Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Avropa Şurasının baş katibininAvropa Şurası Parlament Assambleyasının sədrinin Azərbaycana səfərləri ilə bağlı açıqlama yaymışdır

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Avropa Şurasının (AŞ) baş katibi Torbörn Yaqlandın və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasörün Azərbaycana səfərləri ilə bağlı açıqlama yaymışdır.

Açıqlamada bildirilir ki, cari il mayın 20-dən 23-dək AŞ-nin baş katibi Torbörn Yaqland və AŞPA-nın sədri xanım Ann Brasör Azərbaycanda səfərdə olmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və digər dövlət rəsmiləri tərəfindən qəbul edilmişlər.

Azərbaycan rəsmiləri ilə keçirilmiş görüşlərdə Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrlik prioritetləri, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, aktual beynəlxalq və regional məsələlər, eləcə də Avropa Şurasının baş katibi T.Yaqlandın Azərbaycan da daxil olmaqla bütün AŞ üzv ölkələrində ümumi durumu əks etdirən “Avropada insan hüquqları, demokratiya və qanunun aliliyinin vəziyyətinə dair” hesabatı kontekstində fikir mübadiləsi aparılmışdır.

Səfər zamanı T.Yaqlandın iştirakı ilə qarşıdakı illərdə Azərbaycan və təşkilat arasında əməkdaşlığın başlıca çərçivəsini təşkil edəcək AŞ-nin Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planının təqdimatı olmuşdur.

4 saylı “ASAN xidmət” mərkəzinə səfər edən baş katib Azərbaycanda bu xidmətin fəaliyyətini yüksək qiymətləndirmiş və bunun digər AŞ ölkələri üçün müsbət nümunə kimi çıxış edə biləcəyini bildirmişdir.

Ann Brasörün sədrliyi ilə AŞPA daimi komitəsinin Azərbaycan Respublikasının Milli Məclisində iclası keçirilmişdir. Ann Brasör çıxışında bildirmişdir ki, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət təşkilatın fundamental prinsipidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ann Brasör Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməsini xatırladaraq, AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı və prinsipial mövqedə olduğunu vurğulamışdır.

AŞPA-nın 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməsi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsini və işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasını tələb edir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov AŞPA ilə əlaqələrdən və Azərbaycanın AŞ-nin Nazirlər Komitəsinə sədrliyindən danışmış və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, eyni zamanda, AŞ-nin Nazirlər Komitəsinin sədri statusunda çıxış etmişdir. Nazir çıxışında Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, ölkədə aparılan siyasi islahatlarmövcud olan tolerantlıq mühiti, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında AŞPA üzvlərinə geniş məlumat vermişdir. O

bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin bu günədək həll olunmaması, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına dönə bilməməsi AŞ-nin əsasını təşkil edən fundamental prinsiplərə və demokratik dəyərlərə zidd olaraq, regionun hərtərəfli inkişafına və demokratik proseslərə xələl gətirir.

Elmar Məmmədyarov AŞ-nin Nazirlər Komitəsinin sədri statusunda AŞPA-nın üzvləri ilə müxtəlif beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmışdır. Müzakirələrdə AŞ-nin bir üzv dövlətinin digər üzv dövlətin ərazisini işğal etməsinin qəbuledilməzliyi vurğulanmışdır.

 

Azərbaycan.-2014.- 25 may.- S.3.