ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti Milli Məclisdə olmuşdur

 

Mayın 30-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycanın ABŞ və onun ayrı-ayrı ştatları, o cümlədən Nyu-Meksiko ilə münasibətlərin inkişafına böyük önəm verdiyini demişdir. Milli Məclisin sədri bildirmişdir ki, Azərbaycan və ABŞ arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimiz arasında indiyədək 76 sənəd imzalanmışdır. Sədr vurğulamışdır ki, bu gün iki ölkə arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsinədək yüksəlmişdir.

Nyu-Meksiko ştatının bu il 28 mayı “Azərbaycan milli günü” elan etməsini xatırladan sədr buna görə minnətdarlığını ştatın qubernatoru Susana Martinezə çatdırmağı qonaqlardan xahiş etmişdir.

Regionun inkişafına böyük maneə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov bu günə qədər ABŞ-ın 15 ştatının Xocalı faciəsi ilə bağlı qətnamə qəbul etdiyini vurğulamışdır. Sədr Nyu-Meksiko ştatının Senatına Xocalı faciəsi ilə bağlı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Dağlıq Qarabağın tanınmamış respublika olduğunu göstərən qətnamələrin qəbul olunmasına görə təşəkkürünü bildirmişdir. Oqtay Əsədov bütün bunların Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulamışdır.

Qonaqlara Azərbaycan barədə ətraflı məlumat verən sədr ölkəmizdə demokratiksivil bir cəmiyyətin formalaşdığını demişdir. Bildirilmişdir ki, Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində birgə yaşadıqları bir məkandır.

Nyu-Meksiko ştatının senat sədri Meri Peypen ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə etmiş, Azərbaycanı yaxından tanımaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirmişdir.

Sonda qonaq Nyu-Meksiko ştatının senatının Xocalı faciəsi haqqında və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Dağlıq Qarabağın tanınmamış respublika olduğunu göstərən qətnamələrin surətlərini Milli Məclisin sədri Oqtay Əsədova təqdim etmişdir.

 

Azərbaycan.-2014.-  31 may.- S.2.