“Bakı Beynəlxalq Caz Festivalı – 2014” başa çatıb

 

“Bakı Beynəlxalq Caz Festivalı – 2014” başa çatıb.

AzərTAc xəbər verir ki, festival çərçivəsində sonuncu konserti Bakı Caz Mərkəzində Arslan Növrəsli və qrupu təqdim edib.

Arslan Növrəsli tarda muğam ilə cazın sintezini edən, eyni zamanda tarda caz kompozisiyaları, klassik ənənəvi caz üslublu əsərlər, ənənəvi pop janrlı nümunələr ifa edən ilk tar ifaçısıdır.

Konsertdən əvvəl müsahibə verən Arslan Növrəsli Bülbül adına orta ixtisas musiqi məktəbini və Azərbaycan Milli Konservatoriyasını bitirdiyini söyləyib. Bildirib ki, hazırda Milli Konservatoriyanın müəllimidir. İfa etdiyi musiqidə bütün janrlardan istifadə etməyə çalışır.

A.Növrəsli konsertdə 6 kompozisiya təqdim edib. Onların sırasında Mayls DeyvisinSolar”, Şahin Növrəslinin “Əlində sazın qurbanı”, Dizzy GillespiFrank Paparellinin: “A night in Tunisia”, Rafiq BabayevinFreska” musiqiləri yer alıb. Tar ifaçısı, həmçinin özününBlues” əsəri və “Dədə Qorqud” bədii filmindən “Yallı” musiqisi əsasında improvizasiyasını təqdim edib. Bütün bu kompozisiyalar ilk dəfə səslənib.

The first time in jazz” adlı konsertdə Arslan Növrəslini (tar), Etibar Əsədov (piano), Ruslan Hüseynov (bass), Elvin Bəşirov (zərb) və Xalid Babayev (bonq) müşayiət edib. Yeni formada - tarda ilk dəfə sırf caz janrında ifa olunan kompozisiyalar musiqisevərlərə xoş anlar bəxş edib.

Bununla da Bakıda keçirilən daha bir Beynəlxalq Caz Festivalı tarixə qovuşub.

Qeyd edək ki, “Bakı Beynəlxalq Caz Festivalı – 2014” Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

 

Azərbaycan.-2014.- 1 noyabr.- S. 8.