Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının 2012-2013-cü illər üzrə icrası barədə məlumatları ictimaiyyətə təqdim etmişdir

 

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının 2012-2013-cü illər üzrə icrası barədə məlumatları ictimaiyyətə təqdim etmişdir.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyadan AzərTAc-a bildirmişlər ki, Fəaliyyət Planının qiymətləndirilməsində qurum dövlət orqanları tərəfindən təqdim edilmiş, həmçinin kütləvi informasiya vasitələrində yer alan məlumatlardan və vətəndaş cəmiyyəti üzvlərinin araşdırmaları, fikir və rəylərindən istifadə etmişdir.

Ümumi olaraq Komissiya tərəfindən aparılan qiymətləndirmənin nəticəsinə əsasən Fəaliyyət Planında 2012-2013-cü illər üçün nəzərdə tutulan tədbirlərin 64 faizi icra edilmişdir. Belə ki, dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslər müəyyən edilmiş, daxili icraat qaydaları qəbul olunmuş, dövlət qulluqçuları üçün ətraflı treninqlər keçirilmişdir. Həmçinin vətəndaşlarla müxtəlif formatlarda görüşlərin keçirilməsi, “Açıq qapı” forumları, dövlət orqanlarının rəhbər şəxslərinin qəbulları mütəmadi təşkil edilmişdir. Dövlət xidmətlərinin göstərilməsi və bu prosesdə elektron vasitələrdən istifadənin genişləndirilməsi təmin olunmuşdur. “ASAN xidmət” mərkəzlərinin coğrafiyası və göstərdiyi xidmətlər genişlənmiş, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu təmin edilmişdir. İctimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilmişmüvafiq əməkdaşlıq şuraları yaradılmışdır. “İctimai iştirakçılıq haqqında” Qanun qəbul edilmişdir.

Hesabatda Komissiya müvafiq bəndlər üzrə öz qeydlərini bildirmişdir. Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsi həyata keçiriləcək və bununla bağlı məlumatlar ictimaiyyətə təqdim ediləcəkdir.

Qeyd edək ki, 2012-2015-ci illəri əhatə edən Fəaliyyət Planı Azərbaycan Respublikasında dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin Açıq Hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, həmçinin bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədini daşıyır. Azərbaycan Respublikası 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biridir.

 

Azərbaycan.- 2014.- 23 may.- S.7.