvideoçarx nümayiş olunmuşdur.

Sonra Azad Rəhimov və Tayqun Gunay tərəfdaşlıq müqaviləsini imzalamışlar.

Sonda üzərində “Bakı-2015”in loqotipi olan tort kəsilmişdir.

 

Azərbaycan.- 2014.- 22 may.- S.8.