Naxçıvan poeziya nümunələri fransız dilində

 

Bu günlərdə ədəbi aləmdəki yenilikləri özündə əks etdirən daha bir toplu  - "Naxçıvanın şeir çələngi" antologiyası  işıq üzü görüb. Elmi və ədəbi ictimaiyyət arasında  tərçüməçi-şair  və ədəbiyyatşünas kimi tanınan Şamil Zamanın "Elm və təhsil" nəşriyyatında çapdan buraxılan nəşrinin özəlliyi ondadır ki, Azərbaycanın bir parçası olan qədim Naxçıvan torpağında dünyaya göz açmış şairlərin   poetik nümunələri ilk dəfə olaraq Azərbaycan və fransız dillərində verilir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin ön sözü ilə açılan antologiyada ayrı-ayrı müəlliflərin şeirləri tərcümə üçün seçilərkən mövzunun rəngarəngliyinə, janr müxtəlifliyinə xüsusu diqqət yetirilib: "Burada romantik düşüncələri əhatə edən vətənpərvərlik, didaktika və məhəbbət mövzularında yazılan seçilmiş şeirlər öz əksini tapmışdır. Təqdim olunan şeirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğullarımızın göstərdikləri mərdlik və şücaəti oxuculara çatdırır. Kitabdakı romantik üslubda yazılmış şeirlərdə poetik cazibədarlıq, daha böyük gələcəyə inam, səmimi məhəbbət duyğularının  tərənnümü əsas yer tutur. Didaktik şeirlərdə bədii ümumiləşdirmələrə üstünlük verilmişdir. Bütün bunlara görə fransız dilində nəşr olunan antologiya Azərbaycan şeirinin Naxçıvan məktəbindəki forma və məzmun zənginliklərini uğurla nümayiş etdirir".

Yeni nəşrdə Heyran xanımın  qəm-kədər notlu fəryad və şikayətnamələri (rübailəri) ilə yanaşı, xalq şairi Məmməd Arazın "Ayağa dur, Azərbaycan", Kəmaləddin Qədimin "Çeçen ölümü", İbrahim Yusifoğlunun "Xocalım, hey", Zeynal Vəfanın "Gəl, qovuşaq", "Özəlləşmə" rübailərindən nümunələr, Vaqif Məmmədovun "Sədərək harayı" və s. kimi şeirləri ilə Azərbaycanın müstəqillik yolundakı mübarizə diqqət mərkəzinə çəkilir.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 1 noyabr.-  S.6.