Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İmişli şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov mayın 22-də Xidmətin İmişli rayon şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Ağcabədi, Ağdam, Füzuli rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, qəbulda 20-dək sakin iştirak etmişdir.

Vətəndaşların müraciətləri daha çox hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, eləcə də təkrar tibbi müayinəyə cəlb olunmaları, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olmuşdur.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapmışdır. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülmüş və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilmişdir. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

 

Azərbaycan.- 2014.- 23 may.- S.5.