Aqrar islahatların müasir mərhələsi: konseptual

 əsaslar və strateji prioritetlər

 

1 noyabr Kənd təsərrüfatı İçşiləri Günüdür

 

"İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda görülən işlər, aparılan islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq".

 

İlham ƏLİYEV

 

Aqrar islahatların Azərbaycan modeli: uğur tarixinin qısa icmalı

 

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ölkənin sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı həmişə önəmli yer tutmuşdur. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatının böhrandan çıxarılması və gələcək inkişafı üçün həlledici faktor olan yeni neft strategiyasının əsasında dayanan və bu yaxınlarda 20 illik yubileyi qeyd edilən "Əsrin müqaviləsi"nin imzalanmasından dərhal sonra ölkədə aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülməsinə başlanıldı. 1995-1996-cı illərdə zəruri hüquqi bazası yaradılmaqla 1996-1998-ci illərdə sistemli şəkildə və sürətlə həyata keçirilən aqrar islahatlar nəticəsində qısa müddət ərzində torpağın kəndlilərin şəxsi mülkiyyətinə verilməsi və aqrar sektorda bazar prinsiplərinin formalaşdırılması təmin edildi. Daha sonra - 1999-2000-ci illərdən etibarən aqrar sahədə formalaşmış özəl sektora bazar iqtisadiyyatı prinsiplərinə uyğun dövlət dəstəyi mexanizmlərinin yaradılmasına başlanıldı.

Ümummilli liderin müəllifi olduğu aqrar islahatların Azərbaycan modeli ilə bağlı beynəlxalq təşkilatların hesabatlarında əks olunan fikirləri belə qruplaşdırmaq olar: torpaq islahatı effektivlik və ədalətlilik prinsipləri uğurlu şəkildə əlaqələndirilməklə həyata keçirildi; bu islahatlar bazar münasibətlərinə sürətli keçid və sahənin davamlı inkişafı üçün möhkəm təməl yaratdı.

Azərbaycanda həyata keçirilən aqrar islahatlardan ötən 20 illik dövrdən sonra bu islahatların nəticələrini qiymətləndirmək indi asandır. Amma 20 il bundan öncə ulu öndər bu islahatların aparılması ilə bağlı öz siyasi iradəsini ortaya qoyan zaman dövlətin iqtisadi münasibətlərdə və mülkiyyət üzərində total şəkildə hakim olduğu bir sistemdən, azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan sistemə keçidlə bağlı nə təcrübə, nə də nəzəri-metodoloji əsaslar mövcud idi. Buna baxmayaraq, ümummilli liderin zəngin idarəçilik təcrübəsinə əsaslanan müdrik qərarı ilə həyata keçirilən aqrar islahatların ölkədə kənd təsərrüfatının dinamik inkişafı üçün möhkəm təməl yaratdığını zaman özü göstərdi. Məsələn, islahatların başladığı 1995-ci ildə taxıl istehsalı 921 min tondan  2013-cü ildə 2 milyon 955 min tona,  kartof istehsalı 155 min tondan 993 min tona, tərəvəz istehsalı 424 min tondan 1 milyon 236 min tona, bostan məhsulları 42 min tondan 430 min tona, ət istehsalı 109 min tondan 298 min tona, süd istehsalı 826 min tondan 1 milyon 820 min tona, yumurta istehsalı 455 milyon ədəddən 1 milyard 401 milyon ədədə çatdı.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatı sahəsinin də inkişafında yeni mərhələ başladı. Belə ki, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı yeni mexanizmlər tətbiq olundu. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı siyasəti çərçivəsində kənd yerlərində sosial infrastrukturun inkişafı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri şəbəkəsinin genişləndirilməsi, fermerlərin istehsal vasitələri ilə təminatının gücləndirilməsi məqsədilə "Aqrolizinq" ASC-nin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrə, yanacaq və toxumla təminatının yaxşılaşdırılması üçün  subsidiyaların verilməsi, meliorasiya-irriqasiya sistemlərinin köklü şəkildə yenidən qurulması tədbirlərini xüsusi qeyd etmək lazımdır.

