«Dirijor» orqan

 

Hər il may ayının 25-i bütün ölkələrdə Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd olunur. Bu tarix təqvimə 2009-cu ildən qalxanabənzər vəzi və onun xəstəlikləri ilə bağlı olan sualları öyrənən Avropa Tiroid Assosiasiyasının təklifi ilə düşmüşdür. Həmin gün aparılan müzakirələrin əsas məqsədi bu endokrin orqanın xəstəlikləri haqqında insanları məlumatlandırmaq, müasir profilaktika və müalicə üsullarını təbliğ etməkdir.

Tibbi statistikaya görə, qalxanabənzər vəzinin müxtəlif xəstəlikləri Yer kürəsi əhalisinin üçdə bir hissəsində müşahidə olunur.

Bu, insan orqanizmində ən böyük daxili sekresiya vəzisi olub, qırtlaqdan aşağıda, nəfəs borusundan öndə yerləşir. İki paydan ibarət kəpənək formasında olan vəzidə iki cür yod tərkibli hormonlar  - triyodtironin (T3) və tiroksin (T4), bir peptid hormon - kalsitonin sintez olunur.

Qalxanabənzər vəzi (QV) orqanizmdə maddələr mübadiləsini, sabit bədən temperaturunu, yeni hüceyrələrin əmələ gəlməsini, köhnə hüceyrələrin məhvini tənzimləyən və hər bir orqanın işini nizamlayan, tənəffüs, ürəkdöyünmə, həzm, yuxu, hərəkət, düşünmə reaksiyalarının tezliyi, əzələ və piy kütləsinin nisbəti kimi həyati vacib funksiyaları idarə edən "dirijor" orqandır. Triyodtironini (T3) və tiroksini (T4) həm də cavanlıq, gözəllik hormonları adlandırırlar. Həyat boyu tireoid hormonlar orqanizmin əqli, psixifiziki inkişafına təsir göstərir. Erkən yaş dövrlərində hormonal defisit boyun inkişafdan geri qalmasına və kretinizmə (əqli zəifliyə) səbəb ola bilər.

Əsas rolu genetik amillər oynasa da, psixoemosional gərginliklər, balanslaşdırılmamış qidalanma (yod defisiti, mikroelementlərin və ya vitaminlərin çatışmazlığı), əlverişsiz ekoloji və radiasiyalı şərait, xroniki xəstəliklər, infeksiyalars. QV xəstəliklərinin inkişafına zəmin yaradan xarici stress faktorlarıdır.

Qalxanabənzər vəzi xəstəlikləri üç qrupda təsnif edilir:

I. Vəzinin funksiyasının artması, tireotoksikoz zamanı tireoid hormonların qanda yüksəlməsi orqanizmdə bütün metabolik proseslərin sürətlənməsinə gətirib çıxarır. Klassik əlamətlərə əsəbilik, bədən kütləsinin (iştahanın olmasına rəğmən) azalması, taxikardiya (ürək döyüntülərinin sayının artması), yuxunun pozulması, tərləmə, əllərin titrəməsi daxildir.

II. Vəzinin funksiyasının azalması - hipotireoz zamanı xəstəlik özünü yorğunluq, bədən kütləsinin artması, bradikardiya (ürək döyüntülərinin sayının azalması), üşütmə, qəbizlik, dərinin quruluğu, əllərdə və üzdə şişkinlik, yaddaşın pisləşməsi, saçların tökülməsi, depressiya kimi əlamətlərlə büruzə verir. Qan zərdabında QV hormonlarının azalması müşahidə olunur, TTH-nin miqdarı isə artır.

III. Qalxanabənzər vəzinin funksiyasında dəyişiklik baş vermir, yalnız quruluşunda morfoloji dəyişikliklər xarakterik olur (zobun, düyünlərin əmələ gəlməsi və s.).

Müasir müayinə metodları - ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası, termoqrafiyassintoqrafiya vasitəsilə QV-nin ölçüləri haqqında düzgün informasiya əldə etmək mümkündür. USM-in köməyi ilə həkim hər bir payın uzunluğu, eni və qalınlığını ölçüb xüsusi formulla orqanın həcmini hesablayaraq vəzinin ölçülərini mütləq dəqiqliklə təyin edir.

Əksər insanlar QV-də düyünlərdən xəbərdar olanda, ilk növbədə onlarda onkoloji xəstəliyin olması haqqında pessimist düşüncəyə qapılırlar. Qalxanabənzər vəzinin onkoloji xəstəliyindən isə əhalinin cəmi 0,004 faizi əziyyət çəkir. Bu və digər əlamətləri özündə müşahidə edən şəxslər təlaşlanmadan həkimə müraciət etməli, əhatəli müayinədən keçməlidirlər. Dəqiq diaqnoz qoyulduqdan sonra həkim-endokrinoloq tərəfindən fərdi dozada əvəzedici hormonalkompleks müalicə təyin edilir. Müalicədən 1 ay sonra, həmçinin 2-3 ayda bir dəfə qanda hormonların səviyyəsinin yoxlanılması məsləhət görülür.

Qalxanabənzər vəzinin xəstəliklərindən qorunmanın vacib profilaktikası yodlaşdırılmış süfrə duzundan istifadə etməkdir. Təmiz havada piyada və velosipedlə gəzinti,  üzgüçülük, tennis və digər idman oyunları orqanizmə müsbət təsir edir. Sağlam həyat tərzi, balanslaşdırılmış normal qidalanma təkcə QV-nin deyil, ümumiyyətlə, sağlamlığın rəhnidir.

 

Ülviyyə QƏNBƏRLİ

Azərbaycan.-2014.- 25 may.- S.8.