“İrəli” İctimai Birliyinin Göygöl rayonunda yeni layihəsi uğurla davam edir

 

“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birlikdə oktyabrın 31-də Göygöl şəhərində həyata keçirməyə başladığı “Mənim gənclər təşkilatım” adlı yeni layihənin icrasını davam etdirir.

AzərTAc xəbər verir ki, dörd gün davam edəcək layihə çərçivəsində keçiriləcək təlimlərdə gənclər təşkilatlarının fəaliyyət göstərmədiyi 7 şəhər və rayondan - Şəmkir, Göygöl, Balakən, Yevlax, Tərtər, Qəbələ və Sabirabaddan əllidən çox gənc iştirak edir.

Təqdimat mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihə çərçivəsində yeni təlim modullarının yaradılmasının planlaşdırıldığını bildirdi. Qeyd edildi ki, ictimai birliklərin formalaşdırılmış 7 katibliyi üzrə keçiləcək xüsusi təlimlərdə PR, HR modulları, gənclər təşkilatlarının işləmə mexanizmi, idarə edilməsi, ictimai əlaqələrin qurulması və s. öyrədiləcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə sektorunun müdiri Vüsal Quliyev çıxışında ölkəmizdə milli mənəvi dəyərlərin təbliğində, gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin artırılmasında dövlət səviyyəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, layihə çərçivəsində gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün lazım olan katibliklərdən ibarət komandalar formalaşacaq. Düşərgə formatında keçirilməsi nəzərdə tutulan layihənin icrasında əsas məqsəd həmin şəhər və rayonların gənclərini təşkilatın yaradılması, strukturu, işləmə mexanizmi, idarə olunması sahəsində maarifləndirmək, onların cəmiyyətdə fəallığını artırmaqdır.

Daha sonra tədbirdə Gənclər Fondunun məsul işçisi Orxan Ərəbov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyevin daha da inkişaf etdirdiyi gənclər siyasətinin uğurlarından danışıblar.

Tədbirin ikinci günü keçirilən təlimlərdə gənclər müzakirə olunan mövzular ətrafında diskussiyalara qatılıb, onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, “Mənim gənclər təşkilatım” layihəsi dövlət gənclər siyasətinin həyata keçirilməsi işinə layiqli töhfə verəcək, onları cəmiyyət həyatının müxtəlif sahələrində daha fəal olmağa səfərbər edəcək.

Layihə çərçivəsində növbəti tədbir noyabrın 2-də “Komanda quruculuğumövzusunda keçiriləcək.

 

Azərbaycan. - 2014.- 2 noyabr.- S.4.