Kənd təsərrüfatının inkişafı üçün son illər ayrılan dövlət büdcəsi vəsaitlərinin artım dinamikası bu tədbirlərin miqyası ilə bağlı əyani təsəvvür yaradır. Belə ki, meliorasiya-irriqasiya sisteminin yenidən qurulması, baytarlıq və fitosanitar xidmətlərinin göstərilməsi, elmi tədqiqatların aparılması, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi və digər məqsədlər üçün yönəldilən dövlət dəstəyinin həcmi 2007-ci ildə 328 milyon manatdan 2013-cü ildə 657 milyon manata qədər, o cümlədən, kənd təsərrüfatı istehsalçılarına birbaşa subsidiya formasında verilən dövlət büdcəsi vəsaitinin həcmi 66 milyon manatdan 110 milyon manata qədər artmışdır.

Məqsədli dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlər üzrə kənd təsərrüfatının inkişafı üçün göstərilən dövlət dəstəyi bu sahə üzrə müəyyən olunmuş hədəflərin də uğurla reallaşmasına əsas yaratmışdır. Hazırda ayrı-ayrı  kənd təsərrüfatı məhsullarının istehsal həcmi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda 2015-ci il üzrə müəyyən olunmuş hədəf göstəricilərinə uyğun səviyyədədir. Məsələn, artıq 2013-cü ildəki müvafiq istehsal göstəricilərinin 2015-ci il üzrə müəyyən edilmiş hədəf göstəricilərinə nisbəti ət istehsalı üzrə 87,6, süd və süd məhsulları istehsalı üzrə 75,8, kartof istehsalı üzrə 88,4, tərəvəz və bostan bitkilərinin istehsalı üzrə 96,5, meyvə istehsalı üzrə 106,7, yem bitkilərinin əkin sahəsi üzrə 79,3 faiz olmuşdur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxt ət və süd məhsulları ilə özünütəminat səviyyəsi təqribən 30-35 faiz təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi müvafiq olaraq 92 və 76 faizə qədər artmışdır. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya  malik idisə, hazırda hər il 50 min tondan çox təzə kartof ixrac edirik. Azərbaycanın ənənəvi olaraq ixrac etdiyi meyvə-tərəvəz məhsullarının ixrac həcmi də ilbəil artır.

Ümumiyyətlə, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatının, demək olar ki, bütün inkişaf göstəriciləri üzrə yüksək artım dinamikası müşahidə olunur. Məsələn, son 10 il ərzində dəyər ifadəsində ümumi kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4, o cümlədən, bitkiçilik məhsulları istehsalı 3, heyvandarlıq məhsulları istehsalı isə 3,8 dəfə artmışdır. Bu dövr ərzində kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşunun həcmi 15, sahə üzrə orta aylıq əməkhaqqı 9 dəfə artmışdır.

 

Aqrar islahatların yeni keyfiyyət dəyişikliklərini hədəfləyən müasir mərhələsi

 

Ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası Azərbaycanın qarşısına daha yüksək inkişaf məqsədlərinin qoyulması və bu məqsədlərdən irəli gələn vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsidir.

Azərbaycanın yeni inkişaf hədəflərinin reallaşdırılması məqsədilə kompleks islahatların aparılmasını nəzərdə tutan bu konsepsiyada kənd təsərrüfatının gələcək inkişaf istiqamətləri də əhatəli şəkildə öz əksini tapmışdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən olunmuş konseptual istiqamətlərin reallaşdırılması məqsədilə artıq Prezident tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-cü il tarixli sərəncam və "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-cü il tarixli fərman imzalanmışdır. Tarixi əhəmiyyətli bu siyasi qərarlarla aqrar sektorun inkişafının prioritet hədəflərinin yeni çağırışlar fonunda müəyyən edilməsi, aqrar sektorda institusional strukturun və idarəetmənin təkmilləşdirilməsi və innovativ dəyişikliklərə təkan verəcək digər tədbirlərin həyata keçirilməsinə göstəriş verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır.

Aqrar islahatların müasir mərhələsi ilə bağlı ölkə rəhbəri tərəfindən qəbul edilmiş siyasi qərarlara əsasən, bu islahatların kənd təsərrüfatı sahəsinin rəqabətqabiliyyətliyinin  yüksəldilməsini hədəfləyən aşağıdakı strateji prioritetlər üzrə aparılması nəzərdə tutulur:

- kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq istehsal vasitələri və xidmətlərlə təchizatının daha da gücləndirilməsi;

- kənd təsərrüfatı sahəsi üzrə bazar institutlarının və bazar infrastrukturunun inkişaf etdirilməsi hesabına istehsalçıların bazara çıxış imkanlarının daha da yaxşılaşdırılması;

- kənd təsərrüfatı istehsalı üzrə müasir dövrün tələblərinə uyğun struktur dəyişikliklərinin aparılması;

- kənd təsərrüfatının dövlət tənzimlənməsi üzrə institusional potensialın gücləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi.

