Azərbaycan ilə Macarıstanın mədəniyyət

 sahəsində də möhkəm əlaqələri var

 

Noyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton ilə görüşü olub.

AzərTAc xəbər verir ki, Peter Siyarton qonaqpərvərliyə görə nazir Əbülfəs Qarayevə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan ilə Macarıstanı bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində möhkəm əlaqələr birləşdirir.

Görüş zamanı Əbülfəs Qarayev Azərbaycanda təşkil olunmuş beynəlxalq mədəniyyət tədbirlərindən – forumlardan, konfranslardan, festivallardan, sərgilərdən və başqa tədbirlərdən bəhs edib. Ə.Qarayev xüsusi vurğulayıb ki, noyabrın 5-6-da Azərbaycanda III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda dünyanın hər yerindən tanınmış teatr kollektivlərinin nümayəndələri, mütəxəssislər, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

P.Siyarton Macarıstan mədəniyyət müəssisələrinin fəaliyyəti barədə məlumat verib və əmin olduğunu bildirib ki, bu sahədə iki ölkə arasında əməkdaşlıq daha da genişlənəcəkdir.

 

Azərbaycan.-2014.- 4 noyabr.-  S.2.