Azərbaycan-Tacikistan əməkdaşlığı yeni

inkişaf mərhələsinə qədəm qoyub

 

Müasir dövrdə hər bir müstəqil dövlətin gücü və qüdrəti həm də onun xarici siyasət sahəsində qazandığı nailiyyətlərlə ölçülür. Yalnız sivil  dünyanın qəbul etdiyi meyarlara, beynəlxalq hüquq norma və prinsiplərinə istinad edən dövlətlər öz diplomatik mənafelərini layiqincə müdafiə edə bilir, həlledici uğurlara imza atırlar. Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rola malikdir. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının davamlı inkişafı və əhalinin rifahının təmin edilməsindən, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.

Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşanAvratlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Eyni zamanda, islam dünyasının bir hissəsi kimi Azərbaycan Respublikası bu mədəniyyətin irs və təfəkkürünü bölüşür. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra yaxın və uzaq ölkələrlə milli maraqlarına uyğun əməkdaşlıq əlaqələri qurmuşdur.

SSRİ-nin süqutundan sonra Azərbaycan bu coğrafi arealda yenicə müstəqillik qazanmış dövlətlərlə siyasiiqtisadi sahədə əməkdaşlığın gücləndirilməsinə böyük diqqət göstərməyə başladı. Tacikistan Respublikası ilə əməkdaşlıq da bu baxımdan xüsusi önəm kəsb etmişdir. İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulmuşdur. Azərbaycanın Tacikistanda səfirliyi 2007-ci ildə, adıçəkilən ölkənin Bakıda səfirliyi isə 2008-ci ildə açılmışdır. Ötən müddətdə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri əlaqələrin bütün sahələrdə dinamik inkişafına müsbət təsir göstərmişdir.

Azərbaycanla Tacikistan arasında mövcud çoxşaxəli əlaqələr bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Hər iki ölkənin mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir. Rəsmi Düşənbənin Azərbaycanla bütün sahələrdə  münasibətlərin daha da dərinləşdirilməsinin tərəfdarı kimi çıxış etməsi son illər ölkələrimiz arasında əlaqələrin ən müxtəlif səviyyələrdə inkişafına ciddi təkan vermişdir.

Prezident İlham Əliyevin dünyadakı mühüm geosiyasi reallıqlar fonunda bu günlərdə Tacikistana rəsmi səfər etməsi ölkəmizin müstəqil siyasət yeritdiyini nümayiş etdirməklə ikitərəfli münasibətlərin inkişafına ciddi təsir göstərəcək. Prezident İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında keçirilən görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Prezidentlərin geniş tərkibdə keçirilən görüşündə əməkdaşlığın ən müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulandı.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanma mərasimi keçirildi. Bu sırada "Azərbaycan Respublikası PrezidentininTacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsi", "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş"i misal göstərmək olar. İki ölkə arasında imzalanmış müxtəlif razılaşmalar əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə bildirib: "Bu gün imzalanan siyasi Bəyannamə bizim gələcək münasibətlərimizin bütün spektrini müəyyənləşdirir. Çox böyük əhəmiyyət kəsb edən bu siyasi sənəddə bizim prioritetlər, birgə gələcəyimiz barədə təsəvvürlərimiz əks olunub. Mən həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində prinsipial mövqeyinə görə Tacikistana təşəkkürümü bildirmək istərdim. Bizim indicə imzaladığımız Bəyannamədə qeyd edildiyi kimi, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməklə tənzimlənməlidir. Bu qətnamələrin qəbul edildiyi vaxtdan 20 ildən çox keçir, lakin təəssüf ki, onlar yerinə yetirilmir. Qətnamələrdə aydın deyilib ki, erməni işğalçı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Münaqişənin beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq surətdə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi bizim regionda sülhün təmin edilməsi üçün yeganə mümkün yoldur".

Rəsmi Düşənbə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Həmçinin Tacikistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupunun təsirli və qətiyyətli addımlar atmasının vacibliyini də önə çəkir.

Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün böyük imkanların olduğubundan daha səmərəli istifadə edilməsinin zəruriliyi dövlət başçılarının görüşündə bir daha müzakirə olundu. Tacikistanın yerləşdiyi regionda iqtisadi cəhətdən inkişaf etməsi, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Tacikistan Prezidenti Emoməli Rəhmon bildirib: "Bugünkü Azərbaycan beynəlxalq münasibətlərin mühüm subyektidir, Qafqaz regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir. Bunu Azərbaycanın, demək olar ki, dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı aparması və Avropanın bir sıra ölkələrində biznesə sərmayə yatırması təsdiq edir. Bundan əlavə, TRASECA hökumətlərarası komissiyanın daimi katibliyinin fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə nümayəndəliyinin açılması, eləcə də gələn il ölkənizdə "Ekobank"ın illik iclasının keçirilməsi beynəlxalq və regional əməkdaşlıq sistemində Azərbaycanın bir daha önəmli mövqeyinin göstəricisidir. Biz əsl dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu nailiyyətlərinə sevinirik. Fürsətdən istifadə edərək bəyan edirəm ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə, sülhün bərqərar olmasına, sabitlikregional əməkdaşlığa hədəflənmiş təşəbbüsləri daim dəstəkləyəcək".

Prezident İlham Əliyevin Tacikistana rəsmi səfərinin yekunları iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında uğurla inkişaf etdiyini təsdiqlədi. Tacikistan Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

 

 

Azərbaycan.-2014.-1 noyabr.- S.1.