Göründüyü kimi, müasir mərhələdə aqrar islahatların, iqtisadi ədəbiyyatlarda "rəqabətqabiliyyətliyin determinantları" adlandırılan faktorlar tam şəkildə nəzərə alınmaqla, sistemli şəkildə həyata keçirilməsi müəyyən edilmişdir. Təbii olaraq bu yanaşma bütövlükdə ölkə iqtisadiyyatının dünyanın yüksək rəqabətqabiliyyətliyə malik olan iqtisadiyyatları qrupuna yüksəldilməsi ilə bağlı müəyyən edilmiş strategiyaya əsaslanır.

 

İstehsalçıların müvafiq istehsal vasitələri və xidmətlərlə təchizatı güclənir

 

Kənd təsərrüfatı məhsulları istehsalçılarının  istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması istiqamətində "Aqrolizinq" ASC-nin fəaliyyəti cari ilin ilk 9 ayı ərzində daha da genişləndirilmişdir. Bu dövr ərzində "Aqrolizinq" ASC tərəfindən müasir aqrotexniki tələblərə cavab verən və əsasən Avropa istehsalı olan 2765 kənd təsərrüfatı texnikaları, o cümlədən 209 taxılyığan kombayn, 1074 traktor və 1482 digər kənd təsərrüfatı texnikaları kənd təsərrüfatı məhsullarının istehsalçıları olan 1587 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilmiş və ya lizinq qaydasında satılmışdır. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur. Əlavə olaraq Avropa istehsalı olan 200 kombaynın, eləcə də digər texnikaların alınması üçün istehsalçı şirkətlərlə yeni müqavilələr bağlanmışdır.

Fermerlərin müvafiq dövlət dəstəyi tədbirlərindən bəhrələnmək imkanlarını daha da genişləndirmək məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan gübrəyə görə verilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəlmiş və hər hektara büdcə vəsaiti hesabına verilən güzəştin yuxarı həddi  50 manatdan 80 manata çatdırılmışdır. Həmçinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş yeni qaydalara əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına "Aqrolizinq" ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan texnikaların dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında" 4 iyun 2014-cü il tarixli sərəncamı ilə bu sahəyə əlavə büdcə vəsaitinin ayrılması, habelə 2015-ci ilin dövlət büdcəsində "Aqrolizinq" ASC-nin fəaliyyəti üçün nəzərdə tutulan vəsaitin artımı hesabına ölkənin kənd təsərrüfatı texnikası parkının müasir maşın və avadanlıqlarla təchizi davam etdiriləcək.

Kənd təsərrüfatının texnika parkının gücləndirilməsi ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək kondisiyalı toxum və ting materialları ilə təminatının yaxşılaşdırılması da diqqət mərkəzindədir. Cari ilin 9 ayında məhsuldar toxum sortlarının yetişdirilməsi ilə məşğul olmaq məqsədilə yeni yaradılmış 71 toxumçuluq təsərrüfatı qeydiyyatdan keçmiş və şəhadətnamə almışdır. Bununla da mövcud toxumçuluq təsərrüfatlarının sayı 353-ə çatmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq istehsal vasitələri ilə təminatına dəstək vermək və onların təsərrüfat fəaliyyətini stimullaşdırmaq üçün  büdcə vəsaiti hesabına verilən müvafiq subsidiya tədbirləri də davam edir. Cari ildə 60 rayon üzrə 383,7 min kənd təsərrüfatı məhsulları istehsalçısına 1295,7 min hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 51,8 milyon manat yardım verilmişdir. Həmçinin 59,6 min kənd təsərrüfatı istehsalçısına 439,5 min hektar sahədə apardıqları əkinlərə görə 74,7 min ton gübrə almaq üçün sərf etdikləri  xərclərin dövlət tərəfindən bir hissəsinin kompensasiyası üçün 19,7 milyon manat vəsait ödənilmişdir. 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 503 min hektar sahədə aparılan buğda əkinlərinə görə isə 150 min nəfər istehsalçıya ümumilikdə 20,1 milyon manat həcmində dövlət yardımı verilmişdir.

