Ətraf mühitin mühafizəsi daim diqqət mərkəzindədir

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ulu öndər Heydər Əliyevin fərmanı ilə 2001-ci il mayın 23-də yaradılıb. 2007-ci il mayın 16-da isə Prezident İlham Əliyev hər il mayın 23-nün nazirliyin işçilərinin peşə bayramı kimi qeyd olunması haqqında sərəncam verib.

Ətraf mühitin mühafizəsində, nəticə etibarilə insanların sağlamlığının qorunmasında ekoloqlarımızın böyük zəhməti var.  Belə ki, nazirlik ölkə ərazisində, o cümlədən Xəzərin Azərbaycan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləri ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaqenerji effektivliyinə nail olmaqdır. Ekoloji siyasətdə qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi də önəm kəsb edir.

Bu gün ölkənin iqtisadi inkişaf tempinə uyğun şəkildə çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa edilməyən dərəcədə pozulmasına gətirib çıxaracaq fəaliyyətin qarşısının alınması prinsipləri tətbiq edilir. Aztullantılı texnologiyaların tətbiqi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsipləri də önə çəkilir. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir.

Ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq və ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər görülür. Ölkə Prezidentinin   təsdiq etdiyi bir sıra dövlət proqramında nəzərdə tutulan hədəflər reallaşdırılır, vacib vəzifələr müəyyənləşdirilir və buna uyğun şəkildə ətraf mühitin bütün trayektoriyasında nailiyyətlər əldə olunur. Buraya biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması və s. aiddir.

Son illər meşə ilə örtülü ərazilərin 1 milyon hektarı keçməsi  və onların ümumi sahəsinin ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək çatması da ekoloqlarımızın nailiyyətlərindəndir. Bioloji müxtəlifliyin qorunub saxlanılması sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artıb və 893 min hektara çatdırılıb. Bu, ölkə ərazisinin 10,3 faizini təşkil edir. Hazırda Azərbaycanda  9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Ətraf mühitin mühafizəsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məsələn, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan olunmuşdu. Bununla yanaşı, dövlət başçısı bütün illərdə ekoloji məsələlərin diqqətdə saxlanılmasına dair göstəriş vermişdir. Bakının və Abşeron yarımadasının neftlə çirklənmiş yerlərinin, Balaxanı ərazisində məişət tullantılarının yığılıb qalmasının, Böyükşor gölündəki vəziyyətin, digər ekoloji problemlərin yaratdığı narahatlığı, onların aradan qaldırılmasına yönəldilən və bəhrə verən tədbirləri qeyd etmək kifayətdir.

Bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda dövlət başçısı diqqəti bir daha ekoloji məsələlərə yönəltmişdir: "Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz".  Prezident bildirib ki, yalnız ETSN-in rəyi ilə haradasa ağac kəsilə və ya köçürülə bilər. Göllərin təmizlənməsi, Bakının gözəl parklar şəhəri olduğu kimi, eyni zamanda, təmiz göllər şəhərinə çevrilməsi məsələsi yenə də gündəmdədir.

Bir sözlə, ekoloqlarımız qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün əməli işlər görür, gərəkli və xeyirxah bir missiyanı həyata keçirirlər.     

 

Flora SADIQLI

Azərbaycan.- 2014.- 23 may.- S.7.