“Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər”

mövzusunda ictimai dinləmə keçirilmişdir

 

 

Mayın 29-da Azərbaycan Respublikasının Milli Məclisində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilmişdir.

AzərTAc xəbər verir ki, ictimai dinləmə Milli Məclis və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən təşkil edilmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ənənəvi olaraq hər il parlamentdə 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaqlarla görüşlər keçirildiyini, bu görüşlərdə onların problemlərinin müzakirə olunduğunu söyləmişdir.

Bu bayramın tarixi barədə məlumat verən H.Rəcəbli bildirmişdir ki, 1950-ci ildə Moskva şəhərində keçirilmiş beynəlxalq tədbirdə 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınmışdır.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycanda uşaqlarla bağlı ümumilikdə 45 fərman və sərəncam imzalanmış, 22 qanun qəbul olunmuşdur. Bütün bunlar uşaqların müdafiəsində hüquqi bazanın tətbiqində çox mühüm rol oynayır.

H.Rəcəbli vurğulamışdır ki, Azərbaycan dünyada Uşaq Hüquqları Konvensiyasına ilk qoşulan ölkələrdən biri olmuşdur. Azərbaycanda uşaq hüquqları ilə bağlı Qanun 1998-ci ildə qəbul olunmuşdur. Ümumiyyətlə, uşaq problemlərinin həlli üçün lazımi hüquqi bazanın yaradılması hər zaman Milli Məclisdə diqqət mərkəzində saxlanılır. Hazırda Milli Məclisdə bu məsələ ilə bağlı bir sıra qanun layihələri də hazırlanma mərhələsindədir.

Milli Məclis sədrinin müavini Bahar Muradova bayram münasibətilə bütün uşaqları təbrik etmişdir.

Bahar Muradova bildirmişdir ki, sağlam, təhsilli, güclü gələcək nəsil yetişdirmək bütün cəmiyyətlərin borcudur. Bu gün müstəqil Azərbaycanda həyatın bütün sahələrində yeniliklərin, nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan cəmiyyətində yaşayan uşaqların sağlam və savadlı böyümələri üçün bütün lazımı şərait vardır. Bahar Muradova demişdir: “Bu gün müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər deməyə əsas verir ki, biz xoşbəxt gələcək üçün əsasları qoya bilmişik. Bu gün Azərbaycan dövləti bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edir. O cümlədən, gənclərin, uşaqların inkişafı üçün hər cür şərait yaradılmışdır”.

Milli Məclisin sədr müavini vurğulamışdır ki, Azərbaycan parlamenti uşaqların sağlamlığı, inkişafı üçün lazım olan bütün qanunverici aktları qəbul etmişdir. Uşaqların üzləşdiyi problemlər, çətinliklər hər zaman Milli Məclisdə müzakirə olunur.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirmişdir ki, Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etməklə uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu bütün dünyaya sübut etmişdir.

Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov və başqaları ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın məqsədyönlü fəaliyyətləri nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə mühüm işlər görülmüş, bu sahəyə diqqət və qayğı artırılmışdır.

Uşaqlar adından çıxış edən Samirə Hüseynova bütün dünyada, eləcə də ölkəmizdə yaşayan uşaqları bayram münasibətilə təbrik etmişdir.

Sonra tədbir iştirakçıları Milli Məclis və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil edilmişUşaq hüquqlarını bilək və qoruyaqmövzusunda sərgiyə baxmışlar.

Sərgidə qalib gəlmiş uşaqlar mükafatlandırılmışlar.

 

Azərbaycan.-2014.- 30 may.- S.6.