Ölkədə kənd təsərrüfatının rəqabətqabiliyyətliyinin artırılması siyasətinin zəruri elementlərindən biri kimi heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirləri də kompleks şəkildə davam edir. Cari ilin ötən dövrü ərzində "Aqrolizinq" ASC tərəfindən 7106 baş cins damazlıq qara malın və 5200 baş davarın ölkəyə gətirilərək dəyərinin 50 faiz həcmində güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilməsi üçün müvafiq prosedurların icrası təmin olunmuşdur.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin davamlı şəkildə həyata keçirilməsi üçün süni mayalama işləri üzrə texniki bazanın gücləndirilməsi də mühüm əhəmiyyətə malikdir. Hazırda ölkənin 56 rayonunda 500 nəfərdən artıq süni mayalama texniki fəaliyyət göstərir.

Son illər ölkəmizdə irimiqyaslı heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq heyvanların idxal edilməsi nəticəsində süni mayalama işinə tələbat çoxalmış, kənd yerlərində bu sahəyə maraq daha da artmışdır. Buna uyğun olaraq, yerlərdə ixtisaslı süni mayalama mütəxəssislərinə olan ehtiyac da artmışdır. Qeyd olunanları nəzərə alaraq Göygöl rayonunda yerləşən Süni Mayalama Mərkəzinin müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində işlərə başlanılmışdır. Dövlət tərəfindən ayrılmış 1,5 milyon manat vəsait hesabına yeni yaradılacaq mərkəzin layihə-smeta sənədləri hazırlanmış, mərkəzin tikintisinə yer ayrılmış və peşəkar məsləhət üçün Fransadan mütəxəssislər dəvət olunmuşdur.

Heyvandarlığın cins tərkibinin başqa ölkələrdən gətirilən cins heyvanlar hesabına yaxşılaşdırılması tədbirləri ilə yanaşı, hazırda bu işin daha böyük miqyasda aparılması üçün ölkənin özündə müvafiq maddi-texniki və elmi bazanın gücləndirilməsi siyasətinə üstünlük verilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 6 iyun 2014-cü il sərəncamı ölkədəki heyvandarlıq təsərrüfatlarında cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması istiqamətində görülən işlərin davamlılığına və əhatə dairəsinin genişləndirilməsinə mühüm töhfədir.

 

Məhsul istehsalçılarının bazara çıxış imkanları yaxşılaşır

 

Aqrar islahatların müasir mərhələsində dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri də ölkədə kənd təsərrüfatı məhsulları bazarının daha da təkmilləşdirilməsi və bazar şərtlərinin fermerlər üçün daha əlverişli səviyyədə qərarlaşmasının təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə müəyyən edilmiş strateji prioritetlər aşağıdakılardan ibarətdir:

- Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkili; özəl tədarük-satış bazalarının, ticarət (treyder) şirkətlərinin, logistik mərkəzlərin, qablaşdırma və tara təsərrüfatının, kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına xidmət edən xüsusi nəqliyyat vasitələri, o cümlədən avtorefrijerator parkının yaradılmasının dövlət tərəfindən dəstəklənməsi; Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkəsinin yaradılmasının dəstəklənməsi;

 baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması üçün tədbirlərin görülməsi; kənd təsərrüfatı məhsullarının tədarükü və emalı sahəsində mövcud vəziyyət ətraflı şəkildə təhlil olunmaqla müşahidə edilən problemlərin aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsi;

kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirlərin və antiinhisar nəzarətinin gücləndirilməsi; kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə daxilində daşınması üçün əlverişli şəraitin yaradılması sahəsində aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsi; kənd təsərrüfatı və ərzaq məhsulları ixracının artırılması və bu sahədə prosedurların sadələşdirilməsi.

Göründüyü kimi, müvafiq strateji prioritetlər həm daxili bazar, həm də ixrac bazarları nəzərdə tutulmaqla müəyyən olunmuşdur. Eyni zamanda, kənd təsərrüfatı bazarının inkişaf etdirilməsi siyasəti çərçivəsində bir tərəfdən müvafiq infrastrukturun gücləndirilməsi, digər tərəfdən isə müvafiq institusional mexanizmlərin təkmilləşdirilməsi məsələləri kompleks şəkildə əhatə edilmişdir.

Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində "fermer mağazaları" da fəaliyyət göstərəcək "yaşıl market" kompleksinin layihələri razılaşdırılmış, tikintisi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir. Həmin obyektlər bu ilin sonunadək istifadəyə veriləcək. Bundan əlavə, kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlanılmışdır. Belə mərkəzlərin digər ölkələrdə də yaradılması istiqamətində tədbirlər davam edir.

Kənd təsərrüfatı məhsullarının satış infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin də yaradılmasına başlanılmışdır. Artıq paytaxt  ərazisində bu cür 3 satış mərkəzinin təşkili üçün yerlər müəyyən olunmuşdur. Onlardan birinin istifadəyə verilmək üçün hazırlığı başa çatmaq üzrədir, digər ikisinin isə tikilməsi üçün müvafiq layihələndirmə işləri aparılır.

Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması nəticəsində cari ilin 9 ayı ərzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz artmışdır.

 

Dövrün tələblərinə uyğun struktur dəyişiklikləri aparılır

 

Hər bir inkişaf mərhələsinə uyğun olaraq kənd təsərrüfatında struktur dəyişikliklərinin həyata keçirilməsi bu sahə üzrə rəqabətqabiliyyətliyin yüksəldilməsinin zəruri vasitələrindən biri kimi çıxış edir. Bu baxımdan hazırda Azərbaycanda kənd təsərrüfatı istehsalının həm sahəvi strukturunun, həm də institusional strukturunun yeni tələblərə uyğun olaraq optimallaşdırılması aqrar islahatların müasir mərhələsində əsas vəzifələrdən biridir.

Təsadüfi deyil ki, ölkə rəhbəri kənd təsərrüfatı məhsulları istehsalının hər bir rayon üzrə daha dərindən ixtisaslaşması və buna uyğun olaraq müvafiq layihələrin hazırlanması ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqların icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dünya təcrübəsində geniş istifadə edilən peşəkar tədqiqat metodları əsasında ölkənin bütün regionlarını əhatə edən qiymətləndirmənin aparılması üçün müvafiq işlərə başlanılmışdır. Hazırda elmi-tədqiqat institutlarının mütəxəssisləri tərəfindən hər bir bölgə üzrə ənənəvi olaraq yetişdirilən bitki və heyvan sortları haqqında məlumatlar sistemləşdirilir. Bunun əsasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan istehsalçıları, habelə emal sənayesi müəssisələrini, kənd təsərrüfatı məhsulları üzrə ticarətçiləri və müvafiq daşıma şirkətlərinin nümayəndələrini əhatə etməklə müvafiq tədqiqatlar aparılacaq. Bu tədqiqatlar əsasında hər bir bölgənin təbii-iqlim şərtləri nəzərə alınmaqla müvafiq bitkiçilik və heyvandarlıq məhsullarının iqtisadi səmərəliliyi köklü şəkildə müəyyən olunacaq. Hər bir bölgə üzrə ixtisaslaşma istiqamətləri müəyyən edildikdən sonra müvafiq dövlət dəstəyi tədbirləri və digər stimullaşdırma mexanizmləri hesabına kənd təsərrüfatı istehsalının sahəvi strukturunun optimallaşdırılmasına nail olunacaq.

Kənd təsərrüfatı istehsalının institusional strukturunun təkmilləşdirilməsi istiqamətində praktiki tədbirlərin icrasına da başlanılmışdır. Məlum olduğu kimi, ölkədə kənd təsərrüfatı sahəsinin rəqabətqabiliyyətliyinin yüksəldilməsinə mane olan problemlər sırasında kiçik torpaq sahibliyi və kiçik təsərrüfatlar məsələsi xüsusi təsirə malikdir. Hazırda bir təsərrüfata düşən torpaq sahəsinin orta ölçüsü təqribən 3,6 ha, mal-qaranın sayı isə təqribən 2,3 baş təşkil edir. Kiçik təsərrüfatların təşkilatlanma səviyyələrinin çox aşağı olması onların istər resurslara olan tələbatlarının ödənilməsində, istərsə də bazara çıxış məsələsində çətinliklər yaradır. Kiçik təsərrüfatlarda təşkilatlanmanın zəif olması onların bu sahənin inkişafı ilə bağlı siyasətin formalaşmasında zəif iştirak etmələrinə və dövlətin kənd təsərrüfatı sahəsində stimullaşdırma tədbirlərinin səmərəliliyinin də azalmasına səbəb olur. Məhz buna görə dövlət başçısının tapşırığı ilə kəndli-fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi hazırlanaraq hökumətin müzakirəsinə təqdim edilmişdir. Müvafiq qanun layihəsinin müzakirələrə təqdim olunduğu bir vaxtda, birbaşa dövlət dəstəyi ilə artıq taxılçılıq və heyvandarlıq sahəsində iri təsərrüfatların yaradılması prosesinə də başlanılmışdır.

