Bakıda keçirilən beynəlxalq sərgilər yeni tərəfdaşlar axtarışına, Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformadır

 

Mayın 22-də Bakı Ekspo Mərkəzində 20-ci Azərbaycan Beynəlxalq qida sənayesi ("WorldFood Azerbaijan-2014"), 8-ci Azərbaycan Beynəlxalq kənd təsərrüfatı ("AgriHort Azerbaijan-2014"), 3-cü Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk ("Plastex Caspian- 2014") və 3-cü Xəzər Beynəlxalq qablaşdırma, tara, etiketpoliqrafiya ("Ipack Caspian-2014") sərgiləri açılmışdır.

AzərTAc xəbər verir ki, sərgilərin təşkilatçıları "Iteca Caspian" MMC və "ITE Group PLC" şirkətidir. Sərgilər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi surətdə dəstəklənir.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, sərgilərin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, mövcud əlaqələrin möhkəmlənməsində mühüm rol oynayan bu sərgilər yeni tərəfdaşlar axtarışına, Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformaya çevrilmişdir.

"İTE Group PLC" şirkətinin icraçı direktoru Edvard Stroon sərgilərdə iştirak edən şirkətlərin sayının ilbəil artdığını vurğulayaraq qeyd etmişdir ki, Azərbaycanın yerli şirkətlərinin də fəallığının artması sevindirici haldır. Bu şirkətlər sərgilərin 26 faizini təşkil edir.

Sonra sərgilərin açılışını bildirən rəmzi lent kəsilmiş, iştirakçılar təqdim edilən avadanlıq və məhsullarla tanış olmuşlar.

"WorldFood Azerbaijan-2014" sərgisi dünyaca məşhur "WorldFood" sərgi brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini birləşdirir. Sərgi 20 illik yubileyini rekord sayda eksponentlə, yəni 242 iştirakçı şirkətlə qeyd edir. İlk dəfədir ki, sərgiyə dünyanın 36 ölkəsindən nümayəndələr qatılmışlar. Ənənəvi olaraq, bu siyahıda üstünlük MDB (15 faiz) və Avropa (57 faiz) ölkələrinin şirkətlərinə məxsusdur.

Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini stimullaşdırmaq məqsədilə "WorldFood Azerbaijan" və "AgriHort Azerbaijan" sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran, Saatlı, Sabirabad, Xaçmaz və Azərbaycanın digər rayonlarından olan sahibkarlar üçün infoturlar təşkil edilmişdir. Ümumilikdə, iştirakçılar öz məhsullarını üç əsas istiqamətdə nümayiş etdirirlər: qida sənayesi ("WorldFood"), içkilər ("WorldDrink") və ərzaq texnologiyaları ("WorldFoodTech"). Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, çay, qəhvə, südyağ-piy məhsulları təqdim olunur. Stendlərdə, həmçinin qida sənayesi üçün avadanlıq və inqrediyentlər nümayiş etdirilir.

Sərginin yubileyi ilə əlaqədar keçiriləcək "Premium şagird" adlı tədbir çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul zamanı yüksək bal toplamış 6 tələbənin mükafatlandırılması planlaşdırılır. "WorldFood Azerbaijan-2014" sərgisinin rəmzi üzüm olduğundan iştirakçılara və ziyarətçilərə üzümdən istifadə edilməklə hazırlanmış müxtəlif milli mətbəx nümunələri təqdim olunacaqdır.

"AgriHort Azerbaijan-2014" sərgisində Azərbaycan, ABŞ, Almaniya, İspaniya, İtaliya, Niderland Krallığı, Rusiya, Ukrayna, Fransa və digər ölkələrin şirkətləri təmsil olunurlar. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxumlar, gübrələr və s. nümayiş etdirilir. Sərginin sahəsi ötən illə müqayisədə 2,5 dəfə artmışdır. Builki sərginin daha bir fərqləndirici xüsusiyyəti kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya sahəsinin genişlənməsidir. Belə ki, həmin ekspozisiya Bakı Ekspo Mərkəzi ilə yanaşı, açıq meydançada təşkil olunmuşdur. Burada "AzTexnika", "John Deere", Gəncə Avtomobil Zavodu, "Klever", "Rostselmaş" və "Qomselmaş" kimi istehsalçı və distribüterlər öz məhsullarını nümayiş etdirirlər.

"Plastex Caspian-2014" sərgisində ziyarətçilərə Azərbaycan, Braziliya, Qətər, Çin, Rusiya, Portuqaliya, Türkiyə və digər ölkələrdən olan şirkətlərin məhsulları təqdim edilir. Eksponentlərin sırasına plastik kütlə və kauçuk emalı, habelə xammalaşqarlar üzrə avadanlıqların istehsalçıları, habelə plastik kütlə və kauçukdan istifadə etməklə hazır məhsul buraxan müəssisələr daxildir.

"Ipack Caspian-2014" sərgisində isə Azərbaycan, BƏƏ, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrin şirkətləri tərəfindən qablaşdırma maşınları və avadanlıqları, habelə qablaşdırma materialları və hazır məmulatlar, eləcə də etiket məhsulları nümayiş olunur.

Sərgilər mayın 24-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2014.- 23 may.- S.4.