Azərbaycan-Çin münasibətləri qarşılıqlı inama söykənir

 

 

Prezident İlham ƏLİYEV: "Biz Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqik"

 

Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin bərpasının ilk dövrünə təsadüf edir. 1992-ci il aprelin 2-də ölkələrimizin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətini "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər yaratmaq haqqında Birgə Kommunike" ilə təsdiqləməsi bu istiqamətdə atılmış ilk addım oldu. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olub.

Azərbaycan-Çin münasibətləri Böyük İpək yolu vasitəsilə iki xalq arasında tarixən mövcud olmuş ticarət və mədəni əlaqələrdən qaynaqlanır. Çindən başlayan bu yol Azərbaycandan keçməklə Qafqazaoradan da Qara dəniz vasitəsilə Avropaya qədər uzanmışdır. Bu tarixi bağlılıq dəyişən dünyanın siyasi proseslər burulğanında öz əhəmiyyətini itirməmiş, ölkəmiz SSRİ-nin tərkibində olduğu vaxtlar belə Çinlə münasibətlər qorunub saxlanmış, XX əsrin 50-ci illərində neft, geologiyas. sahələr üçün mütəxəssislərin hazırlanması daxil olmaqla müxtəlif sahələrdə özünü göstərmişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi dost Çin ilə əlaqələrin hərtərəfli inkişafı üçün tarixi bir fürsət yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biri kimi ÇXR ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq münasibətlərimizin yeni inkişaf yoluna daxil olmasını təmin etmişdir. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz ÇXR-də açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir. Ötən müddətdə Çin Azərbaycan üçün siyasi tərəfdaşa və ən əsası, etibarlı dosta çevrilmiş, müxtəlif sahələri əhatə edən əməkdaşlıq davamlı olaraq inkişaf edərək möhkəmlənmişdir.

Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə münasibətlərinin inkişafının dönüş nöqtəsi 1994-cü ildə müstəqil Azərbaycanın dövlət başçısı kimi Heydər Əliyevin Çin Xalq Respublikasına ilk rəsmi səfəri ilə bağlıdır. Bu səfər ikitərəfli əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşməsində mühüm amil olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasi kurs ikitərəfli münasibətlərimizin inkişafında yeni səhifə olmaqla əməkdaşlığımızın yeni mərhələyə qalxmasına təminat vermişdir.

Prezident İlham Əliyevin bu günlərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə toplantısında iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfəri də əlamətdar hadisələrlə yadda qalmışdır. Ölkəmizin rəhbəri Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdilər. "Biz Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqik. Biz bu əməkdaşlığı inkişaf etdirmək, dərinləşdirmək istəyirik və bu istiqamətdə konkret addımlar atmağa hazırıq" - deyən dövlət başçısı söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş fikir mübadiləsi aparmışdır.

Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını rəhbər tutan Çin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir.

Prezident İlham Əliyev Zirvə toplantısında bildirib: "Beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bugünə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə toplantısında qəbul edilən Bəyannamədə Azərbaycan üçün önəmli müddəalar da öz əksini tapıb. Bəyannamənin 3.5-ci bəndində göstərilir: "Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq".

Qloballaşan dünyada iqtisadi inkişaf tempinə görə son illər Azərbaycan və Çin lider dövlətlər sırasındadırlar. İldən-ilə iqtisadi əlaqələrimiz genişlənir. Tarixi İpək yolunun bir hissəsi kimi Qərb və Şərq arasında nəqliyyat körpüsü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Çin mallarının Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa ölkələrinə çatdırılmasında yeni ən qısa, əlverişli və optimal marşrut kimi həmin ölkələrin regionalqlobal səviyyədə əməkdaşlığının genişlənməsinə xidmət edəcək. İkitərəfli əlaqələrimizdə iqtisadi münasibətlərin inkişaf səviyyəsinin yüksəlməsi bu gün hər iki dövlətin geniş potensialının tam şəkildə istifadəsinə real şərait yaradır.

Azərbaycan və Çin arasında mədəni, humanitar, turizm, elm və təhsil sahələrində də əməkdaşlıq münasibətləri qurulmuşdur. Məhz bunun sayəsində dünya sivilizasiyasına, mədəniyyət xəzinəsinə müstəsna və misilsiz töhfələr verən xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına xidmət edəcəkdir.

 

Elnur HACALIYEV,

"Azərbaycan"

Azərbaycan.- 2014.- 23 may.- S.3.