Hazırda Azərbaycanda Avropa ölkələrində olduğu kimi, qabaqcıl aqrotexniki metodları tətbiq etmək və iri taxılçılıq təsərrüfatları yaratmaqla məhsuldarlığın yüksəldilməsi hesabına taxıl istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Hazırda 12 rayonun ərazisində ümumilikdə 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və zəruri infrastrukturla təmin olunması istiqamətində işlər davam etdirilir. Həmçinin təbii otlaq sahələrinin məhdudluğu nəzərə alınaraq birbaşa dövlət dəstəyi hesabına məhsuldar cinslər əsasında həm iri heyvandarlıq komplekslərinin, həm də süd istehsalı ilə məşğul olan ailə təsərrüfatlarının yaradılmasına başlanılmışdır.

XXI əsrin əvvəllərindən başlayaraq aqroərzaq məhsulları istehsalı sistemində tətbiq edilən yeni biznes texnologiyalarından biri kimi çıxış edən aqroparkların ölkəmizdə yaradılması aqrar islahatların müasir mərhələsində müəyyən edilən vəzifələrdəndir. Belə ki, qlobal səviyyədə yüksək sürətlə gedən urbanizasiya prosesi nəticəsində şəhər əhalisinin ərzaq məhsulları üzrə istehlak göstəricisinin həcmi böyük miqyasda, həm də müvafiq keyfiyyət tələblərinin yüksəlməsi şərtilə artır. Bu isə ənənəvi kənd təsərrüfatı istehsalı modelinin "şəhər tələbatına yönəlik kənd təsərrüfatı" yanaşması ilə əvəzlənməsini şərtləndirmiş, yəni aqroparkların yaradılmasını zəruri etmişdir. Hazırda ölkənin müxtəlif bölgələrində aqroparkların yaradılması ilə bağlı müvafiq texniki-iqtisadi əsaslandırma işləri aparılır.

 

Dövlət tənzimlənməsi üzrə potensial gücləndirilir və idarəetmə təkmilləşdirilir

 

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması üçün səmərəli dövlət tənzimlənməsi əsas şərtlərdən biri kimi müəyyən olunmuşdur. Bu baxımdan, aqrar islahatların müasir mərhələsində kənd təsərrüfatı üzrə dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlər nəzərdə tutulmuşdur. Dövlət başçısı  tərəfindən imzalanan "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-cü il tarixli fərman bu sahədə bir sıra tarixi əhəmiyyətli qərarların verilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

İlk növbədə rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığının qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılmasına başlanılmışdır.

"Biliklərə əsaslanan cəmiyyət" kimi adlanan müasir inkişaf mərhələsində, hər hansı bir sahənin rəqabət qabiliyyətinin təmin olunması, şübhəsiz ki, elm və təhsillə bağlıdır. Bu baxımdan ölkə rəhbəri aqrar elm və təhsil sisteminin inkişafını aqrar islahatların müasir mərhələsində prioritet vəzifə kimi müəyyən etmişdir.  Buna uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun optimallaşdırılmasına dair təkliflər və bütövlükdə aqrar elmin inkişafı konsepsiyası layihəsi nazirlik tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Eyni zamanda, aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılması və aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər də hazırlanaraq müvafiq qurumların müzakirəsinə təqdim olunmuşdur.

Kənd təsərrüfatı və ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin institusional baxımdan təkmilləşdirilməsi aqrar sahənin rəqabətqabiliyyətliyinin yüksəldilməsinin vacib şərtlərindən biridir. Buna uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə onların yenidən qurulması  həyata keçirilir. Hazırda Respublika Baytarlıq Laboratoriyası, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Dövlət Toxum Müfəttişliyinin, habelə elmi-tədqiqat institutlarının nəzdində fəaliyyət göstərən laboratoriyaların və Aqrokimya laboratoriyasının modernləşdirilməsi və yeni avadanlıqlarla təchizatı işləri aparılır.

