Gənclər siyasəti üzrə I qlobal forumun Bakıda

 keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi

 

Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil

 ölkənin qurulmasında fəal iştirak edir.

                İlham ƏLİYEV

 

Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə davamlı inkişaf edən ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında son on bir ildə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıtmışdır. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamızın dünyada nüfuzu artır. Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, "İnkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənməyə çalışırlar. Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.

Bakıda dünyanın 80-dən çox ölkəsindən 700-dən artıq nümayəndənin iştirak etdiyi Gənclər siyasəti üzrə I qlobal forumun keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirdi. Forumda Avropa Şurasının, UNESCO-nun, BMT-nin İnkişaf Proqramının nümayəndələri, BMT Baş katibinin gənclər siyasəti üzrə elçisiiştirak ediblər. BMT-nin Baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən forumun məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə görüləcək işlərin müəyyənləşdirilməsi, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyətli mövzuların müzakirə olunmasıdır. Xatırladaq ki, 1998-ci ildən bəri dünyada belə bir forum keçirilməyib. Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu forumun keçirilməsi mühüm mahiyyət daşıyır. I qlobal forumun keçirilməsi Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Şübhəsiz ki, forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumatlar verəcəklər.

Forum çərçivəsində 20-dən çox mövzu, o cümlədən təhsil, səhiyyə, ətraf mühit, gender bərabərliyi, hüquq problemləri müzakirə olunub. I qlobal forumun keçirilməsində əsas məqsəd gənclər siyasəti sahəsində təcrübə mübadiləsi aparmaqdır. Bakı forumu XXI əsrdə gənclərin ən genişmiqyaslı beynəlxalq tədbiridir. Qlobal forumda "Müasir gənclər siyasətinin əsas tərkib hissələri: "Ümumi məxrəclərin tədqiqatı" mövzusunda keçirilən iclas gənclərin üzləşdikləri problemlərin həlli yolları, cəmiyyətin ictimai-siyasi həyatında onların fəallıqlarının artırılması ilə bağlı məsələlərə həsr edilmişdir. Ümumilikdə 700-dək tanınmış siyasiictimai xadimin gənclərin üzləşdiyi problemləri paytaxtımızda müzakirə etmələri çox mühüm hadisə oldu.

Prezident İlham Əliyevin Gənclər siyasəti üzrə I qlobal forum iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir: "Sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mükəmməl infrastrukturun formalaşdırılması istiqamətində həyata keçirilən layihələr, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində qazanılmış zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan vermişdir. Əminəm ki, Gənclər siyasəti üzrə I qlobal forum da həmin tədbirlər sırasında layiqli yer tutacaq. Biz ilk forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə sahəsindəki təcrübəsinə verilən yüksək qiymət kimi dəyərləndiririk".

Prezident İlham Əliyev son 11 ildə gənclər siyasətini uğurla davam etdirmişdir. Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək məqsədilə ötən müddətdə dövlət proqramları qəbul edilmişmühüm tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin ölkədə aparilan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad diqqəti cəlb edir. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması deyilənləri bir daha təsdiqləyir. Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın böyük əhəmiyyəti var.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Təkcə bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliğis. məsələlər kifayət qədər aktualdır.

Bakıda Gənclər Mərkəzinin, regionlarda isə "Gənclər Evi"nin inşa edilməsi bu sahəyə olan diqqətin parlaq ifadəsidir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 2011-ci il aprelin 6-da Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Dövlət Proqramının əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.

Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Prezident İlham Əliyev Gənclər siyasəti üzrə I qlobal forumda çıxışı zamanı bildirib: "Gənclər siyasəti ilə bağlı ölkəmizdə keçirilən ilk qlobal forum bizim üçün çox vacib tədbirdir. Bu qədər çox ölkənin nümayəndələrini qəbul etməkdən böyük şərəf hissi duyuruq. Əminəm ki, ölkəmizdə keçirəcəyiniz vaxt sizin xatirənizdə qalacaq. Gənclər siyasəti ilə bağlı ilk forumun burada keçirilməsindən fərəh hissi duyuruq. Əlbəttə ki, gələcəkdə bir çox digər forumlar da keçiriləcək. Lakin bu forum tarixdə ilk forum kimi qalacaq. Biz qəbul edən ölkə kimi Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Bunu hökumətimizin idman və gənclər, fəal inkişaf siyasəti sahəsində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi qəbul edirik. Gənclər, idman, incəsənət bir-biri ilə bağlıdır. Ölkəmiz və hökumətimiz həyatımızın bu sahələrinə böyük əhəmiyyət verir".

Forumun Bakıda keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı Gənclər siyasəti üzrə I qlobal forumun iştirakçılarını da qəbul etdi. Dünyanın tanınmış siyasiictimai xadimlərinin bir araya gələrək gəncləri narahat edən məsələləri müzakirə etmək üçün mərkəz kimi Bakını seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb etmişdir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 31 oktyabr.- S.7.