Müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti

 

28 may Respublika Günüdür

 

"Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır".

Heydər ƏLİYEV

 

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. Tarixi faktlara nəzərən Azərbaycan Xalq Cümhuriyyətinin kifayət qədər mürəkkəb və çətin mərhələdə belə demokratik ideallardan geri çəkilmədiyini, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atdığını, ədalətə və qanunçuluğa tapındığını, maarifçilik ənənələrini inkişaf etdirdiyini əminliklə söyləmək olar.

1917-ci ilin fevralında Rusiyada Romanovlar hakimiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası faktiki olaraq Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi. Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Rusiya dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seymində də ən aparıcı üzvlər Azərbaycan nümayəndələri idi. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də isə seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya müsəlman parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Bununla ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda parlamentli respublikanın təməli qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

1918-ci il mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat verildi. Milli Şura Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə tapşırdı. İlk hökumət "Müsavat", "Müsəlman sosialist bloku", "Hümmət", "İttihad" və bitərflərdən ibarət 9 naziri təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamına əsasən Azərbaycan Milli Ordusu yaradıldı.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak - "Sentrokaspi" diktaturasından da təmizləndi. 1918-ci il sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Noyabrın 9-da Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Müsəlman Şərqində ilk parlamentli respublikanın tarixi Azərbaycan parlamentarizminin tarixidir. Demokratik, hüquqi dövlət yaradan Xalq Cümhuriyyəti hakimiyyəti qanunların aliliyini təmin etməli olan təsisatların ilk növbədə parlamentin yaradılması zərurətini ən ümdə vəzifələrdən biri hesab edirdi. Parlamentin fəaliyyətə başlamasına qədər Azərbaycan Təsis Məclisi - Milli Şura və icraedici orqan - Nazirlər Kabineti çox mürəkkəb şəraitdə fəaliyyət göstərərək Azərbaycan Xalq Cümhuriyyətinin qorunub saxlanılmasında əhəmiyyətli işlər görmüşlər. Dünya təcrübəsində ekstremal şəraitdə Milli Şura kimi ali hakimiyyət orqanının yaradılması presedentləri mövcud olmuşdur.

Azərbaycan hökuməti, eləcə də parlament respublikanın müstəqilliyinin Paris Sülh Konfransının iştirakçısı olan qalib dövlətlər tərəfindən tanınmasına çalışırdı. Buna görə də 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzunmüddətli mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə heyəti 1920-ci il yanvar ayının 12-də sülh konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldu.

1920-ci il aprelin 22-də - süqutundan beş gün əvvəl Azərbaycan Cümhuriyyəti parlamenti Paris Sülh Konfransında missiyasını uğurla yerinə yetirmiş Azərbaycan nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi. Müzakirələr zamanı sosialistlər blokundan olan deputatlar Almaniya və Azərbaycan hökumətinin bütün ciddi səylərinə baxmayaraq, onu de-fakto belə tanımayan Sovet Rusiyasında da nümayəndəliklərin açılmasını təkid edərək buna nail oldular.

1918-ci il may ayının 28-də müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilmədi: milli hökumət 1920-ci il aprelin 28-də bolşevik qaragüruhu tərəfindən devrildi, ölkə işğala məruz qaldı. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğuldu, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur oldu.

70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı. Ötən əsrin ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa başlamış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Ümummilli lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoymuş, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etmişdir. Ötən əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində müəyyən ehtiyatlı addımlar atılsa da, bu sahədə kompleks tədbirlər məhz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan başlanmışdır. Ümummilli lider çox böyük ustalıqla bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltmişdir. Xüsusi vurğulamaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə - keçmiş ittifaqda analoqu olmayan memarlıq üslubunda inşa edilmişdir.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etsə də, bu, əslində formal xarakter daşımış, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulmuşdur.

1998-ci il yanvarın 30-da umummilli lider Heydər Əliyev ilk dəfə olaraq "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" sərəncam imzalamış və bu yubiley dövlət səviyyəsində keçirilmişdir. Ümummilli liderin qeyd etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalılıarı xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev 15 fevral 2008-ci il tarixdə "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzaladı. Azərbaycan Respublikası Milli Məclisi də Xalq Cümhuriyyəti parlamentinin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbir keçirdi.

Prezident İlham Əliyev 2013-cü il may ayının 27-də "Buta" sarayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda bildirmişdi: "Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdi. Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət təsisatları yaradılmışdı. Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdi, Milli Ordu yaradılmışdı. Bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. "İstiqlal Bəyannaməsi"ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmışdır".

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI  ordu hissələrinin işğalı nəticəsində Azərbaycan yenidən istila edilsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq, sübut etdi ki, heç bir müstəmləkə və repressiya rejimləri Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 28 may.- S.6.