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri çərçivəsində aparılan geniş əhatəli təhlil və qiymətləndirmələr nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi ilə bağlı ehtiyaclar müəyyən olunmuş və bununla bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Prezidentin 3 oktyabr 2014-cü il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətinin yaradılması, nazirliyin institusional potensialının gücləndirilməsi və funksiyalarının effektiv şəkildə icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Dövlət Xidmətinin yaradılması kənd təsərrüfatı sahəsində həyata keçirilən inkişaf layihələrinin səmərəli  şəkildə idarəetməyə, o cümlədən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara bilik və vərdişlərinin artırılması üçün nazirlik tərəfindən göstərilən informasiya və məsləhət xidmətlərini genişləndirməyə imkan verəcək.

 

Dövlət yardımları və idarəetmədə şəffaflıq artırılır

 

Prezidentin kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaların verilməsində şəffaflığın təmin edilməsilə bağlı verdiyi tapşırığın icrasına uyğun olaraq istehsalçılara dövlət büdcəsi vəsaiti hesabına yardımların verilməsi mexanizminin təkmilləşdirilməsi, bu sahədə səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi istiqamətində nazirlik tərəfindən kompleks tədbirlər həyata keçirilir.

İdarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, "Elektron kənd təsərrüfatı" sisteminin yaradılması istiqamətində qısa müddət ərzində genişmiqyaslı işlər görülmüşdür. Beynəlxalq ekspertləri cəlb etməklə bu istiqamətdə zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilmiş, texniki şərtlər hazırlanmışdır. Bunun əsasında hazırda Avropa təcrübəsinə uyğun "İnteqrasiya olunmuş nəzarət sistemi"nin (IACS) prinsiplərinə əsaslanan və 3 alt-moduldan ibarət olan "Elektron kənd təsərrüfatı" sisteminin tətbiqi üçün praktiki fəaliyyətə başlanılmışdır. Qeyd edək ki, bu sistem torpaqların və fermerlərin reyestri, habelə heyvanların identifikasiyası komponentləri də daxil olmaqla, kənd təsərrüfatı sahəsi üzrə real və dürüst məlumatların əldə edilməsinə imkan verəcək. Artıq "Elektron kənd təsərrüfatının subsidiya və siyasətə dair informasiya sistemi" modulunun yaradılması xidmətlərinin satınalınması məqsədilə tender prosedurları həyata keçirilir.

"Aqrolizinq" ASC tərəfindən aparılan bütün əməliyyatların elektron-uçot sisteminə keçirilməsi başa çatdırılmış, o cümlədən güzəşt tətbiq ediləcək texnikalarla bağlı xüsusi proqram təminatı hazırlanmış və elektron məlumat bazası yaradılmışdır. Həmçinin Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən 3 xidmət elektron xidmətlərin siyahısına daxil edilmişdir. Hazırda Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti, süni mayalama işləri və toxumçuluğa dövlət dəstəyi üzrə informasiya bazalarının elektron uçot sisteminə keçirilməsi işləri, habelə "Elektron kənd təsərrüfatı" sisteminin digər modullarının tətbiqi üzrə tədbirlər davam edir.

Bütün bunlardan əlavə, aqrar islahatların müasir mərhələsində müəyyən olunmuş strateji prioritetlərin sistemli şəkildə icrası üçün Prezidentin tapşırıqları və müasir qlobal çağırışlar nəzərə alınmaqla beynəlxalq ekspertlərin təklif etdiyi metod əsasında aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsi hazırlanmışdır. Əksər beynəlxalq təşkilatların ekspertləri ilə müzakirə olunaraq, müvafiq təkliflər əsasında təkmilləşdirilmiş bu layihə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmişdir.

Əminliklə deyə bilərik ki, bu strategiyanın qəbul edilməsi və həyata keçirilməsi ümummilli liderin müəllifi olduğu Azərbaycanın aqrar inkişaf modelində yeni mərhələnin başlanğıcı üçün əsas yaradacaq.

 

Heydər ƏSƏDOV,

kənd təsərrüfatı naziri

Azərbaycan.-2014.- 1 noyabr.-  S.3.