Azərbaycan-Avropa Şurası əməkdaşlığı müzakirə olunmuşdur

 

Mayın 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Şurasının baş katibi Torbörn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Elmar Məmmədyarov Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir problemin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır. Nazir Elmar Məmmədyarov Ermənistanın işğalçı siyasətinə son qoymayınca və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayınca regionda sabitlik və təhlükəsizliyin təhdid altında olacağını və qeyri-müəyyənliyin davam edəcəyini bildirmişdir. O, münaqişənin bu günədək həll olunmamasının regional inkişafa mane törətdiyini vurğulamışdır.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq, ölkəmizin qurumdakı sədrliyi müzakirə olunmuş və təşkilatın gündəliyində duran aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2014.- 23 may.- S.3.